← Ezekiel (29/48) → |
1. | Sürgünlüyümüzün onuncu ilində, onuncu ayın on ikinci günü mənə Rəbbin sözü nazil oldu: |
2. | «Ey bəşər oğlu, üzünü Misir padşahı olan firona tərəf çevir, onun və bütün Misirin əleyhinə peyğəmbərlik edib söylə ki, |
3. | Xudavənd Rəbb belə deyir: “Ey öz çayları içində yatan Böyük əjdaha Misir padşahı firon, Mən sənin əleyhinəyəm. Sən deyirsən: ‹Nil çayı mənimdir, Onu özüm üçün yaratdım›. |
4. | Sənin çənənə qarmaq keçirəcəyəm, Çaylarındakı balıqları Sənin pulcuqlarına yapışdıracağam. Pulcuqlarına yapışmış balıqlarla birgə Səni çaylarından çıxaracağam. |
5. | Səni də, çaylarındakı bütün balıqları da Səhraya atacağam. Çöllərə düşəcəksən, Yığılıb basdırılmayacaqsan. Səni yem kimi vəhşi heyvanlara, Göydəki quşlara verəcəyəm. |
6. | Onda Misirdə yaşayan hər kəs Biləcək ki, Rəbb Mənəm. Çünki sən İsrail xalqı üçün Qamışdan olan bir dəyənək oldun. |
7. | Səndən yapışdıqları zaman Qırılıb onların çiyinlərini yardın, Sənə söykəndikləri zaman Qopub onların bellərini burxutdun”. |
8. | Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən sənin üstünə qılınc gətirəcəyəm, insanı da, heyvanı da üzərindən silib məhv edəcəyəm. |
9. | Misir kimsəsiz qalacaq və xarabalığa çevriləcək. Onda biləcəklər ki, Rəbb Mənəm. Firon dedi: ‹Nil çayı mənimdir, onu mən yaratdım›. |
10. | Buna görə də Mən sənin və çaylarının əleyhinə olacağam. Misir torpağını Miqdoldan Asvana, Kuş sərhədinə qədər kimsəsiz qoyacağam və xarabalığa çevirəcəyəm. |
11. | İçindən insan ayağı da, heyvan ayağı da keçməyəcək, orada qırx il adam yaşamayacaq. |
12. | Misiri xaraba qalan ölkələr kimi xarabalığa çevirəcəyəm. Şəhərləri viran olmuş şəhərlər kimi qırx il kimsəsiz qalacaq. Misirliləri millətlər arasına yayacağam, ölkələr arasına səpələyəcəyəm”. |
13. | Xudavənd Rəbb belə deyir: “Qırx ildən sonra Misirliləri səpələndikləri xalqların arasından bir yerə yığacağam. |
14. | Sürgün olunan Misirliləri Patros torpağına – öz vətənlərinə geri qaytaracağam. Onlar orada zəif bir padşahlıq yaradacaq. |
15. | Padşahlıqların ən gücsüzü olacaqlar, bir daha millətlərin üzərində ağalıq etməyəcəklər. Daha millətlərə hökmran olmasınlar deyə onların sayını azaldacağam. |
16. | Misir bir daha İsrail xalqının güvəndiyi yer olmayacaq. Misirlilər onlara Misirə qayıtmaqla günah etdiklərini xatırladacaqlar. İsraillilər onda biləcəklər ki, Xudavənd Rəbb Mənəm”». |
17. | Sürgünlüyümüzün iyirmi yeddinci ilində, birinci ayın birinci günü mənə Rəbbin sözü nazil oldu: |
18. | «Ey bəşər oğlu, Babil padşahı Navuxodonosor Surla müharibədə öz ordusuna çox zəhmət verdi: əsgərlərin saçı töküldü, ağır yük daşımaqdan çiyinləri yağır oldu. Amma Surla müharibədə ordusuna zəhmət verməsinə baxmayaraq, bunun nə özünə, nə də ordusuna bir xeyri oldu. |
19. | Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Misir ölkəsini Babil padşahı Navuxodonosora verəcəyəm. O, sərvətini aparıb ölkəni qarət və talan edəcək. Ordusunun xeyri bu olacaq. |
20. | Çəkdiyi zəhmətin əvəzində Misir ölkəsini ona verdim, çünki o da, ordusu da bu işi Mənim üçün etdi” Xudavənd Rəbb belə bəyan edir. |
21. | “O gün İsrail nəslinin gücünü özünə qaytaracağam. Onların arasında sənin dilini açacağam. Onda biləcəklər ki, Rəbb Mənəm”». |
← Ezekiel (29/48) → |