← Ezekiel (19/48) → |
1. | Sən İsrail rəhbərləri üçün mərsiyə oxuyub söylə: |
2. | “Sənin anan nə idi? Şirlər arasında dişi bir şir! O, cavan aslanların içində yatardı, Balalarını bəsləyərdi. |
3. | O, balalarından birini böyütdü, Bala cavan bir şir oldu. Şikar etməyi öyrəndi, Adamları yeməyə başladı. |
4. | Millətlər onun xəbərini eşitdi, Bu şir onların quyusuna düşüb ələ keçdi. Burnuna halqa taxıb onu Misir torpağına gətirdilər. |
5. | Dişi şir boş yerə gözlədiyini, Ümid qalmadığını görəndə Balalarından birini götürüb Cavan bir şir etdi. |
6. | Bu bala şirlər arasında gəzirdi. O da cavan bir şir olub Şikar etməyi öyrəndi, Adamları yeməyə başladı. |
7. | Onların qəsrlərini dağıtdı, Şəhərlərini viran etdi. Bu şirin nərə səsindən Ölkə və onun əhalisi dəhşət içində idi. |
8. | Ətraf ölkələrin millətləri Onun üstünə gəldi, Öz torlarını üzərinə atdı, Bu şir onların quyusuna düşüb ələ keçdi. |
9. | Onun burnuna halqa taxıb qəfəsə saldılar. Onu Babil padşahının yanına gətirdilər. Sonra qalaya saldılar ki, İsrail dağları üzərində Bir daha səsi eşidilməsin. |
10. | Sənin anan da çay kənarındakı bağında Əkilmiş bir üzüm tənəyi kimi idi. Bol sulardan bəhərli oldu, Çoxlu qol-budaq verdi. |
11. | Onun budaqları Padşah əsası olacaq qədər gücləndi, Boyu hündür ağaclara qədər ucaldı, Onun çoxlu budaqları ilə Hündürlüyü görünürdü. |
12. | Ancaq onu qəzəblə Kökündən çıxarıb yerə atdılar, Şərq küləyi onun meyvəsini qurutdu, Möhkəm budaqları qoparıldı, Onlar qurudu, Onları od yandırıb-yaxdı. |
13. | O indi Çöldə, quraq və susuz torpaqda əkildi. |
14. | Gövdəsinin bir budağından od çıxdı, Onun meyvəsini yandırıb-yaxdı. Onda padşah əsası olmaq üçün Bir möhkəm budaq da qalmadı”. Bu bir mərsiyə idi, mərsiyə olaraq da qalacaq». |
← Ezekiel (19/48) → |