← Ezekiel (30/48) → |
1. | Mənə Rəbbin bu sözü nazil oldu: |
2. | «Ey bəşər oğlu, peyğəmbərlik edib söylə ki, Xudavənd Rəbb belə deyir: “‹Ah, o gün› deyib fəryad edin, |
3. | Çünki o gün yaxındır, Rəbbin günü yaxındır. O gün buludlu gündür, Millətlərin qiyamət günüdür. |
4. | Misirin üstünə qılınc gələcək, Kuş əzab çəkəcək. Misirdə adamlar həlak olanda Ölkənin sərvəti qarət olunacaq, O öz təməlindən dağılacaq. |
5. | Misirlə birlikdə Kuş, Put, Lud, Bütün Ərəbistan, Kuv və əhd bağladığı ölkənin adamları Qılıncdan keçiriləcək”. |
6. | Rəbb belə deyir: “Misirə arxa olanlar yıxılacaq, Onun qürurlandığı qüdrət çökəcək. Miqdoldan Asvana qədər ərazidə Qılıncdan keçiriləcəklər” Xudavənd Rəbb belə bəyan edir. |
7. | “Misir xaraba qalmış ölkələr kimi Xaraba qalacaq. Şəhərləri viran olmuş Şəhərlər kimi viran olacaq. |
8. | Mən Misiri oda təslim edəndə, Ona kömək edənlər əziləndə Biləcəklər ki, Rəbb Mənəm. |
9. | O gün qayğısız Kuş əhalisini qorxutmaq üçün gəmilərlə qasidlər göndərəcəyəm. Onlar Misirin dağıldığı gün gələndə dəhşətə düşəcək. Budur, o gün gəlir!” |
10. | Xudavənd Rəbb belə deyir: “Babil padşahı Navuxodonosor vasitəsilə Misirin sərvətinə son qoyacağam. |
11. | O öz ordusu ilə, millətlər arasında ən rəhmsizi ilə Ölkəni yerlə yeksan etmək üçün gətiriləcək. Misirə qarşı qılınc çəkəcək, Ölkəni ölülərlə dolduracaq. |
12. | Çayları qurudub, Ölkəni pis adamlara satacağam. Ölkəni də, orada olan hər şeyi də Yadellilərin əli ilə viran edəcəyəm” Mən Rəbb bunu söylədim. |
13. | Xudavənd Rəbb belə deyir: “Bütləri məhv edəcəyəm, Nofdakı bütləri yox edəcəyəm. Artıq Misirdə rəhbər qalmayacaq, Ölkəni dəhşətə salacağam. |
14. | Patrosu xarabalığa çevirəcəyəm, Soanı oda verəcəyəm, No şəhərini cəzalandıracağam. |
15. | Qəzəbimi Misirin qalası olan Sin üzərinə tökəcəyəm, No şəhərinin çoxlu əhalisini yox edəcəyəm. |
16. | Misiri oda verəcəyəm, Sin ağrıdan qıvrılacaq, No şəhərinin divarı yarılacaq. Gündüz vaxtı Nofda Düşmənlər cövlan edəcək. |
17. | On şəhərinin və Pi-Besetin cavanları Qılıncdan keçiriləcək. Oradakı əhali sürgün olunacaq. |
18. | Taxpanxesdə Misirin boyunduruğunu qırdığım zaman Orada gündüz qaranlığa çevriləcək, Qürurlandığı qüdrət məhv olacaq. Şəhər buludlarla örtüləcək, Qızları sürgün olunacaq. |
19. | Beləcə Misiri cəzalandıracağam. Onda biləcəklər ki, Rəbb Mənəm”». |
20. | Sürgünlüyümüzün on birinci ilində, birinci ayın yeddinci günü mənə Rəbbin sözü nazil oldu: |
21. | «Ey bəşər oğlu, Misir padşahı fironun qolunu qırdım. Qolu sağalmaq üçün bağlanmadı, ona sarğı qoyulmadı ki, qılınc ələ alacaq qədər güclənsin. |
22. | Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Misir padşahı fironun əleyhinəyəm. Hər iki qolunu – sağlam olanı da, sınanı da qıracaq, qılıncı əlindən salacağam. |
23. | Misirliləri millətlər arasına yayacağam, ölkələr arasına səpələyəcəyəm. |
24. | Babil padşahının qoluna güc verəcək, qılıncımı onun əlinə verəcəyəm. Fironun isə qollarını qıracağam. O, Babil padşahının önündə ağır yaralı kimi inildəyəcək. |
25. | Babil padşahının qoluna güc verəcəyəm, fironun qolları isə yanına düşəcək. Qılıncımı Babil padşahının əlinə verəndə, o da bu qılıncı Misir ölkəsinə tuşlayanda biləcəklər ki, Rəbb Mənəm. |
26. | Misirliləri millətlər arasına yayacağam və ölkələr arasına səpələyəcəyəm. Onda biləcəklər ki, Rəbb Mənəm”». |
← Ezekiel (30/48) → |