← Ezekiel (8/48) → |
1. | Sürgünlüyümüzün altıncı ilində, altıncı ayın beşinci günü mən evdə oturmuşdum və Yəhuda ağsaqqalları da qarşımda əyləşmişdi. O zaman orada üstümə Xudavənd Rəbbin əli endi. |
2. | Mən baxıb insana oxşar bir surət gördüm: belindən aşağı oda bənzəyir, belindən yuxarı isə metal kimi parıldayırdı. |
3. | O, ələ bənzər bir şey uzatdı və məni saçımdan tutdu. Onda Ruh məni yerlə göy arasına qaldırdı və Allahın görüntülərində Yerusəlimə, içəri həyətin şimal qapısının giriş yerinə gətirdi. Orada Allahda qısqanclıq oyadan qısqanclıq bütü qurulmuşdu. |
4. | Düzənlikdə gördüyümə bənzər İsrail Allahının izzəti də orada idi. |
5. | O mənə dedi: «Ey bəşər oğlu, indi başını şimal tərəfə qaldır». Mən başımı şimal tərəfə qaldırıb gördüm ki, həmin qısqanclıq bütü qurbangah qapısının şimalında – giriş yerindədir. |
6. | O mənə dedi: «Ey bəşər oğlu, görürsənmi nə edirlər? İsrail nəsli burada çoxlu iyrənc işlər edir ki, Mən Müqəddəs məkanımdan uzaqlaşım. Hələ bundan da iyrənc şeylər görəcəksən». |
7. | O məni həyətin giriş yerinə gətirdi. Mən baxıb gördüm ki, divarda bir dəlik var. |
8. | O mənə dedi: «Ey bəşər oğlu, gəl divarı dəl». Mən divarı dəlib gördüm ki, bir qapı var. |
9. | O mənə dedi: «İçəri gir, onların orada pis və iyrənc işlərini gör». |
10. | Mən içəri girib gördüm ki, hər cür sürünənlərin, mənfur heyvanların surəti və İsrail nəslinin bütlərinin hamısının təsviri hər tərəfdən divara çəkilib. |
11. | İsrail nəslinin ağsaqqallarından yetmiş nəfər onların önündə durmuşdu. Şafan oğlu Yaazanya da onların arasında dayanmışdı. Hər birinin əlində buxurdan var idi və buxurun ətri bulud kimi göyə qalxırdı. |
12. | O mənə dedi: «Ey bəşər oğlu, görürsənmi İsrail nəslinin ağsaqqalları öz bütlərinin otaqlarında, qaranlıq yerlərdə nə edir? Ona görə ki onlar “Rəbb bizi görmür, Rəbb ölkəni tərk etdi” deyir». |
13. | O yenə mənə dedi: «Hələ onların bundan da iyrənc işlərini görəcəksən». |
14. | O məni Rəbbin məbədinin şimal tərəfdəki qapısının giriş yerinə gətirdi. Mən gördüm ki, Tammuz bütü üçün ağlayan qadınlar orada oturub. |
15. | O mənə dedi: «Görürsənmi, bəşər oğlu? Hələ bundan da iyrənc şeylər görəcəksən». |
16. | O məni Rəbbin məbədinin içəri həyətinə gətirdi. Gördüm ki, Rəbbin məbədinin giriş yerində eyvanla qurbangah arasında arxaları Rəbbin məbədinə, üzləri isə şərqə çevrilmiş təxminən iyirmi beş kişi var. Onlar şərqə üz tutaraq günəşə sitayiş edirdi. |
17. | O mənə dedi: «Görürsənmi, bəşər oğlu? Məgər Yəhuda nəsli üçün burada etdikləri iyrənc işlər az idi ki, üstəlik ölkəni zorakılıqla doldurur və bununla Məni daha da qəzəbləndirirlər? Bax indi onlar budağı burnuma soxaraq Məni təhqir edir. |
18. | Buna görə Mən də qəzəblə rəftar edəcəyəm, onlara yazığım gəlməyəcək və rəhm etməyəcəyəm. Məni ucadan çağırsalar da, onlara qulaq asmayacağam». |
← Ezekiel (8/48) → |