Ezra (3/10)  

1. Artıq İsraillilər öz şəhərlərində idi. Yeddinci ay çatanda xalq bir nəfər kimi Yerusəlimdə toplandı.
2. Yosadaq oğlu Yeşua ilə kahin qardaşları və Şealtiel oğlu Zerubbabillə qardaşları İsrailin Allahının qurbangahını qurdular ki, Allah adamı Musanın Qanununda yazıldığı kimi üstündə yandırma qurbanları təqdim edilsin.
3. Ətrafda yaşayan xalqlardan qorxmalarına baxmayaraq, qurbangahı əvvəlki bünövrə üzərində qurdular. Sonra onun üzərində səhər-axşam Rəbbə yandırma qurbanları təqdim etdilər.
4. Yazıya görə Çardaqlar bayramı keçirdilər və qaydaya görə günbəgün müəyyən miqdarda gündəlik yandırma qurbanları təqdim etdilər.
5. Sonra daimi yandırma qurbanları verdilər. Təzə Ay mərasimlərinin, eləcə də Rəbbin təqdis etdiyi bütün bayramların təqdimlərini və hamının könüllü olaraq Rəbbə etdiyi təqdimləri verdilər.
6. Rəbbin məbədinin bünövrəsinin qoyulmamasına baxmayaraq, onlar yeddinci ayın birinci günündə Rəbbə yandırma qurbanları təqdim etməyə başladılar.
7. Daşyonanlarla dülgərlərə pul verdilər. Fars padşahı Kirdən izin aldıqlarına görə Livandan dəniz yolu ilə Yafoya sidr ağacları gətirmələri üçün Sidonlularla Surlulara yemək-içmək və zeytun yağı verdilər.
8. Allahın evinə, Yerusəlimə gəlişlərinin ikinci ilinin ikinci ayında Şealtiel oğlu Zerubbabil və Yosadaq oğlu Yeşua ilə digər qardaşları – kahinlər, Levililər, əsirlikdən Yerusəlimə qayıdanların hamısı işə başladılar. İyirmi və ondan yuxarı yaşda olan Levililəri Rəbbin məbədinin tikinti işinə nəzarətçi təyin etdilər.
9. Levililərdən Yeşua və övladları ilə qardaşları, Hodavya nəslindən törənən Qadmiellə övladları, Xenadad övladları, nəvələri və qardaşları Allahın evində işləyənlərə nəzarət etdilər.
10. Bənnalar Rəbbin məbədinin təməlini qoyan zaman İsrail padşahı Davudun qoyduğu qaydaya əsasən kahinlər xüsusi libas geyinib əllərindəki kərənaylarla, Asəf övladlarından olan Levililərsə sinclərlə Rəbbə həmd etmək üçün öz yerlərini tutdular.
11. Onlar Rəbbə həmd və şükür edib növbə ilə Onu tərənnüm edərək belə deyirdilər: «Rəbb yaxşıdır, çünki İsrailin üzərində məhəbbəti əbədidir». Onlar Rəbbə həmd edəndə bütün xalq ucadan qışqırdı, çünki Rəbb evinin bünövrəsi qoyulmuşdu.
12. Əvvəlki məbədi görmüş bir çox qoca kahinlər, Levililər və nəsil başçıları məbədin bünövrəsinin qoyulduğunu görəndə hönkürüb ağladılar, bir çoxları isə sevincdən haray çəkdilər.
13. Xalq gurultulu sevinc səsləri ilə ağlaşma səslərini bir-birindən ayıra bilmirdi, çünki onların gurultu ilə qopan haray səsləri uzaqlarda eşidilirdi.

  Ezra (3/10)