← Exodus (40/40) |
1. | Rəbb Musaya dedi: |
2. | «Birinci ayın birinci günü müqəddəs məskəni, yəni Hüzur çadırını qur. |
3. | Şəhadət sandığını oraya qoy və pərdə ilə qabağını kəs. |
4. | Sonra masanı gətir, üstünə əşyaları düz. Çıraqdanı gətir, çıraqları da quraşdır. |
5. | Buxur üçün qızıl qurbangahı Şəhadət sandığının qabağına qoy. Məskənin giriş arakəsməsini də qur. |
6. | Yandırma qurbanları üçün qurulan qurbangahı məskənin – Hüzur çadırının girişinin qarşısında yerləşdir. |
7. | Ləyəni Hüzur çadırı ilə qurbangahın arasına qoy, içinə su tök. |
8. | Ətrafında həyət qur və həyətin darvazasının arakəsməsini as. |
9. | Sonra məsh yağını götürüb məskəni və içindəki hər şeyi məsh et. Beləliklə, onu və bütün avadanlığını təqdis et ki, müqəddəs olsun. |
10. | Yandırma qurbanlar üçün qurulan qurbangahı, onun avadanlığını məsh edib qurbangahı təqdis et ki, o ən müqəddəs olsun. |
11. | Ləyənlə altlığını məsh edib təqdis et. |
12. | Harunla oğullarını Hüzur çadırının girişinə gətirib onları su ilə yuyundur. |
13. | Haruna müqəddəs geyimlər geyindir. Onu məsh edib təqdis et ki, Mənə kahinlik etsin. |
14. | Sonra Harunun oğullarını təqdim et və onlara xirqələr geyindir. |
15. | Atalarını məsh etdiyin kimi onları da məsh et ki, Mənə kahinlik etsinlər. Onlar nəsildən-nəslə əbədi kahinlik üçün məsh olunacaqlar». |
16. | Rəbb Musaya necə əmr etmişdisə, o da bu cür etdi. |
17. | İsrail övladlarının Misirdən çıxdığı vaxtın ikinci ilində, birinci ayın birinci günündə məskən quruldu. |
18. | Musa çadırı qurdu: altlıqlarını qoydu, taxtalarını bərkitdi, şüvüllərini qurdu və dirəklərini dikəltdi. |
19. | Məskənin üzərinə çadır saldı, onun üstünə də çadırın örtüyünü qoydu. Rəbbin Musaya əmr etdiyi kimi oldu. |
20. | Bundan sonra o, şəhadət lövhələrini götürüb sandığın içinə qoydu. Şüvülləri sandığa taxdı, kəffarə qapağını da sandığın üstünə qoydu. |
21. | Sandığı məskənin içinə gətirdi və arakəsmə pərdəsini qurub Şəhadət sandığının qabağını kəsdi. Rəbbin Musaya əmr etdiyi kimi oldu. |
22. | Masanı Hüzur çadırının içində, şimal tərəfində, pərdənin bayır tərəfindən yerləşdirdi. |
23. | Onun üstünə Rəbbin hüzurunda çörək düzdü. Rəbbin Musaya əmr etdiyi kimi oldu. |
24. | Çıraqdanı isə Hüzur çadırının içində, masanın qarşısında, məskənin cənub tərəfində yerləşdirdi. |
25. | Çıraqlarını da Rəbbin hüzurunda quraşdırdı. Rəbbin Musaya əmr etdiyi kimi oldu. |
26. | Qızıl qurbangahı da Hüzur çadırının içində, pərdənin önündə yerləşdirdi; |
27. | onun üstündə ətirli buxur yandırdı. Rəbbin Musaya əmr etdiyi kimi oldu. |
28. | Məskənin girişində arakəsməni qurdu. |
29. | Yandırma qurbanları üçün qurulan qurbangahı məskənin, Hüzur çadırının girişində yerləşdirdi; onun üstündə yandırma qurbanını və taxıl təqdimini gətirdi. Rəbbin Musaya əmr etdiyi kimi oldu. |
30. | Ləyəni Hüzur çadırı ilə qurbangah arasında yerləşdirib içinə yuyunmaq üçün su tökdü. |
31. | Musa, Harun və oğulları orada əl-ayaqlarını yuyardılar. |
32. | Onlar Hüzur çadırına girdikləri və qurbangaha yaxınlaşdıqları zaman yuyunardılar. Rəbbin Musaya əmr etdiyi kimi oldu. |
33. | Məskənlə qurbangahın ətrafında həyəti qurdu və həyət darvazasının arakəsməsini asdı. Beləliklə, Musa işləri bitirdi. |
34. | O vaxt bulud Hüzur çadırını bürüdü və Rəbbin izzəti məskəni doldurdu. |
35. | Musa Hüzur çadırına girə bilmədi, çünki bulud onun üstündə yerləşmişdi və Rəbbin izzəti məskəni doldurmuşdu. |
36. | İsrail övladlarının bütün səfəri boyu bulud məskənin üstündən qalxanda yola düşərdilər; |
37. | bulud qalxmayanda isə, qalxdığı günə qədər yola düşməzdilər. |
38. | Səfərləri boyu bütün İsrail xalqının gözləri önündə gündüz Rəbbin buludu məskənin üzərində, gecələr isə od buludun içində idi. |
← Exodus (40/40) |