← Galatians (4/6) → |
1. | Mən bunu deyirəm: varis hər şeyin sahibi olsa da, uşaqlıq vaxtında kölədən fərqlənmir. |
2. | O, atasının təyin etdiyi vaxta qədər qəyyumların və idarəçilərin nəzarəti altındadır. |
3. | Bunun kimi biz də ruhani tərəfdən uşaq ikən dünyanın ibtidai təlimlərinə kölə idik. |
4. | Lakin vaxt tamam olanda Allah qadından, Qanun altında doğulan Öz Oğlunu göndərdi ki, |
5. | Qanun altında olanları satın alsın və biz övladlığa götürülək. |
6. | Övladlar olduğunuz üçün Allah Öz Oğlunun «Abba, Ata!» deyərək nida edən Ruhunu ürəklərimizə göndərdi. |
7. | Buna görə də sən artıq kölə deyil, övladsan. Əgər övladsansa, həmçinin Allahın təyin etdiyi varissən. |
8. | Əvvəllər Allahı tanımadığınız vaxt təbiətcə allah olmayanların kölələri idiniz. |
9. | İndi isə siz Allahı tanıdınız, daha doğrusu, Allah tərəfindən tanındınız. Necə olur ki, təkrarən zəif və dəyərsiz olan ibtidai təlimlərə qayıdırsınız? Yenidən onların köləsimi olmaq istəyirsiniz? |
10. | Xüsusi günlərə, aylara, mövsümlərə və illərə riayət edirsiniz! |
11. | Sizin üçün qorxuram, bəlkə sizə görə boş yerə zəhmət çəkmişəm. |
12. | Qardaşlar, sizə yalvarıram, mənim kimi olun, çünki mən də sizin kimi oldum. Siz mənə heç bir haqsızlıq etməmisiniz. |
13. | Bildiyiniz kimi, mən Müjdəni ilk dəfə sizə cismən zəif olaraq vəz etmişdim. |
14. | Cismani vəziyyətim sizin üçün çətin bir sınaq oldusa da, nə mənə xor baxdınız, nə də məni rədd etdiniz. Hətta məni, Allahın bir mələyini, Məsih İsanı qəbul edər kimi qəbul etdiniz. |
15. | İndi o xoşbəxtliyiniz necə oldu? Sizin haqqınızda şəhadət edirəm ki, əgər mümkün olsaydı, gözlərinizi çıxardıb mənə verərdiniz. |
16. | Məgər sizə həqiqəti söylədiyim üçün sizin düşməniniz oldum? |
17. | Onlar sizin qeyrətinizi çəkirlər, amma yaxşı niyyətlə deyil. Siz onların qeyrətini çəkəsiniz deyə sizi məndən ayırmaq istəyirlər. |
18. | Yaxşı niyyətlə olarsa, qeyrətimi çəkməniz yaxşıdır, amma bu, yalnız yanınızda olduğum vaxt deyil, daimi olsun. |
19. | Övladlarım! Məsihin surəti sizdə yaradılana qədər, sizlər üçün yenə doğuş ağrısı çəkirəm. |
20. | İndi yanınızda olmaq və səsimi dəyişdirmək istəyirdim. Bu halınıza çaşıb-qalmışam. |
21. | Ey Qanun altında yaşamaq istəyənlər, mənə deyin görüm, Qanunun nə dediyini eşitməmisinizmi? |
22. | İbrahimin iki oğlu olduğu yazılmışdır. Bir oğlu cariyədən, o biri oğlu isə azad qadından doğulmuşdu. |
23. | Cariyədən doğulan bəşəri arzusundan, azad qadından doğulan isə vədə görə doğulmuşdu. |
24. | Burada bir məcaz var. Çünki bu qadınlar iki Əhdi təmsil edir. Biri Sina dağındandır, köləlik üçün uşaq doğur. Bu, Həcərdir. |
25. | Həcər Ərəbistandakı Sina dağını təmsil edir və indiki Yerusəlimə bənzəyir. Çünki indiki Yerusəlim övladları ilə birlikdə köləlikdədir. |
26. | Səmavi Yerusəlim isə azaddır, o bizim anamızdır. |
27. | Çünki yazılıb: «Şənlən, ey sonsuz, qısır qadın! Sevinclə mahnı oxu, qışqır, Ey doğuş ağrısı çəkməyən qadın! Çünki atılmış qadının övladları Ərli qadının övladlarından çoxdur». |
28. | Sizsə, qardaşlar, İshaq kimi vədə görə doğulan övladlarsınız. |
29. | Amma o zaman bəşər arzusundan doğulan şəxs Ruhun gücü ilə doğulan şəxsi necə təqib etdisə, indi də belədir. |
30. | Bəs Müqəddəs Yazı nə deyir? «Cariyəni və onun oğlunu qov. Çünki cariyənin oğlu azad qadının oğlu ilə birgə varis olmayacaq». |
31. | Buna görə, qardaşlar, biz cariyənin deyil, azad qadının övladlarıyıq. |
← Galatians (4/6) → |