Ezekiel (6/48)  

1. Mənə Rəbbin bu sözü nazil oldu:
2. «Ey bəşər oğlu, üzünü İsrail dağlarına çevir və onların əleyhinə peyğəmbərlik edib
3. söylə ki, ey İsrail dağları, Xudavənd Rəbbin sözünü dinləyin, dağlara, təpələrə, vadilərə və dərələrə Xudavənd Rəbb belə deyir: “Baxın Mən üstünüzə qılınc gətirəcəyəm və səcdəgahlarınızı məhv edəcəyəm.
4. Qurbangahlarınız xarabalığa çevriləcək, buxur qurbangahlarınız sındırılacaq. Öldürülmüş adamlarınızı bütlərinizin qabağına atacağam.
5. İsrail övladlarının cəsədlərini bütlərin qarşısında yerə sərəcək, sümüklərinizi qurbangahlarınızın ətrafına səpələyəcəyəm.
6. Məskən saldığınız bütün yerlərdə şəhərlər viran olacaq, səcdəgahlar dağıdılacaq ki, qurbangahlarınız xarabalığa və viranəliyə çevrilsin, bütləriniz sındırılıb yox edilsin, buxur qurbangahlarınız kəsilsin və düzəltdiyiniz şeylər yer üzündən silinsin.
7. Aranızda öldürülənlər yerə səriləcək. Onda biləcəksiniz ki, Rəbb Mənəm.
8. Lakin Mən bəzilərinizi sağ buraxacağam. Ölkələr arasına səpələndiyiniz zaman millətlər içində qılıncdan qaçıb-qurtaranlarınız olacaq.
9. Sizin qaçıb-qurtaranlarınız aralarına sürgün edildikləri millətlər arasında Məni yada salacaq. Mənə xəyanət edən ürəklərinə, bütlərə dikdikləri xəyanətkar gözlərinə görə pərt oldum. Etdikləri pisliklərdən, bütün iyrənc işlərindən ötrü öz-özlərindən ikrah edəcəklər.
10. Onda biləcəklər ki, Rəbb Mənəm və onların başına bu bəlanı gətirəcəyimi nahaq yerə söyləməmişəm”.
11. Xudavənd Rəbb belə deyir: “Əllərini bir-birinə vur, ayaqlarını yerə çırpıb söylə ki, İsrail nəslinin bütün pis və iyrənc işlərinə görə vay onların halına! Çünki qılıncdan, aclıqdan və vəbadan həlak olacaqlar.
12. Uzaqda olan vəbadan öləcək, yaxında olan qılıncla həlak olacaq, mühasirə zamanı sağ qalan aclıqdan öləcək, Mən onlara hədsiz qəzəbimi göstərəcəyəm.
13. Öz bütləri arasında, qurbangahların ətrafında, hər yüksək təpədə, hər dağın zirvəsində, hər kölgəli ağac altında, sıx yarpaqlı hər palıd ağacı altında, bütün bütlərinə ətirli buxur təqdim etdikləri yerlərdə onların həlak olanları yerə səriləcək. Onda biləcəksiniz ki, Rəbb Mənəm.
14. Onlara qarşı əl qaldıracağam, səhradan Divlaya doğru yaşadıqları bütün yerlərdə ölkəni xaraba və sakinsiz qoyacağam. Onda biləcəklər ki, Rəbb Mənəm”».

  Ezekiel (6/48)