← Exodus (7/40) → |
1. | Rəbb Musaya dedi: «Səni firon üçün Allah kimi qoydum, qardaşın Harun isə sənin peyğəmbərin olacaq. |
2. | Mənim sənə verdiyim əmri qardaşın Haruna söylə. Qoy o da firona söyləsin ki, İsrail övladlarını ölkəsindən buraxsın! |
3. | Lakin Mən fironun ürəyini inadkar edəcəyəm ki, Misir torpağında göstərəcəyim çoxlu əlamətlər və möcüzələrə baxmayaraq, |
4. | firon sizə qulaq asmasın. Onda Mən əlimi Misir torpağına uzadıb böyük cəzalar göndərərək ordularımı – xalqım İsrail övladlarını onların arasından dəstələrlə çıxaracağam. |
5. | Əlimi Misir torpağına uzadaraq İsrail övladlarını onların arasından çıxardığım vaxt Misirlilər biləcəklər ki, Rəbb Mənəm!» |
6. | Rəbb Musa və Haruna necə əmr etmişdisə, onlar da elə etdilər. |
7. | Fironla danışdıqları vaxt Musanın səksən, Harunun isə səksən üç yaşı var idi. |
8. | Rəbb Musaya və Haruna dedi: |
9. | «Firon sizə “məni inandırmaq üçün bir möcüzə göstərin” deyəndə Musa Haruna desin: “Öz əsanı götürüb fironun önündə yerə at ki, ilana dönsün”». |
10. | Musa və Harun fironun yanına gəlib Rəbb necə əmr etmişdisə, elə də etdilər. Harun öz əsasını fironun və onun əyanlarının qarşısında yerə atdı və əsa ilana döndü. |
11. | Firon isə müdrik adamları və cadugərləri çağırdı. Misir sehrbazları da öz sehrləri ilə belə etdilər. |
12. | Hər biri öz əsasını yerə atıb ilana döndərdi, ancaq Harunun əsası onların əsalarını uddu. |
13. | Lakin Rəbbin söylədiyi kimi fironun ürəyi inadkar oldu və onlara qulaq asmadı. |
14. | Rəbb Musaya dedi: «Fironun inadkar ürəyi var, xalqı buraxmaqdan boyun qaçırır. |
15. | Sən sabah səhər firon suya tərəf gedəndə qarşısına çıx. İlana dönən əsanı əlinə götürüb, onu Nil çayının sahilində gözlə. |
16. | Sonra firona de: “İbranilərin Allahı Rəbb məni yanına göndərdi ki, sənə deyim: ‹Xalqımı burax ki, səhrada Mənə ibadət etsin!› Ancaq sən indiyə qədər qulaq asmadın, |
17. | buna görə də Rəbb belə deyir: ‹Bundan biləcəksən ki, Rəbb Mənəm. Bax mən əlimdəki əsanı Nil çayının suyuna vuracağam, onda su qana dönəcək. |
18. | Çayda olan balıqlar öləcək və çay iylənəcək, Misirlilər çaydan su içməyə iyrənəcəklər›”». |
19. | Rəbb Musaya dedi: «Haruna belə söylə: “Əsanı götür və əlini bütün Misir çayları, arxları, gölləri, hovuzları üzərinə uzat”. Onlar qana dönsün, bundan başqa bütün Misir torpağında həm taxta, həm də daş qablarda qan olacaq». |
20. | Rəbb Musa və Haruna necə əmr etmişdisə, onlar da elə etdilər: fironun və onun əyanlarının qarşısında Harun əsasını qaldırdı və çaydakı suya vurdu. Nil çayındakı bütün su qana döndü; |
21. | çaydakı balıqlar öldü və çay iyləndi. Misirlilər buradan su içə bilmədilər. Misir torpağı qan içində idi. |
22. | Amma Misir sehrbazları da öz sehrləri ilə belə etdilər. Rəbbin söylədiyi kimi fironun ürəyi inadkar oldu və onlara qulaq asmadı. |
23. | Firon qayıdıb öz sarayına gəldi; bu işi də ürəyinə salmadı. |
24. | Bütün Misirlilər Nil çayı sahilində yer qazmağa başladılar ki, içməli su tapsınlar. Çünki çayın suyundan içə bilmirdilər. |
25. | Rəbb çaya bəla göndərəndən sonra yeddi gün keçdi. |
← Exodus (7/40) → |