| ← Ezekiel (39/48) → |
| 1. | Sən ey bəşər oğlu, Qoqun əleyhinə peyğəmbərlik edib söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey Roşun, Meşekin və Tuvalın rəhbəri Qoq, Mən sənin əleyhinəyəm. |
| 2. | Səni geri qaytarıb aparacağam, uzaq şimaldan çıxaracağam və İsrail dağları üzərinə gətirəcəyəm. |
| 3. | Sol əlindən kamanını, sağ əlindən oxlarını vurub salacağam. |
| 4. | Sən bütün ordularınla, yanında olan xalqlarla birgə İsrail dağları üzərində həlak olacaqsan. Səni qida olmaq üçün hər cür yırtıcı quşa və vəhşi heyvanlara verəcəyəm. |
| 5. | Açıq çöldə həlak olacaqsan, çünki Mən bunu söylədim, Xudavənd Rəbb belə bəyan edir. |
| 6. | Mən Maqoqun və sahil ölkələrində əmin-amanlıq içində yaşayanların üstünə od göndərəcəyəm. Onda biləcəklər ki, Rəbb Mənəm. |
| 7. | Xalqım İsrailin arasında müqəddəs adımı tanıdacağam, artıq müqəddəs adımın ləkələnməsinə izin verməyəcəyəm. Onda millətlər biləcəklər ki, Mən Rəbbəm, İsraildə Müqəddəs Olanam. |
| 8. | Budur, o vaxt gəlir və mütləq baş verəcək” Xudavənd Rəbb belə bəyan edir, “bu gün Mənim dediyim gündür. |
| 9. | Onda İsrail şəhərlərində yaşayanlar çıxıb od qalayacaq. Silahlarını, qalxanlarını, sipərlərini, kamanlarını, oxlarını, toppuzlarını və nizələrini bu odda yandıracaqlar. Onları yeddi il ərzində yandıracaqlar. |
| 10. | Çöldən odun daşımayacaq, meşələrdən ağac kəsməyəcəklər, çünki silahlarla od qalayacaqlar. Onları qarət edənləri qarət edəcək, mallarını talan edənləri talan edəcəklər” Xudavənd Rəbb belə bəyan edir. |
| 11. | “O gün Duz dənizinin şərqində, Səyyahlar dərəsində Qoqa İsraildə bir qəbiristanlıq verəcəyəm. Orada Qoq və bütün qoşunu basdırılacaq. Bu yerə Hamon-Qoq dərəsi deyiləcək. Oradan yol keçənlərin qabağı kəsiləcək. |
| 12. | Ölkəni təmizləmək üçün İsrail nəsli yeddi ay onları basdırmaqla məşğul olacaq. |
| 13. | Onları bütün ölkə xalqı basdıracaq. Mənim izzətləndiyim gün onlar üçün əlamətdar olacaq” Xudavənd Rəbb belə bəyan edir. |
| 14. | “Ölkəni təmizləmək üçün adamlara iş tapşırılacaq. Bəziləri ölkəni dayanmadan dolaşacaq, bəziləri isə yerdə qalan cəsədləri basdıracaq. Yeddi aydan sonra axtarışlara başlayacaqlar. |
| 15. | Bu adamlar ölkənin hər yerini dolaşacaq. İnsan sümüyü görəndə qəbirqazanlar onu Hamon-Qoq dərəsində basdırana qədər yanına bir nişan qoyacaq. |
| 16. | Orada Hamona adlı bir şəhər olacaq. Beləcə ölkəni təmizləyəcəklər”. |
| 17. | Sən ey bəşər oğlu, Xudavənd Rəbb belə deyir: “Hər cür quşa və hər cür vəhşi heyvana söylə ki, toplaşıb gəlsinlər. Sizin üçün kəsəcəyim qurbanın – İsrail dağları üzərindəki böyük qurbanın yanına hər tərəfdən yığılın. Orada ət yeyib qan içəcəksiniz. |
| 18. | Başanın bəslənmiş heyvanlarının – qoçların, quzuların, təkələrin və buğaların ətini yeyib qanını içdiyiniz kimi igidlərin ətini yeyəcək, dünya rəhbərlərinin qanını içəcəksiniz. |
| 19. | Sizin üçün kəsdiyim qurbandan doyunca yağ yeyəcək, sərxoş olunca qan içəcəksiniz. |
| 20. | Süfrəmdə atlardan, süvarilərdən, igidlərdən və hər cür əsgərdən bol-bol yeyib-doyacaqsınız” Xudavənd Rəbb belə bəyan edir. |
| 21. | “İzzətimi millətlər arasında göstərəcəyəm. Bütün millətlər onlara verdiyim cəzanı və üstlərinə qoyduğum əlimi görəcək. |
| 22. | Bu gündən sonra İsrail nəsli biləcək ki, onların Allahı Rəbb Mənəm. |
| 23. | Onda millətlər biləcək ki, İsrail nəsli öz təqsirlərindən ötrü sürgünə getdi. Çünki onlar Mənə xəyanət etdi, Mən onlardan üz döndərdim, onları düşmənlərinə təslim etdim, hamısı qılıncla həlak oldu. |
| 24. | Murdarlıqlarına və üsyanlarına görə onlarla rəftar etdim, onlardan üz döndərdim”. |
| 25. | Buna görə Xudavənd Rəbb belə deyir: “Yaqub nəslindən sürgün olunanları indi geri qaytaracaq, bütün İsrail nəslinə rəhm edəcək və müqəddəs adım naminə qısqanc olacağam. |
| 26. | Torpaqlarında əmin-amanlıq içində yaşayanda, onları qorxudan bir kəs olmayanda rüsvayçılıqlarını və Mənə etdikləri bütün xəyanətləri unudacaqlar. |
| 27. | Onları xalqlar arasından geri qaytarıb düşmən ölkələrindən topladığım zaman çoxlu millətin gözü önündə, onların arasında müqəddəs tutulacağam. |
| 28. | Onda biləcəklər ki, onların Allahı Rəbb Mənəm. Çünki onları millətlər arasına sürgünə göndərdim. Amma öz torpaqlarına da qaytaracağam, artıq heç birini qaldığı ölkəsində qoyub getməyəcəyəm. |
| 29. | Bir daha onlardan üz döndərməyəcəyəm, çünki İsrail nəsli üzərinə Öz Ruhumu tökəcəyəm” Xudavənd Rəbb belə bəyan edir». |
| ← Ezekiel (39/48) → |