← Ezekiel (17/48) → |
1. | Mənə Rəbbin bu sözü nazil oldu: |
2. | «Ey bəşər oğlu, İsrail nəslinə bir tapmaca de və bir məsəl danışıb |
3. | söylə ki, Xudavənd Rəbb belə deyir: “Qanadları böyük, lələkləri uzun, üstü rəngbərəng tüklərlə dolu iri bir qartal Livana uçdu və sidr ağacının başından bir zoğ götürdü. |
4. | Onun körpə budaqlarının başını qoparıb ticarət ölkəsinə apardı və onu tacirlər şəhərinə qoydu. |
5. | O torpağın toxumunu götürüb bərəkətli torpaqda əkdi. Söyüd ağacı əkilən kimi onu gur axan suların kənarında yerləşdirdi. |
6. | O da böyüyüb enli, balacaboy bir üzüm meynəsi oldu. Budaqları qartala doğru əyilirdi, kökləri isə altında qalırdı. Beləcə şaxə verən, budaq salan bir üzüm tənəyi oldu. |
7. | Böyük qanadları, çoxlu tükləri olan başqa iri qartal da var idi. Üzüm tənəyi köklərini ona tərəf döndərdi, budaqlarını əkildiyi ləklərdən ona doğru uzatdı ki, sulansın. |
8. | O, gur axan suların kənarında, bərəkətli torpaqda əkildi ki, qol-budaq atsın, meyvə yetirsin və möhtəşəm bir üzüm tənəyi olsun”. |
9. | Sən söylə ki, Xudavənd Rəbb belə deyir: “Bu üzüm tənəyi bəhərli olacaqmı? Əvvəlki qartal onun köklərini qırıb meyvələrini qurumaq üçün qoparmayacaqmı? Onun təzə bitən bütün pöhrələri quruyacaq. Kökündən qırıb atmaq üçün böyük qüvvəyə yaxud çoxlu adama ehtiyac olmayacaq. |
10. | O əkilsə də, bəhrəsi olacaqmı? Şərq küləyi ona toxunan kimi tamamilə qurumayacaqmı? Bəli, bitdiyi ləklərdə quruyacaq”». |
11. | Mənə Rəbbin bu sözü nazil oldu: |
12. | «İndi o üsyankar nəslə söylə: “Bu şeylərin mənasını bilmirsinizmi?” Onlara de: “Budur, Babil padşahı Yerusəlimə gəldi, oranın padşahını və başçılarını götürüb Babilə, öz yanına apardı. |
13. | Padşah nəslindən olan bir nəfəri götürərək onunla əhd kəsib and içdirdi. Ölkənin igid adamlarını da götürüb apardı ki, |
14. | padşahlıq alçaldılıb daha qalxa bilməsin və əhdinə sadiq olub yerində qalsın. |
15. | Ancaq Yəhuda padşahı atlar və çoxlu əsgər versinlər deyə elçilərini Misirə göndərərək Babil padşahına qarşı üsyan qaldırdı. O uğur qazanacaqmı? Bu işləri görən salamat qalacaqmı? Əhdi pozan salamat qalacaqmı?” |
16. | Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, hökmən onu taxta oturdan padşahın ölkəsində – Babildə öləcək, çünki içdiyi anda xor baxdı, bağladığı əhdi pozdu. |
17. | Babillilər çoxlu adam qırmaq üçün torpaq qalağı və mühasirə divarları düzəldəndə firon güclü ordusu, böyük qoşunu ilə müharibədə ona kömək edə bilməyəcək. |
18. | Çünki o, əhdi pozaraq içdiyi anda xor baxdı, söz verdiyi halda bütün bu işləri etdiyinə görə özü də qaçıb qurtara bilməyəcək”. |
19. | Buna görə də Xudavənd Rəbb belə deyir: “Varlığıma and olsun ki, önümdə içdiyi anda xor baxdığına görə, əhdimi pozduğu üçün onu cəzalandıracağam. |
20. | Onun üstünə Öz torumu sərəcəyəm, onu Öz tələmə salıb Babilə gətirəcəyəm. Mənə xəyanət etdiyinə görə orada onu mühakimə edəcəyəm. |
21. | Onun bütün fərari əsgərləri qılıncla həlak olacaq, yerdə qalanlar küləyin əsdiyi dörd tərəfə dağılacaq. Onda biləcəksiniz ki, Mən Rəbb bunu söylədim”. |
22. | Xudavənd Rəbb belə deyir: “Mən hündür sidr ağacının başından Bir zoğ götürüb əkəcəyəm. Onun budaqlarının başından Zərif bir budaq qoparacağam, Onu hündür, dik bir dağın zirvəsində əkəcəyəm. |
23. | Onu İsrailin uca dağına əkəcəyəm. O, qol-budaq atıb meyvə verəcək, Möhtəşəm bir sidr ağacı olacaq. Hər cür quş onun altına sığınacaq, Budaqlarının kölgəsində yuva quracaq. |
24. | Bütün çöl ağacları biləcək ki, Hündür ağacı Mən Rəbb alçaltdım, Alçaq ağacı yüksəltdim, Yaşıl ağacı qurutdum, Quru ağacı yaşıllaşdırdım. Mən Rəbb bunu söylədim və Hökmən yerinə yetirəcəyəm”». |
← Ezekiel (17/48) → |