← Ezekiel (22/48) → |
1. | Mənə Rəbbin bu sözü nazil oldu: |
2. | «Sən ey bəşər oğlu, mühakimə edəcəksənmi, qan tökən şəhəri mühakimə edəcəksənmi? Gəl bütün iyrənc işlərini ona bildir. |
3. | Ona söylə ki, Xudavənd Rəbb belə deyir: “Əcəli gəlsin deyə öz içində qan tökən bütlər düzəldərək özünü murdarlayan şəhər! |
4. | Sən tökdüyün qana görə təqsirkar oldun, düzəltdiyin bütlərə görə murdar oldun. Sən əcəlini yaxınlaşdırdın, ömrün sona çatdı. Buna görə də səni millətlər içində rüsvayçılıq, bütün ölkələr arasında istehza hədəfinə çevirdim. |
5. | Ey adı pisliyə çıxan, fitnə dolu şəhər, yaxın olanlar da, uzaq olanlar da sənə istehza edəcək. |
6. | Budur, sənin içində olan hər bir İsrail rəhbəri əlindən gəldiyi qədər qan tökür. |
7. | Sənin içində ata-anaya hörmət edilmir, sənin içində qəribə qarşı zorakılıq, yetimə və dul qadına haqsızlıq edilir. |
8. | Müqəddəs şeylərimə xor baxdın, Şənbə günlərimə məhəl qoymadın. |
9. | Sənin içində qan tökmək istəyən böhtançı adamlar var. Sənin içində dağlarda gətirilən qurbandan yeyir, şəhvətə qapılırlar. |
10. | Sənin içində ögey anaları ilə yatanlar, aybaşı olub murdarlanan qadınları zorlayanlar var. |
11. | Sənin içində kimi qonşusunun arvadı ilə iyrənc iş edir, kimi həyasızlıqla gəlinini murdar edir, kimi öz atasının qızını – bacısını zorlayır. |
12. | Sənin içində qan tökmək üçün rüşvət alırlar. Sələm və müamilə ilə pul verirsən, zorakılıqla qonşularından haqsız muzd alırsan. Beləcə Məni unutdun” Xudavənd Rəbb belə bəyan edir. |
13. | “Əldə etdiyin haqsız muzddan ötrü və sənin içində tökülən qana görə əllərimi bir-birinə vururam. |
14. | Sənə qarşı hərəkətə gəldiyim gün ürəyində taqət olacaqmı, qollarında qüvvət qalacaqmı? Mən Rəbb bunu söylədim və hökmən yerinə yetirəcəyəm. |
15. | Səni millətlər arasına yayacağam, ölkələr arasına səpələyəcəyəm, içindəki murdarlığı məhv edəcəyəm. |
16. | Millətlərin gözündə ləkələnəcəksən. Onda biləcəksən ki, Rəbb Mənəm”». |
17. | Mənə Rəbbin bu sözü nazil oldu: |
18. | «Ey bəşər oğlu, mənim üçün İsrail nəsli metal tullantısına çevrilib. Hamısı soba içində qalan tunca, qalaya, dəmirə, qurğuşuna bənzəyir, gümüş tullantısı kimidir. |
19. | Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki hamınız metal tullantısı kimi oldunuz, Mən sizi Yerusəlimə yığacağam. |
20. | Əritmək üçün odu üfürüb gümüşü, tuncu, dəmiri, qurğuşunu və qalayı necə sobada toplayırlarsa, Mən də eləcə sizi qəzəb və hiddətimlə toplayacağam, sizi şəhərə qoyub əridəcəyəm. |
21. | Sizi toplayıb qəzəbimin odunu üstünüzə üfürəcəyəm və şəhərin içində əriyəcəksiniz. |
22. | Soba içində gümüş necə əridilirsə, siz də şəhərin içində əriyəcəksiniz. Onda biləcəksiniz ki, üstünüzə qəzəbimi tökən Mən Rəbbəm”». |
23. | Mənə Rəbbin bu sözü nazil oldu: |
24. | «Ey bəşər oğlu, ona söylə: “Sən qəzəb günündə təmizlənməmiş, üstünə yağış yağmamış bir torpaqsan. |
25. | Ölkənin peyğəmbərləri nərildəyən, ovunu parçalayan aslan kimi orada tələ qurdu, canlara qıydı, xəzinə və qiymətli şeylər ələ keçirdi, şəhərdə çoxlu qadınları dul qoydu. |
26. | Kahinləri Mənim qanunumu pozdu, müqəddəs şeylərimi murdarladı, müqəddəs şeyi adi şeydən ayırmadı, murdar şeylə pak şey arasındakı fərqi öyrətmədi. Onlar Mənim Şənbə günlərimə göz yumdu və müqəddəsliyimə etinasızlıq etdi. |
27. | Ölkə içindəki başçıları ovunu parçalayan canavar kimidir, haqsız muzd əldə etmək üçün qan tökür, cana qıyırlar. |
28. | Peyğəmbərləri uydurma görüntülər görüb, yalan fal açaraq bu günahların üstünə suvaq vurur. Mən Rəbb elə demədiyim halda ‹Xudavənd Rəbb belə deyir› söyləyirlər. |
29. | Ölkə xalqı isə bir-birini qarət edərək soyğunçuluqla məşğuldur. Onlar məzlumu və fəqiri incidir, haqsız yerə qəribə zülm edir. |
30. | Onların içində bir adam axtardım ki, divarı təmir etsin və Mənim hüzurumda ölkə naminə divardakı dəliklərin önündə dayansın ki, oranı yerlə yeksan etməyim, ancaq belə adam tapmadım. |
31. | Buna görə də üstlərinə qəzəbimi tökəcəyəm, hiddətimlə onları yandırıb məhv edəcəyəm. Əməllərinin əvəzini başlarına gətirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir». |
← Ezekiel (22/48) → |