← Ezra (6/10) → |
1. | O zaman padşah Daranın verdiyi əmrə əsasən Babil xəzinəsində olan dəftərxana axtarıldı. |
2. | Midiya vilayətində olan Ekbatana qalasında bir tumar tapıldı. Bu tumarda belə qeyd edilmişdi: |
3. | «Padşah Kirin hökmdarlığının birinci ilində Allahın Yerusəlimdəki məbədi barədə Kir belə əmr verib: “Bu məbəd – qurbanlar təqdim edilən bu yer əvvəlki bünövrəsi üzərində bərpa edilsin. |
4. | Üç cərgə böyük daş, bir cərgə təzə dirək qoyulmaqla altmış qulac hündürlükdə və altmış qulac uzunluqda olsun. Bu işin bütün xərci padşah xəzinəsindən ödənilsin. |
5. | Həm də Yerusəlimdəki Allah evindən Navuxodonosorun çıxarıb Babilə gətirdiyi qızıl və gümüş qablar geri qaytarılsın. Bunların hamısı öz yerinə, Yerusəlimdə olan məbədə aparılsın. Onları Allahın evinə qoyun”. |
6. | Ona görə Fərat çayının qərb torpaqlarının valisi Tattenay, Şetar-Boznay və yoldaşları – Fərat çayının qərb torpaqlarındakı məmurlar qoy indi oradan uzaqlaşsın, |
7. | Allah evinin işinə qarışmasınlar. Yəhudilərin valisi və Yəhudilərin ağsaqqalları Allahın evini öz yerində bərpa etsinlər. |
8. | Mən əmr edirəm ki, Allahın bu evinin bərpasında Yəhudilərin bu ağsaqqallarına kömək edəsiniz, işlərinin dayandırılmaması üçün bu adamların xərci mütləq padşah xəzinəsindən, Fərat çayının qərb torpaqlarından yığılan vergilərdən ödənilsin. |
9. | Göylərin Allahına yandırma qurbanları vermək üçün hər gün ehtiyaclarına görə cavan buğalar, qoç və quzular, Yerusəlimdəki kahinlərin istədiyi miqdarda buğda, duz, şərab, zeytun yağı əskik edilmədən onlara verilsin. |
10. | Onlar göylərin Allahına xoş ətirli qurbanlar versinlər və buna görə padşahla övladları üçün dua etsinlər ki, canları sağ olsun. |
11. | Əmr edirəm ki, bu fərmanı dəyişdirən adamın evindən bir dirək çıxarıb dik basdırılsın və həmin adam bu dirəkdən asılsın. Qoy belə ev xarabalığa çevrilsin. |
12. | Bu məbədi isminə məskən edən Allah bu fərmanı dəyişdirməyə cəhd edən və Yerusəlimdəki məbədin dağılmasını istəyən hər padşahı və xalqı yox etsin. Mən Dara əmr edirəm, əmrim sözsüz yerinə yetirilsin». |
13. | O zaman Fərat çayının qərb torpaqlarının valisi Tattenay, Şetar-Boznay və yoldaşları padşah Daranın göndərdiyi bu əmri alan kimi ona əməl etdilər. |
14. | Yəhudilərin ağsaqqalları tikintini davam etdirdilər və peyğəmbər Haqqay ilə İddo oğlu Zəkəriyyənin peyğəmbərlik sözlərinə əsasən onların işləri uğurlu gedirdi. İsrail Allahının buyruğuna görə Fars padşahları Kir, Dara və Artaxşastanın əmri ilə məbədi tikib qurtardılar. |
15. | Məbəd padşah Daranın hakimiyyətinin altıncı ili, Adar ayının üçündə başa çatdı. |
16. | İsrail övladları – kahinlər, Levililər və sürgündən qayıdanların hamısı bu Allah evinin təqdis mərasimini sevinclə qeyd etdilər. |
17. | Allahın evinin təqdisi üçün yüz buğa, iki yüz qoç, dörd yüz quzu və bütün İsrail üçün qəbilələrinin sayına görə günah qurbanı olaraq on iki təkə təqdim etdilər. |
18. | Yerusəlimdə Allaha xidmət üçün Musanın Kitabında yazıldığı kimi kahinləri öz dəstələrində və Levililəri öz bölmələrində düzdülər. |
19. | Sürgündən qayıdanlar Pasxa bayramını birinci ayın on dördündə keçirdilər. |
20. | Çünki kahinlərlə Levililər bir nəfər kimi özlərini pak etdikləri üçün təmiz idilər. Levililər bütün sürgündən qayıdanlar üçün, kahin qardaşları və özləri üçün Pasxa qurbanı kəsdilər. |
21. | Sürgündən qayıdan İsrail övladları və İsrailin Allahı Rəbbə sitayiş etmək üçün özlərini ətraf millətlərin murdarlığından təcrid edənlərin hamısı qurban əti yedilər. |
22. | Yeddi gün sevinclə Mayasız Çörək bayramı keçirdilər, çünki onları sevindirən Rəbb idi. Rəbb İsrail Allahının evinin bərpasına kömək etmək üçün Aşşur padşahının ürəyində meyl yaratmışdı. |
← Ezra (6/10) → |