← Galatians (6/6) |
1. | Qardaşlar, əgər bir adam bir təqsir üstündə tutulsa, siz ruhanilər onu həlimlik ruhu ilə bərpa edin. Sən də sınağa düşməmək üçün özünə fikir ver. |
2. | Bir-birinizin yüklərini daşıyın və bu yolla Məsihin qanununu icra edin. |
3. | Çünki əgər kimsə heç olduğu halda özünü əhəmiyyətli sanırsa, öz-özünü aldadır. |
4. | Qoy hər kəs öz əməlini yoxlasın və onda başqasının etdikləri ilə deyil, yalnız öz etdikləri ilə fəxr edəcək. |
5. | Çünki hər kəs öz üzərinə düşən yükü daşımalıdır. |
6. | Kəlam haqqında təlim alan, təlim verənlə hər cür neməti bölüşdürsün. |
7. | Aldanmayın: Allaha istehza edilməz. Çünki insan nəyi əkərsə, onu da biçəcək. |
8. | Öz cismani təbiəti üçün əkən, bu təbiətdən məhv biçəcək. Ruh üçün əkənsə Ruhdan əbədi həyat biçəcək. |
9. | Yaxşılıq edərkən ruhdan düşməyək. Çünki əgər həvəsdən düşməsək, vaxtında biçərik. |
10. | Buna görə də nə qədər fürsətimiz varsa, hamı üçün, xüsusən imanlılar ailəsi üçün yaxşı işlər görək. |
11. | Baxın, sizə öz əlimlə necə böyük hərflərlə yazdım! |
12. | Zahirən və cismən yaxşı təsir buraxmaq istəyənlər yalnız Məsihin çarmıxı üzündən təqib olunmamaq üçün sizi sünnət olunmağa məcbur edirlər. |
13. | Axı sünnət olunanların özləri də Qanuna riayət etmirlər. Lakin sizin sünnət olunmanızı istəyirlər ki, sizin cisminizlə öyünsünlər. |
14. | Mənsə Rəbbimiz İsa Məsihin çarmıxından başqa şeylə əsla öyünmərəm. Bunun vasitəsilə dünya mənim üçün çarmıxa çəkildi, mən də dünya üçün çarmıxa çəkildim. |
15. | Çünki əhəmiyyət kəsb edən sünnətlilik yaxud sünnətsizlik deyil, yeni yaradılışdır. |
16. | Nə qədər bu qaydaya riayət edənlər varsa, onların üzərinə, Allahın İsraili üzərinə sülh və mərhəmət gəlsin. |
17. | Bundan sonra qoy heç kim mənə əziyyət verməsin. Çünki mən İsanın yara izlərini bədənimdə daşıyıram. |
18. | Qardaşlar, Rəbbimiz İsa Məsihin lütfü ruhunuza yar olsun! Amin. |
← Galatians (6/6) |