| ← Ezekiel (24/48) → |
| 1. | Sürgünlüyümüzün doqquzuncu ilində, onuncu ayın onuncu günü mənə Rəbbin bu sözü nazil oldu: |
| 2. | «Ey bəşər oğlu, bu günün, məhz bu günün tarixini qeyd elə. Çünki Babil padşahı məhz bu gün Yerusəlimi mühasirəyə aldı. |
| 3. | Bu üsyankar xalqa bir məsəl danışıb söylə ki, Xudavənd Rəbb belə deyir: “Qazanı oda qoy, oda qoy, İçinə su doldur. |
| 4. | Ətin parçalarını, ən yaxşı parçalarını, Budu və döşü oraya yığ. Onu seçilmiş sümüklərlə doldur. |
| 5. | Sürüdən ən yaxşı heyvanları götür, Qazanın altına isə odun yığ. Qoy içindəki su qaynasın ki, Qazandakı sümükləri də bişsin”. |
| 6. | Buna görə də Xudavənd Rəbb belə deyir: “Qan tökən şəhərin vay halına! Ora pas tutmuşdur, Öz pasından təmizlənməmiş qazana bənzəyir. Püşk atmadan əti parça-parça qazandan çıxarın. |
| 7. | Çünki onun tökdüyü qan hələ içindədir. Qanı tozla örtmək üçün hətta yerə də tökmədi, Düz çılpaq qayanın üstünə axıtdı. |
| 8. | Mən də qəzəbi alovlandıraraq Qisas alınsın deyə Onun qanını çılpaq bir qayanın Üstünə tökdüm ki, örtülməsin”. |
| 9. | Buna görə də Xudavənd Rəbb belə deyir: “Qan tökən şəhərin vay halına! Mən də odun qalağını böyüdəcəyəm. |
| 10. | Odunları yığ, odu alovlandır, Əti yaxşı bişir, Ədviyyatını qat, Sümüklər də yansın. |
| 11. | Onun közləri üstünə Qazanı boş qoy ki, qızsın, Misi yansın, İçindəki murdarlığı getsin, Pası ərisin. |
| 12. | Bütün zəhmət hədər getdi, Qalın pası ərimək bilmir, Pası odla da çıxmır. |
| 13. | Etdiyin pozğunluq səni murdarladı, Səni təmizləmək istədim, Amma sən təmizlənmək istəmədin. Sənə qarşı qəzəbim yatana qədər Öz murdarlığından təmizlənməyəcəksən. |
| 14. | Mən Rəbb bunu söylədim, Vaxt çatdı ki, yerinə yetirim. Çəkinməyəcəyəm, acımayacağam, Peşman olmayacağam. Adətlərinə və əməllərinə görə cəzalanacaqsan” Xudavənd Rəbb belə deyir». |
| 15. | Mənə Rəbbin bu sözü nazil oldu: |
| 16. | «Ey bəşər oğlu, gözündə çox qiymətli olan bir nəfəri bir zərbə ilə əlindən alacağam. Amma sən yas tutma, ağlayıb göz yaşı tökmə. |
| 17. | İçin-için ağla, ölülər üçün yas tutma. Çalmanı başına qoyub çarığını ayağına gey. Üzünün alt hissəsini örtmə, yas tutanların çörəyini yemə». |
| 18. | Mən səhər xalqa bu sözləri söylədim. Axşamüstü arvadım öldü. Ertəsi gün səhər mənə əmr olunanı etdim. |
| 19. | Xalq mənə dedi: «Etdiyin bu şeylərin bizə nə dəxli var? Bizə bildirməzsən?» |
| 20. | Mən onlara dedim: «Mənə Rəbbin bu sözü nazil oldu: |
| 21. | İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Öyündüyünüz güc mənbəyinizi, gözünüzdə ən qiymətli olan şeyi, ürəyinizin arzusu olan Müqəddəs məkanımın murdarlanmasına izin verəcəyəm. Arxada qoyduğunuz oğullarınız və qızlarınız qılıncdan keçiriləcək. |
| 22. | Mən nə etdimsə, siz də elə edəcəksiniz: üzünüzün alt hissəsini örtməyəcəksiniz, yas tutanların çörəyini yeməyəcəksiniz. |
| 23. | Çalmanız başınızda, çarığınız ayağınızda olacaq. Yas tutmayacaq, ağlamayacaqsınız, ancaq təqsirlərinizin içində əriyib yox olacaq, baş-başa verib inləyəcəksiniz. |
| 24. | Yezekel sizə bir əlamət olacaq: o nə edəcəksə, siz də onu edəcəksiniz. Bu hadisələr olanda biləcəksiniz ki, Xudavənd Rəbb Mənəm”. |
| 25. | Sən ey bəşər oğlu, qalalarını, sevinc və izzətlərini, gözlərində qiymətli olan şeyi, ürəklərinin arzusunu, oğulları ilə qızlarını onlardan aldığım vaxt – |
| 26. | o gün fəlakətdən qaçıb qurtulan bir nəfər gəlib sənə bu xəbəri bildirəcək. |
| 27. | O gün bu qaçağın yanında dilin açılacaq, onunla danışacaq, artıq dinməz qalmayacaqsan. Beləcə onlar üçün bir əlamət olacaqsan. Onda biləcəklər ki, Rəbb Mənəm». |
| ← Ezekiel (24/48) → |