← Genesis (14/50) → |
1. | Bu zaman Şinar padşahı Amrafel, Ellasar padşahı Aryok, Elam padşahı Kedorlaomer və Qoyim padşahı Tidal |
2. | Sodom padşahı Beraya, Homorra padşahı Birşaya, Adma padşahı Şinava, Sevoyim padşahı Şemeverə, Bela, yəni Soar padşahına qarşı müharibəyə başladı. |
3. | Bu son beş padşah indi Duz dənizi adlanan Siddim vadisində öz qoşunlarını birləşdirdi. |
4. | Onlar on iki il Kedorlaomerin əsarəti altında qalmış, on üçüncü il isə üsyan etmişdilər. |
5. | On dördüncü il Kedorlaomer və onunla birgə olan padşahlar gəlib Aşterot-Qarnayimdə Rafalıları, Hamda Zuzluları, Şave-Qiryatayimdə Emliləri, |
6. | çöl kənarındakı El-Parana qədər uzanan Seir dağlarında Xorluları qırdılar. |
7. | Sonra geri qayıdıb En-Mişpata, yəni Qadeşə getdilər. Bütün Amaleq torpağının əhalisini və Xaseson-Tamarda yaşayan Emorluları qırdılar. |
8. | Sodom padşahı, Homorra padşahı, Adma padşahı, Sevoyim padşahı, Bela, yəni Soar padşahı Siddim vadisinə gəlib, |
9. | Elam padşahı Kedorlaomerlə, Qoyim padşahı Tidalla, Şinar padşahı Amrafellə, Ellasar padşahı Aryokla döyüşə girdilər: dörd padşah beş padşaha qarşı idi. |
10. | Siddim vadisində qatranla dolu çoxlu çuxur var idi. Sodom və Homorra padşahları döyüşdən qaçanda oraya yıxıldılar, sağ qalanlar isə dağlara qaçdılar. |
11. | Qaliblər Sodom və Homorranın bütün əmlakını və azuqəsini götürüb getdilər. |
12. | İbramın qardaşı oğlu Lutu və onun əmlakını özləri ilə apardılar, çünki o da Sodomda yaşayırdı. |
13. | Döyüşdən sağ qurtaran bir nəfər gəlib İbrani İbrama bunu xəbər verdi. O, Eşkolun və Anerin qardaşı Emorlu Mamrenin palıdının yanında yaşayırdı. Onlar İbramın müttəfiqləri idi. |
14. | İbram qohumu Lutun əsir alındığını eşidəndə evində doğulmuş, döyüş təlimi keçmiş üç yüz on səkkiz nökərini götürüb düşmənləri Dana qədər təqib etdi. |
15. | Özü və nökərləri gecə vaxtı dəstələrə bölünüb, onları qırdılar və sağ qalanları Dəməşqin şimal tərəfində olan Xovaya qədər təqib etdilər. |
16. | İbram qarət olunmuş bütün əmlakı, qardaşı oğlu Lutu və onun əmlakını, həmçinin qadınları və xalqı geri qaytardı. |
17. | İbram Kedorlaomer və onunla olan padşahları məğlub edib qayıdanda Sodom padşahı «Padşah vadisi» adlanan Şave vadisində onun pişvazına çıxdı. |
18. | Onda Salem padşahı Melkisedeq çörək və şərab gətirdi. O, Allah-Taalanın kahini idi. |
19. | Melkisedeq İbrama xeyir-dua verib dedi: «Göy və yeri yaradan Allah-Taala İbrama xeyir-dua versin. |
20. | Düşmənlərini sənə təslim edən Allah-Taalaya alqış olsun». İbram bütün qənimətin onda birini Melkisedeqə verdi. |
21. | Sodom padşahı İbrama dedi: «Adamlarımı mənə ver, əmlak isə sənə qalsın». |
22. | Ancaq İbram Sodom padşahına dedi: «Göy və yeri yaradan Allah-Taala Rəbbin dərgahına and üçün əlimi qaldırıram ki, |
23. | sənin nə bir ipini, nə də bir çarıq bağını götürürəm, ta deməyəsən ki, mən İbramı varlandırdım. |
24. | Nökərlərin yediklərindən başqa, hər şey sənin olsun. Üstəlik mənimlə gedən adamlar – Aner, Eşkol və Mamre öz paylarını götürsün». |
← Genesis (14/50) → |