| ← Exodus (39/40) → |
| 1. | Rəbb Musaya əmr etdiyi kimi bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən Müqəddəs yerdə xidmət üçün toxunmuş geyimlərini və Harunun müqəddəs geyimlərini hazırladılar. |
| 2. | Efodu qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan hazırladılar. |
| 3. | Qızıl lövhələri döyüb onlardan saplar kəsdilər və onlarla bənövşəyi, tünd qırmızı və al rəngli iplik və nəfis toxunmuş kətanın arasına naxışlar tikdilər. |
| 4. | Hər iki ucunu bir-birinə bağlayan çiyinlik düzəltdilər ki, o bərkidilsin. |
| 5. | Efodun üstündəki kəmər eyni hissədən idi. O da qızıldan, bənövşəyi, tünd qırmızı və al rəngli iplik və nəfis toxunmuş incə kətandan idi. Rəbbin Musaya əmr etdiyi kimi oldu. |
| 6. | Hörmə qızıl sağanaqlara salınıb üstündə möhür oyması kimi İsrailin oğullarının adları həkk olunmuş damarlı əqiq daşlarını |
| 7. | efodun çiyinliklərinə taxdılar. Bunlar İsrailin oğullarının xatirə daşlarıdır. Rəbbin Musaya əmr etdiyi kimi oldu. |
| 8. | Döşlüyü də efod kimi naxışlı qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan düzəltdilər. |
| 9. | Döşlük ikiqat, dördbucaq şəklində olub uzunluğu bir qarış, eni də bir qarış düzəldildi. |
| 10. | Üstünə dörd sıra daş taxdılar. Birinci sıra yaqut, topaz, zümrüd; |
| 11. | ikinci sıra firuzə, göy yaqut və almaz; |
| 12. | üçüncü sıra sirkon, əqiq və ametist; |
| 13. | dördüncü sıra sarı yaqut, damarlı əqiq və yəşəm daşı idi. Bu daşlar hörmə qızıl sağanaqlara salındı. |
| 14. | Daşlar İsrailin oğullarının adlarına görə on iki dənə idi; hər daş on iki qəbilədən birinin adının oyma möhürü idi. |
| 15. | Döşlük üçün xalis qızıldan ipəbənzər burma zəncirlər qayırdılar. |
| 16. | İki hörmə qızıl sağanaq və iki qızıl halqa düzəltdilər. Halqaları döşlüyün iki ucuna taxdılar. |
| 17. | İki qızıl ipi döşlüyün uclarındakı iki halqaya taxdılar. |
| 18. | İplərin o biri uclarını iki hörmə sağanağa taxıb efodun çiyinliklərinin qabaq tərəfinə bağladılar. |
| 19. | Yenə də iki qızıl halqa düzəldib onları döşlüyün iki ucuna, onun efodla yanaşı iç qatına taxdılar. |
| 20. | Digər iki qızıl halqa düzəltdilər və onu efodun çiyinliklərinin qabaq tərəfinə, aşağıya, efodun kəməri ilə birləşmələrin üzərinə bərkitdilər. |
| 21. | Döşlüyü halqaları ilə efodun halqalarına bənövşəyi qaytanla bağlayıb efodun kəmərinin üzərinə bərkitdilər ki, döşlük efoddan sallanmasın. Rəbbin Musaya əmr etdiyi kimi oldu. |
| 22. | Efodun cübbəsini büsbütün toxunma bənövşəyi iplikdən tikdilər. |
| 23. | Onun ortasında baş keçirmək üçün yer tikdilər. Onun kənarında cırılmamaq üçün yaxa toxudular. |
| 24. | Cübbənin ətəyinin ətrafına nəfis toxunmuş bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən narlar düzdülər. |
| 25. | Xalis qızıl zınqırovlar düzəldib, cübbənin ətəyi boyunca narların arasına tikdilər. |
| 26. | Beləcə xidmət cübbəsinin ətəyi boyunca ətrafında zınqırov və nar sıra ilə düzüldü. Rəbbin Musaya əmr etdiyi kimi oldu. |
| 27. | Harun və oğulları üçün toxunma incə kətan xirqələri, |
| 28. | nəfis toxunmuş incə kətandan çalma, incə kətan papaqları, əyirmə incə kətan alt paltarı, |
| 29. | nəfis toxunmuş incə kətan və bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən naxış tikməli qurşağı tikdilər. Rəbbin Musaya əmr etdiyi kimi oldu. |
| 30. | Xalis qızıldan müqəddəslik tacı olan lövhəciyi düzəltdilər və onun üzərinə möhür oyması olaraq «Rəbbə həsr edilmiş» yazısını yazdılar. |
| 31. | Onu çalmanın üstünə qoymaq üçün bənövşəyi qaytan tikdilər. Rəbbin Musaya əmr etdiyi kimi oldu. |
| 32. | Beləliklə, müqəddəs məskən, yəni Hüzur çadırı üçün bütün işlər tamamlandı. Rəbb Musaya necə əmr etmişdisə, İsrail övladları da bu işi eləcə tamamladılar. |
| 33. | Müqəddəs məskəni Musanın qarşısına gətirdilər. Çadırını və onun avadanlığını, bəndlərini, çərçivələrini, şüvüllərini, dirəklərini, altlıqlarını, |
| 34. | qırmızı boyanmış qoç dərilərindən örtüyü, suiti dərilərdən düzəldilmiş örtüyü, arakəsmə pərdəsini, |
| 35. | Şəhadət sandığını və onun şüvüllərini, kəffarə qapağını, |
| 36. | masanı və onun ləvazimatını; təqdis çörəklərini, |
| 37. | xalis qızıldan çıraqdanı, onun düzülmüş çıraqlarını və işıq yağını, |
| 38. | qızıl qurbangahını, məsh yağını, ətirli buxuru, çadırın giriş arakəsməsini, |
| 39. | tunc qurbangahını, onun üçün tunc şəbəkəni, onun şüvüllərini və bütün avadanlığını, ləyəni və onun altlığını, |
| 40. | həyətin pərdələrini, dirəklərini və altlıqlarını, həyətin darvazası üçün arakəsməni, onun iplərini və payalarını – Hüzur çadırı və məskənin ibadəti üçün bütün əşyaları, |
| 41. | müqəddəs yerdə xidmət üçün toxunmuş geyimləri – kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik etmək üçün geyimlərini – hər şeyi ona gətirdilər. |
| 42. | Rəbb Musaya necə əmr etmişdisə, İsrail övladları da bu işi eləcə tamamladılar. |
| 43. | Musa bütün işləri nəzərdən keçirib gördü ki, onlar bu işə Rəbbin əmr etdiyi kimi əməl ediblər. Musa onlara xeyir-dua verdi. |
| ← Exodus (39/40) → |