← Exodus (37/40) → |
1. | Besalel əbrişim ağacından sandıq düzəltdi. Sandığın uzunluğu iki qulac yarım, eni qulac yarım və hündürlüyü qulac yarım idi. |
2. | Onu içəridən və bayırdan xalis qızılla örtdü, ətrafına isə qızıl zolaq qoydu. |
3. | Onun dörd ayağı üçün dörd tökmə qızıl halqa, iki halqanı bir yanı qalan iki halqanı isə o biri yanı üçün düzəltdi. |
4. | Əbrişim ağacından şüvüllər düzəldib üzərini qızılla örtdü. |
5. | Sandığı daşımaq üçün şüvülləri sandığın yanlarındakı halqalara keçirtdi. |
6. | Xalis qızıldan kəffarə qapağını düzəltdi. Uzunluğu iki qulac yarım, eni isə qulac yarım idi. |
7. | Kəffarə qapağının hər iki ucu üçün yastılanmış qızıldan iki keruv düzəltdi. |
8. | Bir keruv qapağın bir ucunda, o birisi isə o biri ucunda olaraq qapağın iki ucunda olan keruvlar onunla bir hissədən idi. |
9. | Keruvlar yuxarıya açılmış qanadları ilə kəffarə qapağını örtdülər. Keruvların üzləri bir-birinə qarşı qapağa doğru idi. |
10. | Əbrişim ağacından masa düzəltdi; uzunluğu iki qulac, eni bir qulac, hündürlüyü isə qulac yarım idi. |
11. | Onu xalis qızılla örtdü. Ətrafına qızıl zolaq qoydu. |
12. | Ətrafında eni bir ovuc olan yan lövhələr düzəltdi. Yan lövhələrin ətrafına da qızıl zolaq qoydu. |
13. | Masa üçün dörd qızıl halqa tökdü, halqaları onun dörd küncünə, dörd ayağına bərkitdi. |
14. | Halqalar yan lövhələrə yaxın olaraq masanı aparan şüvüllərin keçdiyi yerlər idi. |
15. | Masanı aparmaq üçün şüvülləri əbrişim ağacından düzəltdi və onları qızılla örtdü. |
16. | Masanın ləvazimatını – xalis qızıldan siniləri və nimçələri, içmə təqdimlərini tökmək üçün dolçaları və piyalələri düzəltdi. |
17. | Xalis qızıldan çıraqdan düzəltdi. Bu çıraqdan yastılanmış qızıldan idi; altlığı, gövdəsi, kasacıqları, qönçələri və gülləri onunla bir hissədən ibarət idi. |
18. | Çıraqdanın yanlarından altı budaq – bir yanından üç budaq, o biri yanından da üç budaq çıxdı. |
19. | Hər bir budağında badam çiçəyinə bənzər üç kasacıq, qönçə və gül var idi. |
20. | Çıraqdanın gövdəsində isə badam çiçəyinə bənzər dörd kasacıq, qönçə və gül var idi. |
21. | Çıraqdanın gövdəsindən çıxan altı budağın bir cütünün altında bir qönçə, o biri cütünün altında bir qönçə, o birinin də altında bir qönçə var idi. |
22. | Qönçələr və budaqlar onunla bir hissədən idi; hamısı eyni hissədən, yastılanmış xalis qızıldan idi. |
23. | Onun üçün yeddi çıraq düzəltdi. Maşaları və xəkəndazları da xalis qızıldan idi. |
24. | Çıraqdanı və onun bütün avadanlığını bir talant xalis qızıldan düzəltdi. |
25. | Əbrişim ağacından buxur yandırmaq üçün qurbangah düzəltdi; uzunluğu bir qulac, eni də bir qulac, hündürlüyü isə iki qulac idi. Buynuzları onunla bir hissədən idi. |
26. | Onun üzərini, hər yanını və buynuzlarını xalis qızılla örtdü, ətrafına qızıl zolaq qoydu. |
27. | Onun üçün iki qızıl halqa düzəltdi; qarşı-qarşıya olan iki yanda, zolağın altında düzəltdi. Bu onu aparan şüvüllərin keçdiyi yerlər idi. |
28. | Şüvülləri əbrişim ağacından düzəltdi və onları qızılla örtdü. |
29. | Ətriyyatçının işi olan Müqəddəs məsh yağını və təmiz ətirli buxuru da hazırladı. |
← Exodus (37/40) → |