← Ezekiel (25/48) → |
1. | Mənə Rəbbin bu sözü nazil oldu: |
2. | «Ey bəşər oğlu, üzünü Ammon övladlarına tərəf çevir və onların əleyhinə peyğəmbərlik et. |
3. | Ammon övladlarına söylə ki, Xudavənd Rəbbin sözünü dinləsinlər. Xudavənd Rəbb belə deyir: “Siz Müqəddəs məkanım ləkələnəndə, İsrail torpağı viran ediləndə və Yəhuda nəsli sürgünə gedəndə ‹nə yaxşı› dediniz. |
4. | Buna görə də Mən icazə verəcəyəm ki, şərq xalqları sizin torpağınızı fəth etsin. Onlar torpağınızda yurd salacaq, çadır quracaq. Meyvələrinizi onlar yeyəcək, südünüzü onlar içəcək. |
5. | Rabbanı dəvələr üçün otlağa, Ammon övladlarının torpağını sürülər üçün ağıla çevirəcəyəm. Onda biləcəksiniz ki, Rəbb Mənəm”. |
6. | Xudavənd Rəbb belə deyir: “İndi ki siz əllərinizi bir-birinə vurub ayaqlarınızı yerə döydünüz və İsrail torpağını təhqir edib fəlakətinə bütün qəlbinizlə sevindiniz, |
7. | Mən də sizə qarşı əlimi uzadıb sizi qarət malı kimi millətlər arasında bölüşdürəcək, xalqlar sırasından silib-atacaq, ölkələr içindən yox edəcək və məhv edəcəyəm. Onda biləcəksiniz ki, Rəbb Mənəm”. |
8. | Xudavənd Rəbb belə deyir: “Moav və Seir xalqı deyir ki, budur, daha Yəhuda nəslinin başqa xalqlardan fərqi yoxdur. |
9. | Buna görə də Mən Moavın sərhədini açıb ölkənin şöhrəti olan sərhəd şəhərlərini – Bet-Yeşimotu, Baal-Meonu, Qiryatayimi müdafiəsiz qoyacağam. |
10. | Ammonlular bir daha xalqlar arasında yada salınmasınlar deyə Moavı Ammonluların torpağı ilə birlikdə şərq xalqlarına verəcəyəm. |
11. | Beləcə Moav xalqını cəzalandıracağam. Onda biləcəklər ki, Rəbb Mənəm”. |
12. | Xudavənd Rəbb belə deyir: “Edom qisas alaraq Yəhuda nəsli ilə pis rəftar etdi, onlardan intiqam alaraq böyük təqsir etdi”. |
13. | Buna görə də Xudavənd Rəbb belə deyir: “Edom torpağına əlimi uzadıb insanı da, heyvanı da oradan silib-atacaq, ölkəni viran edəcəyəm. Temandan Dedana qədər Edomlular qılıncla vurulub həlak olacaq. |
14. | Mən xalqım İsrail vasitəsilə Edomdan Öz qisasımı alacağam. İsraillilər Edomda qəzəb və hiddətimə görə rəftar edəcək. Beləcə Edomlular Mənim qisasımın nə olduğunu anlayacaq” Xudavənd Rəbb belə bəyan edir. |
15. | Xudavənd Rəbb belə deyir: “Filiştlilər Yəhudadan qisas alaraq pis rəftar etdi, ürəklərindəki əbədi ədavətlə onu yerlə yeksan edərək intiqam aldı”. |
16. | Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Filiştlilərə qarşı əlimi uzadıb Keretliləri silib-atacağam, dəniz sahilində yaşayanlardan salamat qalanları məhv edəcəyəm. |
17. | Onları şiddətlə məzəmmətləyib böyük qisaslar alacağam. Onlardan qisas alanda biləcəklər ki, Rəbb Mənəm”». |
← Ezekiel (25/48) → |