← Ezekiel (2/48) → |
1. | O mənə dedi: «Ey bəşər oğlu, ayağa qalx, Mən səninlə danışacağam». |
2. | O mənimlə danışarkən Ruh daxilimə girdi və məni ayağa qaldırdı. Mənimlə danışan bir Şəxsin səsini eşitdim. |
3. | O mənə dedi: «Ey bəşər oğlu, səni Mənə qarşı üsyan edən İsrail övladlarının – üsyankar bir millətin yanına göndərirəm. Onlar ataları ilə birgə bu günə qədər Mənə qarşı üsyan edir. |
4. | Səni yanlarına göndərəcəyim xalq dikbaş və inadkardır. Sən onlara deyəcəksən: “Xudavənd Rəbb belə deyir!” |
5. | İstəyirlər sənə qulaq assınlar, istəyirlər yox, çünki onlar üsyankar bir xalqdır. Ancaq bilsinlər ki, aralarında bir peyğəmbər var. |
6. | Ancaq, ey bəşər oğlu, sən qanqallar və tikanlar arasında olsan da, əqrəblər içində otursan da, o adamlardan qorxma, onların sözlərindən çəkinmə. Üsyankar bir xalq olsalar da, onların sözlərindən çəkinmə, onlardan qorxma. |
7. | Sən onlara Mənim sözlərimi söylə, istəyirlər sənə qulaq assınlar, istəyirlər yox, çünki onlar üsyankardır. |
8. | Ey bəşər oğlu, sənsə Mənim söylədiklərimə qulaq as, bu üsyankar xalq kimi sən də üsyankar olma. Ağzını aç və Mənim sənə verəcəyim şeyi ye». |
9. | Mən baxıb gördüm ki, mənə tərəf bir əl uzandı və əlin içində bir tumar var. |
10. | O, tumarı qabağımda açdı. Tumarın önü və arxası yazılı idi, üzərində «mərsiyə, matəm, bəla» sözləri yazılmışdı. |
← Ezekiel (2/48) → |