| ← Exodus (5/40) → |
| 1. | Musa və Harun gəlib firona dedilər: «İsrailin Allahı Rəbb belə deyir: “Xalqımı burax ki, səhrada Mənim üçün bayram keçirsinlər!”» |
| 2. | Firon dedi: «Rəbb kimdir ki, Onun səsinə qulaq asıb İsrail övladlarını buraxım? Rəbbi tanımıram, İsrail övladlarını da buraxmıram». |
| 3. | Onlar dedilər: «İbranilərin Allahı bizə göründü. Qoy səhrada üç gün yol gedək və Allahımız Rəbbə qurban gətirək ki, bizə vəba göndərməsin yaxud da qılıncla məhv etməsin». |
| 4. | Misir padşahı onlara dedi: «Ey Musa və Harun, nə üçün xalqı işindən ayırırsınız? Gedin, işinizi görün». |
| 5. | Sonra firon dedi: «Artıq ölkədə xalq çoxdur, siz isə onları işindən ayırıb istirahət verirsiniz». |
| 6. | Həmin gün firon xalqın nəzarətçilərinə və gözətçilərinə əmr edib dedi: |
| 7. | «İndiyə kimi etdiyinizdən fərqli olaraq, bir daha xalqa kərpic düzəltmək üçün saman verməyin. Qoy özləri gedib saman yığsınlar. |
| 8. | Ancaq indiyə qədər onların üzərlərinə qoyduğunuz gündəlik kərpic sayını azaltmayın. Çünki onlar tənbəldirlər və buna görə də “gedək Allahımıza qurban gətirək” deyib fəryad edirlər. |
| 9. | Bu adamlara daha ağır iş verilsin ki, çox çalışsınlar və yalanlara fikir verməsinlər». |
| 10. | Xalqın nəzarətçi və gözətçiləri adamların yanına gəlib onlara dedilər: «Firon belə deyir: “Mən sizə saman verməyəcəyəm. |
| 11. | Gedin, özünüz haradan istəyirsiniz, saman götürün, ancaq işiniz azalmayacaq”». |
| 12. | Xalq bütün Misir torpağına səpələnib saman əvəzinə küləş yığmağa başladı. |
| 13. | Nəzarətçilər onları məcbur edərək deyirdilər: «Sizə saman verilən vaxt gördüyünüz gündəlik işi yerinə yetirin». |
| 14. | Firon nəzarətçiləri İsrail övladlarının üzərinə qoyduqları İsrailli gözətçiləri döyüb dedilər: «Niyə dünən və bu gün indiyə qədər olan gündəlik kərpic sayını yerinə yetirməmisiniz?» |
| 15. | İsrail övladlarından olan gözətçilər fironun yanına gəlib ona fəryad edərək dedilər: «Qullarınla niyə belə rəftar edirsən? |
| 16. | Qullarına saman vermirlər, ancaq bizə “kərpiclər düzəldin” deyirlər. Budur, qulların döyülür. Bu sənin xalqının günahıdır». |
| 17. | O isə dedi: «Tənbəlsiniz, tənbəl, buna görə də “gedək, Rəbbə qurban gətirək” deyirsiniz. |
| 18. | İndi gedin işləyin. Sizə saman verilməyəcək, ancaq gündəlik kərpic sayını düzəltməlisiniz». |
| 19. | İsrailli gözətçilər «sizin üçün müəyyən olunmuş gündəlik kərpic sayı azalmayacaq» sözlərini eşidəndə pis vəziyyətə düşdüklərini anladılar. |
| 20. | İsrailli gözətçilər fironun yanından çıxanda yolda durub onları gözləyən Musa və Harunla rastlaşıb |
| 21. | dedilər: «Qoy Rəbb sizin nə etdiyinizi görsün və sizi məhkum etsin! Siz bizi fironla əyanlarının gözündə iyrənc etdiniz və bizi öldürmək üçün əllərinə qılınc verdiniz». |
| 22. | Musa Rəbbə müraciət edib dedi: «Ey Xudavənd, nə üçün xalqı belə bəlaya saldın? Məni niyə göndərdin? |
| 23. | Sənin adınla fironla danışmaq üçün gələndən bəri o bu xalqı bəlaya salır, Sən isə onları heç azad etmirsən». |
| ← Exodus (5/40) → |