← Exodus (9/40) → |
1. | Rəbb Musaya dedi: «Fironun yanına gedib ona söylə: “İbranilərin Allahı Rəbb belə deyir: xalqımı burax ki, Mənə ibadət etsin! |
2. | Əgər sən onları buraxmaqdan boyun qaçırıb saxlamağı davam etsən, |
3. | budur, Rəbb tarlanda olan heyvanların – at, eşşək, dəvə, mal-qara və qoyun-keçinin üzərinə əlini qaldıracaq; çox ağır qırğın olacaq. |
4. | Ancaq Rəbb İsrail övladlarının heyvanları ilə Misirlilərin heyvanları arasında fərq qoyacaq. İsrail övladlarına məxsus olan heyvanlardan heç biri ölməyəcək”». |
5. | Rəbb vaxt təyin edib dedi: «Rəbb bunu ölkədə sabah edəcək». |
6. | Məhz bunu da Rəbb səhəri gün etdi. Misirlilərin bütün heyvanları öldü. Ancaq İsrail övladlarının heyvanlarından heç biri ölmədi. |
7. | Firon vəziyyəti soruşdu və İsrail övladlarının heyvanlarından heç birinin ölmədiyi barədə xəbər aldı. Ancaq fironun ürəyi inadkar oldu və o, xalqı buraxmadı. |
8. | Rəbb Musaya və Haruna dedi: «Kürədən əlinizə ovuc-ovuc qurum götürün. Qoy Musa onu fironun gözü önündə göyə səpsin. |
9. | Bütün Misir torpağında toz qalxacaq, insanların və heyvanların bədənində irinli çibanlar əmələ gətirəcək». |
10. | Onlar kürə qurumunu götürüb fironun hüzurunda dayandılar. Musa onu göyə qədər səpdi, insanların və heyvanların bədəninə irinli çibanlar çıxdı. |
11. | Sehrbazlar da bu cəzaya görə Musanın qabağında dayana bilmədilər, çünki sehrbazların və bütün Misirlilərin bədənlərinə çibanlar çıxmışdı. |
12. | Rəbbin Musaya söylədiyi kimi oldu: Rəbb fironun ürəyini inadkar etdi və firon onlara qulaq asmadı. |
13. | Rəbb Musaya dedi: «Sabah səhər tezdən qalx və fironun qarşısına gedib ona belə söylə: “İbranilərin Allahı Rəbb belə deyir: xalqımı burax ki, Mənə ibadət etsin! |
14. | Çünki Mən bu dəfə sənin ürəyinə, əyanlarının və xalqının da üzərinə bütün bəlalarımı göndərəcəyəm. Bundan biləcəksən ki, bütün dünyada Mənə bənzər yoxdur. |
15. | Əgər indi əlimi uzadıb səni və xalqını qırğınla cəzalandırmış olsaydım, yer üzündən silinib atılardın. |
16. | Amma ona görə səni qoruyub saxladım ki, Öz gücümü sənə göstərim və adım bütün dünyaya elan edilsin. |
17. | Sən hələ də Mənim xalqıma qarşı durmusan və onu buraxmırsan. |
18. | Budur, Mən sabah bu vaxt çox güclü bir dolu göndərəcəyəm: elə bir dolu ki Misir qurulandan indiyə qədər orada olmayıb. |
19. | İndi heyvanlarını və çöldə olan hər şeyini apar, çünki tarlada qalan bütün insanlar və heyvanlar evə gətirilməsə, onların üzərinə dolu yağacaq və öləcəklər”». |
20. | Fironun əyanlarından bəzisi Rəbbin sözündən qorxub öz qul və heyvanlarını tələsik evlərinə gətirdi. |
21. | Rəbbin sözünə etinasızlıq edənlər isə öz qul və heyvanlarını tarlada qoydular. |
22. | Rəbb Musaya dedi: «Əlini göyə uzat. Qoy bütün Misir torpağına və orada olan insanların, heyvanların və bütün tarla bitkilərinin üzərinə dolu yağsın». |
23. | Musa əsasını göyə qaldırdı. Rəbb ildırımla dolu göndərdi və yerə od düşdü; Rəbb Misir torpağı üzərinə dolu yağdırdı. |
24. | Beləliklə, çox güclü bir dolu yağdı. Dolu içində od alışırdı; Misir milləti mövcud olduğu vaxtdan bəri burada belə dolu olmamışdı. |
25. | Dolu bütün Misir torpağında insandan tutmuş heyvana və tarla bitkilərinə qədər hər şeyi məhv etdi. Çöldə bitən bütün otlar və ağaclar tələf oldu. |
26. | Ancaq İsrail övladlarının yaşadığı Qoşen torpağına dolu yağmadı. |
27. | Firon Musanı və Harunu çağırtdırıb onlara dedi: «Bu dəfə günah etdim. Rəbb ədalətlidir, mən və xalqım isə haqsızıq. |
28. | Kifayətdir! Rəbbə yalvarın ki, bu dəhşətli ildırım və dolu dayansın. Sizi azad edərəm, daha burada qalmayın». |
29. | Musa ona dedi: «Şəhərdən çıxanda əlimi Rəbbə tərəf qaldıracağam, ildırım dayanacaq və daha dolu yağmayacaq. Bundan biləcəksən ki, dünya Rəbbə məxsusdur. |
30. | Ancaq mən bilirəm ki, sən və əyanların yenə də Rəbb Allahdan qorxmursunuz». |
31. | Bu vaxt kətan və arpa məhsulu məhv oldu, çünki arpa dən gətirmiş, kətan isə qozalanmışdı. |
32. | Ancaq buğda və pərinc məhsulu məhv olmadı, çünki onlar gec yetişir. |
33. | Musa fironun yanından ayrılıb şəhərdən çıxdı və əlini Rəbbə tərəf qaldırdı; ildırım və dolu dayandı və yerə yağış yağmadı. |
34. | Firon yağışın, dolunun və ildırımın dayandığını görüb yenə də günah etməyə başladı, özü və əyanları ürəklərini inadkar etdilər. |
35. | Rəbbin Musa vasitəsilə söylədiyi kimi fironun ürəyi inadkarlaşdı və o, İsrail övladlarını buraxmadı. |
← Exodus (9/40) → |