| ← Genesis (13/50) → |
| 1. | İbram arvadı və sahib olduğu bütün şeylərlə birgə Misirdən çıxıb Negev torpağına getdi. Lut da onunla idi. |
| 2. | İbram çox varlandı: onun çoxlu sürüsü və qızıl-gümüşü oldu. |
| 3. | Negevdən çıxıb bir yerdən o biri yerə keçərək Bet-Elə qədər – Bet-Ellə Ay şəhəri arasında əvvəllər çadır qurduğu yerə getdi. |
| 4. | İbram o vaxt düzəltdiyi qurbangahın yanına çatdı və orada Rəbbə sitayiş etdi. |
| 5. | İbramla birlikdə olan Lutun da qoyun-keçisi, mal-qarası və çadırları var idi. |
| 6. | Birlikdə yaşamaq üçün yer onlara darlıq edirdi, çünki onların malı çox idi və birgə qala bilməzdilər. |
| 7. | İbramın sürülərinin çobanları ilə Lutun sürülərinin çobanları arasında mübahisə düşdü. O vaxt bu torpaqda Kənanlılar və Perizlilər yaşayırdı. |
| 8. | İbram Luta dedi: «Qoy mənimlə sənin və çobanlarımla çobanların arasında mübahisə olmasın, çünki biz qohumuq. |
| 9. | Bütün torpaqlar gözünün önündə deyilmi? Gəl ayrılaq. Əgər sən sola getsən, mən sağa gedəcəyəm, sən sağa getsən, mən sola gedəcəyəm». |
| 10. | Lut başını qaldırıb İordan çayının kənarındakı düzənliyi gördü. O vaxt bu yer Misir torpağı kimi bütünlüklə Soara qədər suvarılırdı və Rəbbin bağı kimi idi. Rəbb hələ Sodom və Homorranı məhv etməmişdi. |
| 11. | Lut özünə İordan çayının kənarındakı düzənliyi seçdi. O, şərqə tərəf hərəkət etdi. Beləcə onlar bir-birindən ayrıldı. |
| 12. | İbram Kənan torpağında qaldı, Lut isə düzənlikdəki şəhərlərdə yaşamağa başladı və Sodoma qədər öz çadırlarını qurdu. |
| 13. | Sodomun əhalisi çox pozğun idi və Rəbbə qarşı çoxlu günah edirdi. |
| 14. | Lut İbramdan ayrıldıqdan sonra Rəbb İbrama dedi: «Başını qaldırıb dayandığın yerdən şimala, cənuba, şərqə və qərbə tərəf bax. |
| 15. | Gördüyün bütün torpaqları əbədi olaraq sənə və nəslinə verəcəyəm. |
| 16. | Nəslini yerin tozu qədər çoxaldacağam. Əgər bir nəfər yerin tozunu saya bilərsə, sənin nəslini də saya bilər. |
| 17. | Qalx bu torpağı uzununa və eninə dolaş, çünki Mən onu sənə verirəm». |
| 18. | İbram çadırını götürdü və gəlib Xevronda olan Mamre palıdının yanında məskən saldı. O burada Rəbbə bir qurbangah düzəltdi. |
| ← Genesis (13/50) → |