← Ezekiel (10/48) → |
1. | Mən baxıb gördüm ki, keruvların başı üzərindəki qübbənin üstündə göy yaqut daşı kimi görünüşcə taxta bənzər bir şey peyda oldu. |
2. | Rəbb kətan geyinmiş adama belə söylədi: «Keruvların altındakı fırlanan təkərlərin arasına girib keruvların arasından iki ovuc odlu köz götür və şəhərin üzərinə səpələ». O adam gözümün qabağında oraya girdi. |
3. | O adam oraya girəndə keruvlar məbədin cənub tərəfində durmuşdu. Bu zaman bulud içəri həyətə doldu. |
4. | Rəbbin izzəti keruvun üstündən qalxıb məbədin kandarına getdi. Məbədi bulud bürüdü və həyət Rəbbin izzətinin nuru ilə doldu. |
5. | Keruvların qanadlarının səsi bayır həyətə qədər gəlirdi. Bu səs Külli-İxtiyar Allah danışdığı zaman çıxan səs kimi uca idi. |
6. | Rəbb kətan geyinmiş adama «keruvların və fırlanan təkərlərin arasından od götür» deyə əmr edəndə o girib bir təkərin yanında durdu. |
7. | Onda keruvlardan biri keruvların arasından əlini uzadıb onların ortasında olan odu götürdü və kətan geyinmiş adamın ovcuna qoydu. O adam da odu götürüb çıxdı. |
8. | Keruvların qanadları altında insan əlinə bənzər bir şey göründü. |
9. | Mən baxıb gördüm ki, keruvların yanında dörd təkər və hər keruvun yanında bir təkər var. Təkərlər sarı yaqut kimi parıldayırdı. |
10. | Dördünün də görünüşü eyni cür idi, sanki bir təkər o biri təkər içində yerləşmişdi. |
11. | Getdikləri zaman dörd tərəfə hərəkət edirdilər, gedərkən sağa-sola dönmürdülər. Baş hansı tərəfə yönəlmişdisə, o tərəfə də gedirdilər, gedərkən sağa-sola dönmürdülər. |
12. | Onların bütün bədəni, kürəyi, əlləri, qanadları və təkərləri – dördünün də təkərləri hər tərəfdən gözlərlə dolu idi. |
13. | Mən bu təkərlərə «fırlanan təkərlər» deyildiyini eşitdim. |
14. | Canlı məxluqların hər birinin dörd üzü var idi: birincisi keruv üzü, ikincisi insan üzü, üçüncüsü aslan üzü və dördüncüsü qartal üzü idi. |
15. | Keruvlar yerdən qalxdı. Bunlar Kevar çayının sahilində gördüyüm həmin canlı məxluqlar idi. |
16. | Keruvlar gedəndə onların yanında olan təkərlər də gedirdi. Keruvlar yerdən qalxmaq üçün qanadlarını qaldıranda təkərlər də onların yanından ayrılmırdı. |
17. | Onlar dayananda bunlar da dayanırdı, onlar yerdən qalxanda bunlar da birlikdə yerdən qalxırdı, çünki canlı məxluqların ruhu təkərlərdə idi. |
18. | Rəbbin izzəti məbədin kandarından çıxdı və keruvların üstündə durdu. |
19. | Keruvlar gedəndə qanadlarını qaldırıb gözümün önündə yerdən qalxdı, təkərlər də yanlarında idi. Onlar Rəbbin məbədinin şərq darvazasının giriş yerində dayandı. İsrail Allahının izzəti yuxarıda, onların üzərində idi. |
20. | Bunlar Kevar çayının sahilində, İsrail Allahının altında gördüyüm həmin canlı məxluqlar idi. Mən bildim ki, onlar keruvdur. |
21. | Hər birinin dörd üzü və dörd qanadı var idi. Qanadları altında insan əllərinə bənzər bir şey var idi. |
22. | Onların üzlərinin bənzəyişi Kevar çayı sahilində gördüyüm üzlərə oxşayırdı. Hər biri üz tutduğu tərəfə irəliləyirdi. |
← Ezekiel (10/48) → |