← Genesis (12/50) → |
1. | Rəbb İbrama dedi: «Öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get. |
2. | Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua verəcəyəm, adını ucaldacağam və bərəkət qaynağı olacaqsan. |
3. | Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq». |
4. | İbram Rəbbin ona söylədiyi kimi oradan çıxdı. Lut da onunla birgə getdi. Xarandan çıxdığı vaxt İbram yetmiş beş yaşında idi. |
5. | İbram arvadı Sarayı, qardaşı oğlu Lutu, Xaranda əldə etdikləri bütün əmlakı və özünün bütün nökərlərini götürüb Kənan torpağına tərəf yola düşdü. Onlar Kənan torpağına gəldilər. |
6. | İbram oranı dolaşıb, Şekem deyilən yerdəki More palıdının yanına çatdı. O vaxt bu torpaqda Kənanlılar yaşayırdı. |
7. | Rəbb İbrama görünüb dedi: «Bu torpağı sənin nəslindən olana verəcəyəm». İbram ona görünən Rəbbə orada bir qurbangah düzəltdi. |
8. | Buradan Bet-Elin şərqində yerləşən dağlıq yerə tərəf yola düşdü və burada çadır qurdu. Çadırdan qərbdə Bet-El, şərqdə isə Ay şəhəri idi. İbram orada da Rəbbə bir qurbangah qurdu və Rəbbə sitayiş etdi. |
9. | İbram tədricən cənuba doğru hərəkət edirdi. |
10. | Bu torpaqda aclıq başlandı. İbram müvəqqəti qalmaq üçün Misirə getdi, çünki ölkədə böyük aclıq hökm sürürdü. |
11. | O, Misirə yaxınlaşanda arvadı Saraya dedi: «Bax mən bilirəm ki, sən gözəl qadınsan. |
12. | Misirlilər səni görüb deyəcəklər: “Bu onun arvadıdır”. Onda məni öldürəcəklər, səni isə sağ buraxacaqlar. |
13. | Bəlkə sən deyəsən ki, mənim bacımsan, onda sənin xatirinə mənimlə yaxşı rəftar edərlər və mən də sağ qalaram». |
14. | İbram Misirə gəlib çatanda Misirlilər onun arvadının çox gözəl olduğunu gördülər. |
15. | Fironun əyanları da qadını gördülər və onu firona təriflədilər. Qadın fironun sarayına aparıldı. |
16. | Onun xatirinə firon İbramla da yaxşı rəftar etdi: İbram qoyun-keçi, mal-qara, erkək və dişi eşşəklər, qullar, qarabaşlar və dəvələr sahibi oldu. |
17. | Ancaq Rəbb İbramın arvadı Saraydan ötrü fironun və onun ev adamlarının başına böyük fəlakətlər gətirdi. |
18. | Firon İbramı çağırıb dedi: «Bu nə işdir, mənim başıma gətirdin? Bu qadının sənin arvadın olduğunu niyə mənə bildirmədin? |
19. | Nə üçün “bu mənim bacımdır” dedin ki, mən də onu özümə arvad olmaq üçün aldım? İndi isə arvadını da götür get». |
20. | Firon adamlara onlar barədə əmr verdi və İbramla arvadını sahib olduğu bütün şeylərlə birgə yola saldılar. |
← Genesis (12/50) → |