| ← Exodus (8/40) → |
| 1. | Rəbb Musaya dedi: «Fironun yanına gedib ona söylə: “Rəbb belə deyir: xalqımı burax ki, Mənə ibadət etsin! |
| 2. | Əgər sən xalqımı buraxmaq istəməsən, mən sənin bütün torpağını qurbağalarla doldurub bəlaya salacağam. |
| 3. | Çay qurbağalarla qaynaşacaq və oradan çıxıb sənin sarayında, yataq otağında, yatağının üstündə gəzəcəklər, əyanlarının, xalqının evlərinə, təndirlərinə və xəmir tabaqlarına girəcəklər. |
| 4. | Sənin, xalqının və bütün əyanlarının üstünə qurbağalar çıxacaq”». |
| 5. | Rəbb Musaya dedi: «Haruna belə söylə: əsanı götür və əlini çayların, arxların və göllərin üzərinə uzat. Qoy Misir torpağı qurbağalarla dolsun». |
| 6. | Harun əlini Misir suları üzərinə uzatdı və oradan qurbağalar çıxıb Misir torpağını bürüdü. |
| 7. | Sehrbazlar da öz sehrləri ilə belə etdilər və Misir torpağına qurbağalar yetirdilər. |
| 8. | Firon Musanı və Harunu çağırıb dedi: «Rəbbə yalvarın ki, məndən və xalqımdan qurbağaları rədd etsin, onda Rəbbə qurban gətirmək üçün xalqı buraxaram». |
| 9. | Musa firona dedi: «Söylə, nə vaxt sənin, əyanların və xalqın üçün dua edim ki, qurbağalar səndən və evlərindən yox olsun və yalnız çayda qalsınlar?» |
| 10. | Firon dedi: «Sabah». Musa dedi: «Sən dediyin kimi olacaq. Bundan biləcəksən ki, Allahımız Rəbbə bənzəri yoxdur! |
| 11. | Qurbağalar səndən, evlərindən, əyanlarından və xalqından rədd olacaq, yalnız çayda qalacaqlar». |
| 12. | Musa və Harun fironun yanından çıxdılar. Musa Rəbbin fironun üzərinə göndərdiyi qurbağalara görə Ona yalvardı. |
| 13. | Rəbb də Musanın sözünə əməl etdi. Evlərdə, həyətlərdə, tarlalarda olan qurbağalar öldü. |
| 14. | Onları qalaq-qalaq yığdılar və torpaq iylənməyə başladı. |
| 15. | Ancaq firon vəziyyətin yüngülləşdiyini görəndə Rəbbin söylədiyi kimi ürəyində inad etdi və onlara qulaq asmadı. |
| 16. | Rəbb Musaya dedi: «Haruna belə söylə: “Əsanı uzadıb yerin tozuna vur ki, o bütün Misir ölkəsində mığmığalara dönsün”». |
| 17. | Onlar belə də etdilər. Harun əlindəki əsanı uzadıb yerin tozuna vurdu və insanların da, heyvanların da üstünə mığmığalar qondu. Bütün Misir torpağında yerin tozu mığmığaya döndü. |
| 18. | Sehrbazlar da öz sehrləri ilə mığmığalar gətirmək istədilər, ancaq bunu bacarmadılar. İnsanların da, heyvanların da üstünə mığmığalar qondu. |
| 19. | Sehrbazlar firona dedilər: «Bunda Allahın əli var». Ancaq Rəbbin söylədiyi kimi fironun ürəyi inadkar oldu və o qulaq asmadı. |
| 20. | Rəbb Musaya dedi: «Səhər tezdən qalx. Firon suya tərəf gedəndə onun qarşısına gedib belə söylə: “Rəbb belə deyir: xalqımı burax ki, Mənə ibadət etsin! |
| 21. | Əgər sən onları azad etmək istəməsən, əyanların, xalqının üzərinə və evlərinin içinə mozalan yığınları göndərəcəyəm. Misirlilərin evləri, yaşadıqları torpaq mozalanlarla dolacaq. |
| 22. | Ancaq o gün xalqımın yaşadığı Qoşen torpağını ayıracağam ki, orada mozalanlar olmasın. Bundan biləcəksən ki, bu ölkədə Rəbb Mənəm. |
| 23. | Sənin xalqınla Öz xalqım arasında fərq qoyacağam. Bu əlamət sabah olacaq”». |
| 24. | Rəbb belə də etdi. Fironun sarayını, əyanlarının evlərini, bütün Misir torpağını ağır mozalan yığını basdı. Mozalanların əlindən ölkə viran oldu. |
| 25. | Firon Musanı və Harunu çağırıb dedi: «Gedin, bu ölkədə öz Allahınıza qurban gətirin». |
| 26. | Ancaq Musa dedi: «Belə etmək olmaz, çünki bizim Allahımız Rəbbə qurban kəsməyimiz Misirlilərdə ikrah hissi oyadacaq. Misirlilərin qabağında ikrah oyadan qurbanlar kəssək, onlar bizi daşqalaq etməzlərmi? |
| 27. | Biz istəyirik ki, səhrada üç gün yol gedək və Allahımız Rəbbin bizə əmr etdiyi kimi qurban gətirək». |
| 28. | Firon dedi: «Mən sizi buraxıram ki, səhrada Allahınız Rəbbə qurban gətirəsiniz, ancaq çox uzağa getməyin. Mənim üçün də yalvarın». |
| 29. | Musa dedi: «Mən sənin yanından gedirəm. Rəbbə dua edəcəyəm ki, sabah fironu, əyanlarını və xalqını mozalanlardan qurtarsın. Ancaq qoy firon xalqı Rəbbə qurban gətirməyə buraxmamaqla yenə də bizi aldatmasın». |
| 30. | Musa fironun yanından gedib Rəbbə yalvardı. |
| 31. | Rəbb Musanın sözünə əməl etdi. Fironu, əyanlarını və xalqını mozalanlardan qurtardı. Daha mozalan qalmadı. |
| 32. | Ancaq bu dəfə də firon ürəyində inadkarlıq etdi və xalqı buraxmadı. |
| ← Exodus (8/40) → |