← Exodus (6/40) → |
1. | Rəbb Musaya dedi: «İndi Mənim firona nə edəcəyimi görəcəksən: qüdrətli əllə məcbur olanda İsrail xalqını buraxacaq, qüdrətli əllə məcbur olub onları ölkəsindən qovacaq». |
2. | Sonra Allah Musaya dedi: «Mən Rəbbəm. |
3. | Mən İbrahimə, İshaqa və Yaquba Külli-İxtiyar Allah adı ilə göründüm, ancaq Rəbb adı ilə Özümü onlara tanıtdırmadım. |
4. | Onlarla da Mən əhd bağladım ki, qərib yaşadıqları ölkəni – Kənan torpağını onlara verim. |
5. | İndi də Misirlilərin əsarətdə saxladığı İsrail övladlarının iniltisini eşidib Öz əhdimi xatırladım. |
6. | Buna görə də İsrail övladlarına söylə: “Mən Rəbbəm. Sizi Misirlilərin zülmündən qurtaracağam, onların əsarətindən çıxaracağam və qolumu uzadıb böyük cəzalar bahasına sizi satın alacağam. |
7. | Sizi Özümə xalq edəcəyəm və sizin Allahınız olacağam. Onda biləcəksiniz ki, sizi Misirlilərin zülmündən qurtaran Allahınız Rəbb Mənəm. |
8. | Mən İbrahimə, İshaqa və Yaquba and içərək verəcəyimi vəd etdiyim torpağa sizi aparıb, oranı sizə mülk olaraq verəcəyəm. Mən Rəbbəm”». |
9. | Musa İsrail övladlarına elə söylədi. Ancaq onlar ruhdan düşdüklərinə və ağır əsarət çəkdiklərinə görə Musaya qulaq asmadılar. |
10. | Rəbb Musaya dedi: |
11. | «Misir padşahı fironun yanına gedib söylə ki, İsrail övladlarını ölkəsindən buraxsın!» |
12. | Musa Rəbbin önündə dedi: «İsrail övladları mənə qulaq asmadı, firon mənə necə qulaq asacaq? Mən yaxşı danışa bilmirəm». |
13. | Rəbb Musa və Harunla danışıb onlara İsrail övladları və Misir padşahı firon üçün əmrlər verdi ki, İsrail övladlarını Misir torpağından çıxartsınlar. |
14. | İsrail övladlarının nəsil başçıları bunlardır: İsrailin ilk oğlu Ruvenin oğulları: Xanok, Pallu, Xesron və Karmi; Ruvenin nəsli bunlardan ibarətdir. |
15. | Şimeonun oğulları: Yemuel, Yamin, Ohad, Yakin, Sohar və Kənanlı bir qadının oğlu Şaul; Şimeonun nəsli bunlardan ibarətdir. |
16. | Nəsillərinə görə Levinin oğulları bunlardır: Gerşon, Qohat və Merari. Levi yüz otuz yeddi il ömür sürdü. |
17. | Nəsillərinə görə Gerşonun oğulları: Livni və Şimey. |
18. | Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel; Qohat yüz otuz üç il ömür sürdü. |
19. | Merarinin oğulları: Maxli və Muşi; nəsillərinə görə Levinin ailəsi bunlardan ibarətdir. |
20. | Amram bibisi Yokevedi arvad olaraq aldı; arvadı ona Harunu və Musanı doğdu. Amram yüz otuz yeddi il ömür sürdü. |
21. | İsharın oğulları: Qorah, Nefeq və Zikri. |
22. | Uzzielin oğulları: Mişael, Elsafan və Sitri. |
23. | Harun Naxşonun bacısı Amminadavın qızı Elişevanı arvad aldı; arvadı ona Nadavı, Avihunu, Eleazarı və İtamarı doğdu. |
24. | Qorahın oğulları: Assir, Elqana və Aviasaf; Qorahın ailəsi bunlardan ibarətdir. |
25. | Harunun oğlu Eleazar Putielin qızlarından birini arvad aldı; arvadı ona Pinxası doğdu. Ailələrinə görə Levililərin nəsil başçıları bunlardır. |
26. | Adları çəkilən Harun və Musa o adamlardır ki, Rəbb onlara «İsrail övladlarını dəstələrlə Misir torpağından çıxarın» demişdi. |
27. | Onlar həmin Musa və Harun idi ki, İsrail övladlarını Misir torpağından çıxarmaq üçün Misir padşahı fironla danışmışdılar. |
28. | Misir torpağında Rəbbin Musa ilə danışdığı gün |
29. | Rəbb Musaya dedi: «Mən Rəbbəm! Sənə dediyim bütün sözləri Misir padşahı firona söylə». |
30. | Musa Rəbbin önündə dedi: «Mən yaxşı danışa bilmirəm, firon mənə necə qulaq asacaq?» |
← Exodus (6/40) → |