← Ezra (9/10) → |
1. | Bu işlər qurtarandan sonra rəhbərlər mənə yaxınlaşıb dedilər: «Kahinlərlə Levililər daxil olmaqla İsrail xalqı ətraflarındakı xalqların – Kənanlıların, Xetlilərin, Perizlilərin, Yevusluların, Ammonluların, Moavlıların, Misirlilərin, Emorluların iyrənc adətlərinə uyub özlərini onlardan fərqləndirməyiblər. |
2. | Belə ki onlar özlərinə və oğullarına ətraflarındakı xalqların qızlarından alıblar. Bununla müqəddəs xalq başqa xalqlarla qarışıb. Rəhbərlərlə məmurlar bu xəyanətə ilk yol açmışlar». |
3. | Mən bu sözü eşidəndə paltarımla cübbəmi cırıb saç-saqqalımı yolaraq çarəsiz oturdum. |
4. | Sürgündən qayıdanların bu xəyanətinə görə İsrail Allahının sözlərindən lərzəyə gələnlərin hamısı yanıma yığıldı. Mən axşam qurbanı təqdim edilənə qədər çaşqın-çaşqın oturdum. |
5. | Axşam qurbanı vaxtı pərişan halda ayağa qalxdım. Paltarım və cübbəm cırıq idi. Dizüstə oturub əllərimi Allahım Rəbbə açıb |
6. | belə dua etdim: «Ey Allahım, utanıram! Üzümü Sənə – Allahıma qaldırmağa xəcalət çəkirəm, çünki təqsirlərimiz başımızdan aşıb, günahlarımız böyüyərək göylərə çatıb. |
7. | Atalarımızın dövründən bu günə qədər böyük günah içindəyik. Ona görə də hər zaman bugünkü kimi biz, padşahlarımız, kahinlərimiz təqsirlərimiz üzündən yadelli padşahlara təslim edilib qılınca, əsirliyə, talana, rüsvayçılığa düçar olduq. |
8. | İndi isə bizə Allahımız Rəbb tərəfindən ani olaraq mərhəmət göstərildi. Əsirlikdən qurtulub sağ qalan bir neçə adamı Allahımız bizim üçün saxladı. Müqəddəs məkanında bizə möhkəm bir yer verdi ki, gözümüzə nur versin, bizi köləlikdən qurtarıb bir az həyata qovuşdursun. |
9. | Axı biz köləyik, lakin Allahımız bizi köləlikdə qoymadı. Bizi Allahımızın məbədini bərpa etmək, onun xarabalıqlarını abad etmək üçün Yəhuda ilə Yerusəlimdə özümüzə divar çəkməyə ruhlandırdı. Ona görə də Fars padşahlarının gözündə bizə qarşı lütf yaratdı. |
10. | Ey Allahımız, daha nə deyə bilərik? Çünki Sənin əmrlərini tərk etmişdik. |
11. | Sən əmrlərini qulların peyğəmbərlər vasitəsilə verib dedin: “Mülk olaraq almaq üçün getdiyiniz ölkə öz əhalisinin pozğunluğu ilə, oranı başdan-başa dolduran iyrənc adətləri və murdarlıqları ilə çirkaba batan ölkədir. |
12. | Buna görə də nə qızlarınızı onların oğullarına verin, nə də qızlarından oğullarınıza alın. Əgər qüvvətli olmaq, bu torpağın nemətlərini yemək istəyirsinizsə, heç vaxt onların salamatlığı və firavanlığı üçün çalışmayın. Onda bu torpağı övladlarınıza irs olaraq əbədi saxlayarsınız”. |
13. | Hər şey pis işlərimizdən və böyük günahlarımızdan ötrü başımıza gəldi, lakin, ey Allahımız, Sən bizi təqsirlərimizin layiq olduğundan az cəzalandırdın. Əsirlikdən qurtulub sağ qalan bir neçə adamı – bunları bizə verdin. |
14. | Bundan sonra yenə əmrlərinimi pozaq? Belə iyrənc işlər görən xalqlarla qohummu olaq? Biz qurtarana, sağ qalıb qurtula bilməyənə qədər bizə qəzəblənməyəcəksənmi? |
15. | Ey İsrailin Allahı Rəbb, Sən adilsən! Bugünkü kimi biz kiçik bir dəstə halında sağ qalmışıq. Budur, Sənin qarşında günah içindəyik və buna görə heç birimiz Sənin qarşında dayana bilmirik». |
← Ezra (9/10) → |