← Ezekiel (27/48) → |
1. | Mənə Rəbbin bu sözü nazil oldu: |
2. | «Sən ey bəşər oğlu, Sur üçün mərsiyə oxuyub |
3. | ona söylə ki, sən ey dəniz qapılarında yerləşən, çoxlu sahil xalqı ilə ticarət edən şəhər, Xudavənd Rəbb belə deyir: “Ey Sur, sən dedin: ‹Mən gözəllikdə qüsursuzam›. |
4. | Sərhədlərin dənizin qoynunda idi. Səni tikənlər gözəlliyini kamil etdi. |
5. | Bütün taxtalarını Senirin şam ağaclarından düzəltdilər. Sənə dor qayırmaq üçün Livandan sidr ağacları gətirdilər. |
6. | Avarlarını Başanın palıd ağaclarından qayırdılar, Göyərtəni fil sümüyü ilə bəzənən, Kittim sahillərindən gətirilən Şam ağaclarından düzəltdilər. |
7. | Sənin yelkənin, bayrağın Misirin naxışlı kətanından oldu. Talvarın Elişa sahillərinin Bənövşəyi və tünd qırmızı parçalarından idi. |
8. | Sidonda və Ervadda yaşayanlar Sənin avar çəkənlərin idi. Ey Sur, səndə bacarıqlı adamlar var idi, Gəmiçilərin onlardan idi. |
9. | Gəmilərindəki yarıqları təmir edənlər Gevalın təcrübəli və bacarıqlı adamları idi. Dənizdəki bütün gəmilər və dənizçilər Mallarını dəyişmək üçün Sənin yanına gəldi. |
10. | Fars, Lud və Put əsgərləri Ordunda xidmət edirdi. Qalxanlarını, dəbilqələrini Divarlarından asdılar, Sənə əzəmət verdilər. |
11. | Ervaddan və Xelekdən gələnlər Hər tərəfdən divarlarını qorudu. Qammadlılar qüllələrində gözətçi oldu. Qalxanlarını divarlarından asdı, Gözəlliyini kamil etdi. |
12. | Səndə hər cür mal bol olduğu üçün Tarşiş səninlə ticarət etdi, Mallarının əvəzinə sənə Gümüş, dəmir, qalay və qurğuşun verdilər. |
13. | Yavan, Tuval və Meşek səninlə ticarət etdi, Mallarının əvəzinə sənə Qullar və tunc qablar verdilər. |
14. | Bet-Toqarma xalqı Mallarının əvəzinə sənə At, döyüş atı və qatır verdi. |
15. | Dedan xalqı səninlə ticarət etdi, Çoxlu sahil xalqı sənin müştərin idi, Səndən aldıqları malın əvəzinə Fil sümüyü və abnos ağacı verdilər. |
16. | Sənin məmulatın çox olduğu üçün Aram səninlə ticarət etdi, Mallarının əvəzində sənə Firuzə, tünd qırmızı qumaş, naxışlı paltarlar, İncə kətan, mərcan və yaqut verdilər. |
17. | Yəhuda və İsrail ölkəsi səninlə ticarət etdi, Mallarının əvəzinə sənə Minnit buğdası, darı, bal, Zeytun yağı və balzam verdilər. |
18. | Sənin məmulatın çox olduğu üçün, Səndə hər cür mal bol olduğuna görə Dəməşq səninlə ticarət etdi, Helbon şərabı, Saxar yunu ilə ticarət etdi. |
19. | Vadan və Uzaldan gələn Yavan səninlə ticarət etdi. Sənə gətirilən mallar arasında İşlənmiş dəmir, darçın və ətirli qamış var idi. |
20. | Dedan xalqı səninlə ticarət edib Sənə yəhər üçün qumaş verdi. |
21. | Ərəbistan və bütün Qedar rəhbərləri Sənin müştərilərin idi, Quzu, qoç və təkə ilə Səninlə ticarət etdilər. |
22. | Səba və Raama tacirləri Səninlə ticarət etdi. Mallarının əvəzinə sənə Hər cür dəyərli ətriyyat, qiymətli daşlar və qızıl verdilər. |
23. | Xaran, Kanne, Eden, Səba tacirləri, Aşşur və Kilmad Səninlə ticarət etdi, |
24. | Onlar bazarlarında Gözəl paltar, bənövşəyi qumaş, naxışlı libaslar, Sıx toxunmuş, iplərlə bağlanmış Rəngli xalçalarla Səninlə ticarət etdi. |
25. | Tarşiş gəmiləri sənin mallarını daşıdı. Dənizin qoynunda böyük yüklə doldun. |
26. | Avarçəkənlərin səni açıq dənizlərə çıxartdı, Ancaq şərq yeli dənizin qoynunda səni parçaladı. |
27. | Gəmin qəzaya uğradığı gün Var-dövlətin, malların, ticarət şeylərin, Gəmiçilərin, sükançıların, Təmirçilərin, ticarət şəriklərin, Döyüşçülərin – içində olan bütün camaat Dənizin dərinliklərinə batacaq. |
28. | Sükançıların fəryadından Dənizin sahilləri titrəyəcək. |
29. | Avarçəkənlərin hamısı gəmilərini tərk edəcək, Gəmiçilərlə sükançıların hamısı Gəmilərindən düşüb quruda dayanacaq. |
30. | Uca səslə sənin üçün Acı-acı fəryad edəcəklər. Başlarına torpaq səpələyəcəklər, Küldə eşələnəcəklər. |
31. | Sənin üçün saçlarını ülgüclə qırxacaqlar, Çula bürünəcəklər. Sənin üçün acı-acı ağlayıb Yas tutacaqlar. |
32. | Yaslarında sənin üçün mərsiyə oxuyub Belə deyəcəklər: ‹Dənizin ortasında Sur şəhəri kimi susdurulan Bir şəhər varmı görəsən?› |
33. | Malların dənizin o tayına çatanda Çoxlu xalqı doydururdun. Böyük var-dövlətinlə, malınla Dünya padşahlarını sərvət sahibi edirdin. |
34. | İndi isə dənizdə, suların dərinliyində Xarabalığa çevrildiyin zaman Mal-dövlətin və bütün camaatın Səninlə birlikdə batdı. |
35. | Sahillərdə yaşayanların hamısı Başına gələnlərdən heyrətə düşdü. Onların padşahlarının tükləri biz-biz oldu, Bənizləri soldu. |
36. | Millətlərin arasındakı tacirlər Sənə görə fit çalacaq. Aqibətin dəhşətli oldu, Sən əbədi olaraq yox olacaqsan”». |
← Ezekiel (27/48) → |