← Ezra (7/10) → |
1. | Bu işlərdən sonra Fars padşahı Artaxşastanın dövründə başçı kahin Harun oğlu Eleazar oğlu Pinxas oğlu Avişua oğlu |
2. | Buqqi oğlu Uzzi oğlu |
3. | Zerahya oğlu Merayot oğlu Azarya oğlu Amarya oğlu |
4. | Axituv oğlu Sadoq oğlu Şallum oğlu |
5. | Xilqiya oğlu Azarya oğlu Seraya oğlu Ezra Babildən çıxdı. |
6. | Babildən gələn bu Ezra İsrailin Allahı Rəbbin Musaya verdiyi Qanunu yaxşı bilən ilahiyyatçı idi. Allahı Rəbbin əli onun üzərində olduğuna görə padşah Ezranın istədiyi hər bir şeyi vermişdi. |
7. | Padşah Artaxşastanın hakimiyyətinin yeddinci ilində İsrail övladlarından, kahinlərdən, Levililərdən, ilahiçilərdən, məbəddəki qapıçılardan və qulluqçulardan bəziləri Yerusəlimə qayıtdı. |
8. | Ezra Yerusəlimə çatanda Artaxşastanın hökmdarlığının yeddinci ilinin beşinci ayı idi. |
9. | O, birinci ayın birinci günündə Babildən yola düşüb beşinci ayın birində Yerusəlimə çatdı, çünki Allahın mərhəmətli əli onun üzərində idi. |
10. | Ezra özünü Rəbbin Qanununu tədqiq və tətbiq etməyə, İsraildə qayda-qanunları öyrətməyə həsr etmişdi. |
11. | Rəbbin əmrlərini və İsrailə buyurduğu qanunları öyrədən ilahiyyatçı, kahin Ezraya padşah Artaxşasta bu məzmunda məktub vermişdi: |
12. | «Padşahlar padşahı Artaxşastadan göylərin Allahının qanunlarını öyrədən kahin Ezraya bildiriş: |
13. | İndi mən əmr edirəm ki, padşahlığımda olan İsrail xalqından, kahinlərdən, Levililərdən könüllü olaraq Yerusəlimə getmək istəyən hər kəs səninlə getsin. |
14. | İndi sən padşahla yeddi məsləhətçisi tərəfindən əlində olan Allahın Qanununa əsasən Yəhuda və Yerusəlimdəki vəziyyəti öyrənmək üçün göndərilirsən. |
15. | Yerusəlimi məskəni edən İsrailin Allahına padşah və məsləhətçilərinin könüllü təqdim etdikləri qızıl-gümüşü götür. |
16. | Xalqın və kahinlərin İsrailin Allahının Yerusəlimdəki məbədinə könüllü surətdə verdikləri hədiyyələrlə bərabər Babil vilayətinin hər tərəfindən yığacağın qızıl-gümüşün hamısını götür. |
17. | Sonra bu pulla tez buğalar, qoçlar, quzular, taxıl və şərab təqdimlərini alarsan. Onları Allahınızın Yerusəlimdəki məbədinin qurbangahında təqdim edərsiniz. |
18. | Sən və qardaşların qızıl-gümüşün qalan hissəsini Allahın iradəsinə uyğun, istədiyin kimi istifadə edə bilərsiniz. |
19. | Allahının məbədində ibadət zamanı işlətmək üçün sənə qaytarılan qabları isə Yerusəlim Allahının hüzurunda təhvil ver. |
20. | Allahın məbədinə başqa nə lazım olarsa, sən onu padşah xəzinəsindən ödə. |
21. | Mən padşah Artaxşasta Fərat çayının qərb torpaqlarının bütün xəzinədarlarına əmr edirəm ki, göylər Allahının Qanununun ilahiyyatçısı, kahin Ezranın hər istəyini diqqətlə yerinə yetirin. |
22. | Yüz talanta qədər gümüş, yüz kora qədər buğda, yüz bata qədər şərab, yüz bata qədər zeytun yağı və istədikləri qədər duz verin. |
23. | Göylərin Allahının məbədi üçün, bu Allah tərəfindən hər nə əmr olunarsa, yerli-yerində ona əməl edilsin. Niyə padşahın və övladlarının ölkəsi qəzəbə düçar olsun? |
24. | Sizə bildiririk ki, kahinlərdən, Levililərdən, ilahiçilərdən, bu Allah evinin qapıçılarından, qulluqçularından, digər xidmətçilərindən xərac, vergi və gömrük istəməyə izin yoxdur. |
25. | Sən Ezra Allahın sənə verdiyi müdrikliyə görə orada hakimlər və qazilər təyin et. Qoy onlar Fərat çayının qərbində olan bütün xalqa – sənin Allahının qanunlarını bilənlərin hamısına hökm etsinlər. Bilməyənləri də sən öyrətməlisən. |
26. | Sənin Allahının qanununa və padşahın qanununa əməl etməyən adam mütləq ölüm, sürgün, əmlak müsadirəsi yaxud həbs cəzaları ilə cəzalansın». |
27. | Atalarımızın Allahı Rəbbə alqış olsun ki, padşahın qəlbində Rəbbin Yerusəlimdə olan məbədinə belə hörmət göstərmək istəyini yaratdı. |
28. | Rəbb padşahın, onun məsləhətçilərinin və bütün güclü rəislərinin mənə yaxşı münasibətini yaratdı. Üzərimdə olan Allahım Rəbbin əlindən qüvvət alaraq mənimlə bərabər getmək üçün İsrailin başçılarından bəzilərini yanıma topladım. |
← Ezra (7/10) → |