| ← Ezra (5/10) → |
| 1. | Peyğəmbərlərdən peyğəmbər Haqqayla İddo oğlu Zəkəriyyə Yəhudada və Yerusəlimdə yaşayan Yəhudilərə İsrail Allahının adı ilə peyğəmbərlik etdi. |
| 2. | O zaman Şealtiel oğlu Zerubbabil və Yosadaq oğlu Yeşua işə başlayaraq Yerusəlimdəki Allah evinin tikintisini davam etdirdilər. Allahın peyğəmbərləri də onlarla idi və onlara kömək etdi. |
| 3. | O vaxtlar Fərat çayının qərb torpaqlarının valisi olan Tattenay, Şetar-Boznay və yoldaşları onların yanına gəlib dedi: «Bu məbədi bərpa etmək və tikintisini qurtarmaq üçün sizə kim icazə verib?» |
| 4. | Onda biz onlara bu binanı tikənlərin adlarını bildirdik. |
| 5. | Allahın nəzəri Yəhudi ağsaqqallarının üzərinə yönəlmişdi. Ona görə bu işin sorağı Daraya çatana və bu barədə məktubla cavab qayıdanadək onlar Yəhudilərin işini dayandırmadılar. |
| 6. | Fərat çayının qərb torpaqlarının valisi Tattenay, Şetar-Boznay və yoldaşları, Fərat çayının qərb torpaqlarındakı məmurlar padşah Daraya bu surətdə məktub yolladı. |
| 7. | Ona yolladıqları məktubda belə yazılmışdı: «Padşah Daraya böyük ehtiramla salamlar! |
| 8. | Padşaha məlum olsun ki, biz Yəhuda vilayətindəki böyük Allahın məbədinə getdik. Məbəd böyük daşlardan tikilmiş, divarların içərisinə dirəklər qoyulmuşdur. Bu iş səylə görülərək uğurla idarə edilir. |
| 9. | O zaman oranın ağsaqqallarından soruşub belə dedik: “Bu məbədi bərpa etmək və tikintisini qurtarmaq üçün sizə kim icazə verib?” |
| 10. | Həm də onlardan bu işin başçılarının adını soruşduq ki, bunları yazaraq sizə bildirək. |
| 11. | Onlar bizə belə cavab verdilər: “Biz göylərin və yerin Allahının qullarıyıq. Bundan bir çox il əvvəl tikilən məbədi bərpa edirik. Vaxtı ilə oranı İsrailin böyük padşahı tikib başa çatdırmışdı. |
| 12. | Lakin atalarımız göylərin Allahını qəzəbləndirdiyi üçün Allah onları Babil padşahı Xaldeyli Navuxodonosora təslim etdi. O da bu məbədi xarabaya çevirdi və xalqını Babilə əsir apardı. |
| 13. | Lakin Babil padşahı Kirin hakimiyyətinin birinci ilində padşah Kir Allah evinin bərpası üçün əmr verdi. |
| 14. | Həmçinin Yerusəlimdəki Allah evindən Navuxodonosorun götürüb Babil məbədinə apardığı qızıl və gümüş qabları padşah Kir Babildəki məbəddən çıxartdı. Onları vali təyin etdiyi Şeşbassar adlı bir adama verərək dedi: |
| 15. | ‹Bu əşyaları götürüb get, Yerusəlimdəki məbədə qoy. Allahın evi qoy öz yerində bərpa olunsun›. |
| 16. | O zaman həmin Şeşbassar gəlib Yerusəlimdəki Allah evinin təməlini qoydu. O zamandan indiyə qədər bu məbəd tikilir, lakin hələ tamamlanmayıb”. |
| 17. | İndi padşahın xoşuna gələrsə, qoy Babil sarayındakı dəftərxana axtarılaraq Yerusəlimdəki Allah evinin bərpası üçün padşah Kirin verdiyi əmr üzə çıxarılsın. Sonra isə bu iş barədə padşah öz iradəsini bizə bildirsin». |
| ← Ezra (5/10) → |