| ← Exodus (4/40) → |
| 1. | Musa belə cavab verdi: «Bəlkə onlar mənə inanmayaraq sözümə qulaq asmayıb “Rəbb sənə görünməyib” deyəcəklər?» |
| 2. | Rəbb Musaya dedi: «Sənin əlindəki nədir?» O dedi: «Əsa». |
| 3. | Rəbb dedi: «Onu yerə at». Musa onu yerə atdı və əsa ilan oldu. Musa onun qabağından qaçdı. |
| 4. | Rəbb Musaya dedi: «Əlini uzadıb onun quyruğundan tut». Musa əlini uzadıb tutanda o yenə əlində əsa oldu. |
| 5. | Sonra Rəbb dedi: «Bu əlamət ona görədir ki, İsraillilər atalarının Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı Rəbbin sənə göründüyünə inansınlar». |
| 6. | Rəbb yenə dedi: «İndi əlini qoynuna qoy». Musa əlini qoynuna qoydu. Onu qoynundan çıxaranda, əli cüzama tutulub qar kimi ağappaq oldu. |
| 7. | Sonra Rəbb dedi: «Əlini yenə qoynuna qoy». Musa yenə əlini qoynuna qoydu. Əlini qoynundan götürəndə əli yenə də bədəni kimi oldu. |
| 8. | Rəbb davam etdi: «Əgər sənə inanmasalar və əvvəlki əlaməti qəbul etməsələr, sonrakı əlaməti qəbul edəcəklər. |
| 9. | Bu iki əlamətə də inanmayıb sözünə qulaq asmasalar, Nil çayının suyundan götürüb quruya tök. Çaydan götürdüyün su quruda qana çevriləcək». |
| 10. | Musa Rəbbə dedi: «Ya Xudavənd, mən nə keçmişdə, nə də qulunla danışdığın vaxt natiq olmamışam, çünki dili ağır, səlis danışmayan bir adamam». |
| 11. | Rəbb ona dedi: «Ağzı insana kim verib? İnsanı lal, kar, kor yaxud gözlü edən kimdir? Bunu edən Mən Rəbb deyiləmmi? |
| 12. | İndi get, Mən ağzınla danışacağam və deyəcəyin sözü sənə öyrədəcəyəm». |
| 13. | Musa dedi: «Ya Xudavənd, yalvarıram, başqa adamı göndər». |
| 14. | Rəbb Musaya qəzəblənib dedi: «Qardaşın Levili Harun yoxdurmu? Bilirəm ki, onun yaxşı nitqi var. İndi o səni qarşılamağa gəlir. Səni görəndə ürəkdən sevinəcək. |
| 15. | Qardaşınla danış, nə demək lazımdırsa, ona başa sal. Mən isə sənin və onun ağzı ilə danışacağam. Sizə nə etməyi öyrədəcəyəm. |
| 16. | Sənin əvəzinə xalqla Harun danışacaq. O sənin üçün ağız kimi, sən isə onun üçün Allah kimi olacaqsan. |
| 17. | Bu əsanı əlinə götür; onunla əlamətlər göstərəcəksən». |
| 18. | Musa oradan getdi və qayınatası Yetronun yanına qayıdıb dedi: «İzin ver qayıdıb Misirdəki xalqımın yanına gedim, görüm onlar sağ-salamatdırlar ya yox?» Yetro Musaya dedi: «Salamat get». |
| 19. | Midyan torpağında Rəbb Musaya dedi: «Misirə qayıt, çünki sənin canını almaq istəyən adamların hamısı ölüb». |
| 20. | Musa arvadını və oğullarını götürüb eşşəyə mindirdi və Allahın buyurduğu əsanı əlinə götürüb Misirə yollandı. |
| 21. | Rəbb Musaya dedi: «Misirə qayıdanda sənə buyurduğum bütün möcüzələrə fikir ver və fironun hüzurunda onları göstər; ancaq Mən onun ürəyini inadkarlaşdıracağam və o, xalqı buraxmayacaq. |
| 22. | Firona söyləyəcəksən: “Rəbb belə deyir: İsrail Mənim oğlum, Mənim ilkimdir. |
| 23. | Sənə dedim ki, Mənə ibadət etmək üçün oğlumu burax! Sən isə onu buraxmaqdan boyun qaçırdın. Onda Mən sənin ilk oğlunu öldürəcəyəm”». |
| 24. | Yolda gecələyərkən Rəbb Musaya rast gəldi və onu öldürmək istədi. |
| 25. | O zaman Sippora çaxmaq daşı götürüb oğlunu sünnət etdi və sünnət ətini Musanın ayaqlarına toxundurub dedi: «Sən mənim qan adaxlımsan». |
| 26. | Beləliklə, Rəbb ondan əl çəkdi. Sippora Musaya sünnətə görə «qan adaxlımsan» demişdi. |
| 27. | Rəbb Haruna dedi: «Musanı qarşılamaq üçün səhraya get». Harun gedib Allahın dağında qardaşına rast gəldi və onunla öpüşdü. |
| 28. | Musa Haruna Rəbb onu necə göndərdiyini bildirdi. Rəbbin bütün sözlərini və ona göstərmək üçün əmr etdiyi bütün əlamətləri barədə Haruna danışdı. |
| 29. | Musa və Harun gedib İsrail övladlarının bütün ağsaqqallarını topladılar. |
| 30. | Harun Rəbbin Musaya söylədiyi sözlərin hamısını onlara dedi və xalqın qarşısında əlamətlər göstərdi. |
| 31. | Xalq bunlara inandı. Onlar Rəbbin İsrail övladlarının əziyyətini görüb nəzər saldığını eşidəndə əyilib Ona səcdə etdilər. |
| ← Exodus (4/40) → |