← Ezekiel (28/48) → |
1. | Mənə Rəbbin bu sözü nazil oldu: |
2. | «Ey bəşər oğlu, Sur hökmdarına söylə ki, Xudavənd Rəbb belə deyir: “Sən qürurlandın və belə söylədin: ‹Mən Allaham, Dənizlərin qoynunda, Allahın taxtında otururam›. Ürəyində özünü Allah sandın, Ancaq sən Allah deyil, insansan. |
3. | Bax sən Danieldən daha müdriksən, Heç kəs öz sirrini səndən gizlədə bilməz. |
4. | Müdrikliyin və ağlınla özünə sərvət yığdın, Xəzinələrinə qızıl-gümüş topladın. |
5. | Ticarətdə çox bacarıqlı olduğun üçün Öz sərvətini artırdın. Var-dövlətin çoxalanda Özünə qürrələndin”. |
6. | Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki ürəyində özünü Allah sandın, |
7. | Mən də yadelliləri, ən rəhmsiz millətləri Üstünə göndərəcəyəm. Onlar sənin müdrikliyinin gözəlliyinə Qılınc çəkib Əzəmətini murdarlayacaq. |
8. | Səni məzara endirəcəklər. Sən dənizlərin qoynunda Dəhşətli bir ölümlə məhv olacaqsan. |
9. | Səni öldürənlərə də ‹Mən Allaham› deyəcəksənmi? Səni öldürənlərin əlində Sən Allah deyil, insansan. |
10. | Yadellilərin əlində Sünnətsizlərin ölümü ilə öləcəksən”. Çünki Mən bunu söylədim, Xudavənd Rəbb belə bəyan edir». |
11. | Mənə yenə Xudavənd Rəbbin sözü nazil oldu: «Ey bəşər oğlu, Sur padşahı üçün mərsiyə oxuyub söylə ki, Xudavənd Rəbb belə deyir: |
12. | “Sən kamilliyin möhürüsən, Müdrikliyin bütöv, Gözəlliyin qüsursuz idi. |
13. | Sən Allahın bağçası olan Eden bağında idin. Cürbəcür qiymətli daşlarla – Yaqut, topaz, almaz, Sarı yaqut, damarlı əqiq, yəşəm daşı, Göy yaqut, firuzə və zümrüdlə bəzənmişdin. Qaxma və oyma işlərin qızıldan idi. Bunlar yaradıldığın gün hazırlanmışdı. |
14. | Sən məsh edilmiş, qoruyucu bir keruv idin. Səni bunun üçün qoymuşdum. Allahın müqəddəs dağının üstündə idin, Odlu daşlar arasında gəzirdin. |
15. | Yaradıldığın gündən Səndə pislik tapılana qədər Yollarında qüsursuz idin. |
16. | Bol ticarətindən ötrü İçin zorakılıqla doldu, Sən günah etdin. Buna görə də səni murdar bir şey kimi Allahın dağından atdım, Odlu daşların arasından qovdum, Ey qoruyucu keruv! |
17. | Gözəl olduğun üçün ürəyin qürurlandı, Əzəmətinə görə müdrikliyini korladın. Beləcə səni yerə atdım, Padşahların önündə tamaşaya çevirdim. |
18. | Çoxlu təqsir etdiyin üçün, Ticarətdə əliəyriliyinə görə Müqəddəs məkanlarını murdarladın. Mən içindən bir od çıxardım ki, Səni yandırıb məhv etsin. Bütün seyr edənlərin gözü önündə Səni torpaq üstündə külə çevirdim. |
19. | Xalqlar arasında səni tanıyanlar Fəlakətinə heyrət etdi. Aqibətin dəhşətli oldu, Artıq salamat qalmayacaqsan”». |
20. | Mənə Rəbbin bu sözü nazil oldu: |
21. | «Ey bəşər oğlu, üzünü Sidona tərəf çevirib onun əleyhinə peyğəmbərlik edərək söylə ki, |
22. | Xudavənd Rəbb belə deyir: “Ey Sidon, Mən sənin əleyhinəyəm, Sənin içində izzət qazanacağam. Mən sakinlərini cəzalandırıb Onların arasında müqəddəs tutulanda Biləcəklər ki, Rəbb Mənəm. |
23. | Əhalinin içinə vəba, Küçələrinə qan göndərəcəyəm. Hər tərəfdən onların üstünə gələn qılıncla Vurulub həlak olacaqlar. Onda biləcəklər ki, Rəbb Mənəm. |
24. | İsrail nəslinin ətrafında olub onları təhqir edən heç bir xalq bir daha İsrail üçün batan tikan, sancan qanqal olmayacaq. Onda biləcəklər ki, Rəbb Mənəm”. |
25. | Xudavənd Rəbb belə deyir: “İsrail xalqını aralarına səpələdiyim xalqların içindən yığanda, millətlərin gözü önündə müqəddəs tutulanda onlar qulum Yaquba verdiyim torpaqlarında sakin olacaq. |
26. | Orada asayiş içində yaşayacaq, evlər tikəcək və bağlar salacaqlar. Onları təhqir edən bütün ətraf xalqları cəzalandırdığım zaman asayiş içində yaşayacaqlar. Onda biləcəklər ki, Rəbb Mənəm”». |
← Ezekiel (28/48) → |