← Ezekiel (32/48) → |
1. | Sürgünlüyümüzün on ikinci ilində, on ikinci ayın birinci günü mənə Rəbbin bu sözü nazil oldu: |
2. | «Ey bəşər oğlu, Misir padşahı firon üçün mərsiyə oxuyub ona söylə: “Millətlər içində özünü cavan bir aslana bənzətdin, Amma sən bir dəniz əjdahası kimisən. Çayları qarışdırırsan, Ayaqlarınla suları çalxalayıb Çayları bulandırırsan”. |
3. | Xudavənd Rəbb belə deyir: “Çoxlu xalqdan ibarət bir qoşun göndərib Torumu üstünə atacağam. Onlar səni torumla dartıb çıxaracaq. |
4. | Səni quruya çıxaracağam, Çölün üzünə atacağam, Göydəki quşları üstünə qonduracağam. Yer üzünün vəhşi heyvanlarını Səninlə doyduracağam. |
5. | Bədənini dağların üstünə sərəcəyəm, Dərələri leşinlə dolduracağam. |
6. | Ölkəni dağlara qədər axan qanınla sulayacağam, Vadilər meyitinlə dolacaq. |
7. | Səni məhv etdiyim zaman Göyləri bağlayacağam, Ulduzları qaraldacağam, Günəşi buludla örtəcəyəm, Ay işığını verməyəcək. |
8. | Sənin üzərində nur saçan Bütün səma cisimlərini qaraldacağam, Ölkəni qaranlığa qərq edəcəyəm” Xudavənd Rəbb belə bəyan edir. |
9. | “Sənin məhv olmaq xəbərini, Millətlərin arasına, Tanımadığın ölkələrə çatdırdığım zaman Bir çox xalqların ürəyini kədərləndirəcəyəm. |
10. | Sənin başına gələnlərlə Bir çox xalqı heyrətə salacağam. Onların önündə qılıncımı yellədiyim zaman Sənə görə padşahlarının tükləri biz-biz olacaq. Yıxıldığın gün Onların hamısı öz canları üçün Durmadan qorxu içində titrəyəcək”. |
11. | Xudavənd Rəbb belə deyir: “Babil padşahının qılıncı sənin üstünə gələcək. |
12. | İzin verəcəyəm ki, millətlərin rəhmsiz igidləri Sənin xalqını qılıncdan keçirsin. Onlar Misirin qürurunu qıracaqlar, Bütün ordusunu məhv edəcəklər. |
13. | Bol suların yanında otlayan Bütün mal-qaranı yox edəcəyəm. Bundan sonra insan ayağı da, heyvan ayağı da Suları qarışdırıb bulandırmayacaq. |
14. | O zaman onların sularını duruldacağam, Çaylarını yağ kimi axıdacağam” Xudavənd Rəbb belə bəyan edir. |
15. | “Misiri xarabalığa çevirəndə, Ölkəni hər şeydən məhrum edəndə, Orada yaşayan hər kəsi məhv edəndə Biləcəklər ki, Rəbb Mənəm”. |
16. | Misir üçün oxunan mərsiyə budur. Millətlərin qızları bu mərsiyəni oxuyacaq. Misir və onun xalqı üçün bu mərsiyəni oxuyacaqlar. Xudavənd Rəbb belə bəyan edir». |
17. | Sürgünlüyümüzün on ikinci ilində, ayın on beşinci günü mənə yenə Rəbbin sözü nazil oldu: |
18. | «Ey bəşər oğlu, Misir xalqı üçün yas tut. Onları və güclü millətlərin qızlarını qəbirə enənlərlə birgə yerin dərinliklərinə endir. |
19. | Onlara söylə: “Məgər sən başqalarından daha gözəlsən? Yerin altına en və oradakı sünnətsizlərlə birgə uzan”. |
20. | Misir xalqı qılıncla öldürülənlərin arasına düşəcək. Bu xalq qılıncın ixtiyarına verildi. Qoy Misir bütün camaatı ilə birgə sürüklənsin. |
21. | Qüdrətli başçılar ölülər diyarından Misir və ona arxa olanlar üçün belə söyləyəcək: “Yerin altına endilər, qılıncla öldürülən sünnətsizlər kimi indi burada yatırlar”. |
22. | Aşşur və bütün ordusu oradadır. Qılıncdan keçirilmiş, ölmüş əsgərlərinin məzarları ətrafını bürümüşdür. |
23. | Onların məzarları qəbirin lap dibində, ordusu məzarının ətrafında uzanıb. Dirilər arasına qorxu salanların hamısı qılıncdan keçirilib öldürülmüşdür. |
24. | Elam oradadır və bütün xalqı öz məzarlarının ətrafında uzanıb. Onların hamısı qılıncdan keçirilmiş, ölmüş və sünnətsiz halda yerin dərinliklərinə enmişdir. Dirilər arasına qorxu salmışdılar, indi isə xəcalət içində qəbirə enənlərə qoşuldular. |
25. | Elam üçün öldürülənlər arasında bir yataq hazırlandı. Bütün xalqı məzarının ətrafındadır. Onların hamısı sünnətsiz halda qılıncdan keçirilib öldürülmüşdür. Dirilər arasına qorxu salmışdılar, indi isə xəcalət içində qəbirə enənlərə qoşulub öldürülənlərin arasına qoyuldular. |
26. | Meşek, Tuval oradadır və bütün xalqı öz məzarlarının ətrafında uzanıb. Onların hamısı sünnətsiz halda qılıncdan keçirilib öldürülmüşdür. Dirilər arasına qorxu salmışdılar. |
27. | Onlar da döyüş silahları ilə ölülər diyarına enən, qılıncları başlarının altına qoyulan, sünnətsiz igidlərlə birgə məzara uzanacaq. Onların cəzası özlərinin üzərinə gəldi. Sağ ikən bu igidlər dirilər arasına qorxu salmışdılar. |
28. | Sən də, ey firon, qırılacaqsan, qılıncla öldürülənlərlə birgə sünnətsizlərin arasında uzanacaqsan. |
29. | Edom, padşahları və bütün rəhbərləri oradadır. Güclü olmalarına baxmayaraq, qılıncla öldürülənlərin yanına qoyuldular. Qəbirə enənlərin, sünnətsizlərin yanına uzanırlar. |
30. | Bütün şimal ölkələrinin başçıları, bütün Sidonlular oradadır. Gücləri ilə qorxu saldıqları halda öldürülənlərlə birgə rüsvayçılıq içində yerin altına endilər. Sünnətsiz halda qılıncla öldürülənlərlə birgə xəcalət içində qəbirə enənlərin yanına uzandılar. |
31. | “Firon və onun bütün ordusu qılıncla öldürülmüş bu böyük kütləni görəndə təsəlli tapacaq” Xudavənd Rəbb belə bəyan edir. |
32. | “Dirilər arasına qorxu salmasına izin verdiyimə baxmayaraq, firon və onun bütün xalqı qılıncla öldürülənlərlə birgə sünnətsizlərin yanına uzanacaq” Xudavənd Rəbb belə bəyan edir». |
← Ezekiel (32/48) → |