← Exodus (35/40) → |
1. | Musa İsrail övladlarının bütün icmasını toplayıb onlara dedi: «Rəbb sizə bu şeylərə əməl etməyi əmr etdi. |
2. | Altı gün işlərinizi görün, yeddinci gün isə sizin Rəbb üçün müqəddəs Şənbəniz, istirahət gününüzdür. O gün iş görən hər kəs öldürülsün. |
3. | Şənbə günü yaşadığınız heç bir yerdə od yandırmayın». |
4. | Musa bütün İsrail övladlarının icmasına dedi: «Rəbbin əmr etdiyi iş budur: |
5. | öz aranızdan Rəbbə bir ianə toplayın. Qoy könlü istəyən hər kəs Rəbbə belə ianə gətirsin: qızıl, gümüş, tunc, |
6. | bənövşəyi, tünd qırmızı və al rəngli iplik, incə kətan, keçi yunu, |
7. | qırmızı boyanmış qoç dəriləri, suiti dəriləri, əbrişim ağacı, |
8. | çıraq üçün zeytun yağı, məsh yağı və ətirli buxur üçün ətriyyatlar, |
9. | efodla döşlüyün üstünə taxılan damarlı əqiq və sağanaq daşları. |
10. | Aranızdakı ürəyi hikmətlə dolu hər adam gəlib Rəbbin əmr etdiyi hər şeyi düzəltsin: |
11. | müqəddəs məskəni, onun çadırını, örtüyünü, bəndlərini, çərçivələrini, şüvüllərini, dirəklərini və altlıqlarını; |
12. | sandığı və onun şüvüllərini; kəffarə qapağını, arakəsmə pərdəsini; |
13. | masanı, onun şüvüllərini və bütün ləvazimatını; təqdis çörəklərini; |
14. | işıq verən çıraqdanı, onun ləvazimatını, çıraqlarını və işıq yağını; |
15. | buxur qurbangahını və şüvüllərini; məsh yağını, ətirli buxuru; məskənin girişi üçün arakəsməni; |
16. | yandırma qurbanları üçün qurulan qurbangahı, onun üçün tunc şəbəkəni, şüvüllərini və bütün avadanlığını; ləyəni və onun altlığını; |
17. | həyətin pərdələrini, dirəklərini və altlıqlarını; həyətin darvazası üçün arakəsməni; |
18. | məskənin payalarını; həyətin payalarını; onların iplərini; |
19. | müqəddəs yerdə xidmət üçün toxunmuş geyimləri: kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik etmək üçün geyimlərini». |
20. | İsrail övladlarının bütün icması Musanın yanından çıxdı. |
21. | Ürəyinə toxunan və könlü istəyən hər adam gəlib Hüzur çadırı, onun inşası və müqəddəs geyimlər üçün Rəbbə ianə gətirdi. |
22. | Kişilər və qadınlar – könlü istəyənlərin hamısı bəzəkli sancaqlar, sırğalar, üzüklər, bilərziklər kimi bütün qızıl əşyalarını gətirdilər. Hər kəs qızılı yellətmə təqdimi kimi Rəbbə təqdim etdi. |
23. | Kimdə bənövşəyi, tünd qırmızı və al rəngli iplik, incə kətan, keçi yunu, qırmızı boyanmış qoç dəriləri və suiti dəriləri var idisə, bunları təqdim etdi. |
24. | Gümüş və tunc gətirən hər kəs də onu Rəbbə ianə olaraq təqdim etdi. Kimdə əbrişim ağacı var idisə, onu bütün inşa işi üçün təqdim etdi. |
25. | Ürəyi hikmətlə dolu bütün qadınlar öz əlləri ilə əyirdiyi bənövşəyi, tünd qırmızı və al rəngli iplik və incə kətan ipliyi təqdim etdilər; |
26. | bu işi ürəkdən görmək istəyən bacarıqlı qadınlar keçi yunu əyirdilər. |
27. | Xalqın başçıları bunları təqdim etdilər: efodla döşlüyün üstünə taxılan damarlı əqiq və sağanaq daşlarını, |
28. | çıraq, məsh yağı, ətirli buxur üçün ətriyyatı və zeytun yağını. |
29. | İsrail övladlarından hər qadın, hər kişi Rəbbin Musa vasitəsilə yerinə yetirmək üçün verdiyi əmrə əsasən Rəbbə könüllü təqdimlər gətirdilər. |
30. | Musa İsrail övladlarına dedi: «Baxın Rəbb Yəhuda qəbiləsindən Xur oğlu Uri oğlu Besaleli adı ilə çağırıb |
31. | Allahın Ruhu ilə hikmət, dərrakə, bilik və hər cür məharətlə doldurmuşdur ki, |
32. | o, qızılla, gümüşlə, tuncla işləməyi bacarsın, |
33. | daş-qaş yonsun, ağac oysun, hər cür məharətlə bacarıq göstərə bilsin. |
34. | Rəbb onun və Dan qəbiləsindən olan Axisamak oğlu Oholiavın ürəklərinə başqalarını öyrətmək bacarığını qoymuş, |
35. | ürəklərini hikmətlə doldurmuşdur ki, oymaçılıq, naxışçılıq, bənövşəyi, tünd qırmızı və al rəngli iplikdə və incə kətanda naxış tikməsi, toxuculuq – hər cür sənəti bacara bilsinlər. |
← Exodus (35/40) → |