| ← Ezekiel (35/48) → |
| 1. | Mənə Rəbbin bu sözü nazil oldu: |
| 2. | «Ey bəşər oğlu, üzünü Seir dağına çevir və onun əleyhinə peyğəmbərlik edib |
| 3. | söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey Seir dağı, Mən sənin əleyhinəyəm. Mən əlimi sənə qarşı uzadacaq, Səni xaraba, sakinsiz bir yerə çevirəcəyəm. |
| 4. | Şəhərlərini viran edəcəyəm və sən xarabalığa çevriləcəksən. Onda biləcəksən ki, Rəbb Mənəm. |
| 5. | Sən İsraillilərə həmişə kin bəsləmisən, fəlakətə düşdükləri və cəzalandırıldıqları vaxt zirvəyə yetəndə onları qılınca təslim etmisən”. |
| 6. | Buna görə də Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, səni qana bulaşdıracağam, qan səni izləyəcək, qan tökməkdən imtina etmədiyinə görə qan səni izləyəcək. |
| 7. | Mən Seir dağını sakinsiz bir yerə və xarabalığa çevirəcəyəm. Oraya gedib-gələnin ayağını kəsəcəyəm. |
| 8. | Dağlarını ölülərlə dolduracağam, qılıncdan keçirilənlər sənin təpələrində, dərələrində, vadilərində yıxılıb həlak olacaq. |
| 9. | Səni əbədi olaraq xarabalığa çevirəcəyəm, Şəhərlərində heç kəs yaşamayacaq. Onda biləcəksən ki, Rəbb Mənəm. |
| 10. | Sən belə söylədin: ‹Rəbb o yerlərdə olsa da, bu iki millət, bu iki ölkə mənim olacaq, onları özümə mülk edəcəyəm›”. |
| 11. | Buna görə də Xudavənd Rəbb belə bəyan edir: “Varlığıma and olsun ki, xalqıma kin bəslədiyinə görə onlarla necə qəzəb və qısqanclıqla rəftar etdinsə, Mən də səninlə elə rəftar edəcəyəm. Səni mühakimə etdiyim zaman onlara da Özümü göstərəcəyəm. |
| 12. | O zaman biləcəksən ki, Mən Rəbb İsrail dağlarına qarşı söylədiyin təhqirlərin hamısını eşitmişəm. Sən belə demişdin: ‹Yerlə yeksan oldular, yeyilmək üçün bizə verildilər›. |
| 13. | Ağzınızla Mənə qarşı qürurla danışdınız, Mənim əleyhimə hörmətsiz sözlər dediniz. Mən Rəbb də bunları eşitdim”. |
| 14. | Xudavənd Rəbb belə deyir: “Bütün yer üzü sevindiyi halda Mən səni viran edəcəyəm. |
| 15. | İsrail xalqının irsi yerlə yeksan olanda sən necə sevindinsə, Mən də səninlə elə rəftar edəcəyəm. Ey Seir dağı, viran olacaqsan, bütün Edom da viran olacaq. Onda biləcəklər ki, Rəbb Mənəm”. |
| ← Ezekiel (35/48) → |