← Exodus (33/40) → |
1. | Rəbb Musaya dedi: «Sən və Misir torpağından çıxardığın xalq bu yeri tərk edin; İbrahimə, İshaqa və Yaquba and edərək “Sənin nəslinə onu verəcəyəm” dediyim torpağa, |
2. | qarşında bir mələk göndərib Kənanlıları, Emorluları, Xetliləri, Perizliləri, Xivliləri və Yevusluları oradan qovacağım |
3. | süd və bal axan torpağa gedin. Siz dikbaş xalqsınız, buna görə Mən aranızda getməyəcəyəm, yoxsa yolda sizi məhv edərəm». |
4. | Xalq bu bəd xəbəri eşidəndə yas tutdu. Heç kəs bəzək taxmadı. |
5. | Rəbb Musaya demişdi: «İsrail övladlarına belə söylə: “Siz dikbaş xalqsınız, Mən aranızdan bir anlıq getsəydim, sizi məhv edərdim. İndi isə bəzəklərinizi çıxarın, Mən də bilim ki, sizinlə nə edəcəyəm”». |
6. | Beləcə Xorev dağının ətəyində İsrail övladları bəzəklərini soyundular. |
7. | Musa çadırı götürüb onu düşərgədən kənarda – uzaqda qurardı. Onu Hüzur çadırı adlandırdı. Rəblə məsləhətləşən hər kəs düşərgədən kənardakı Hüzur çadırına gedərdi. |
8. | Musa çadıra tərəf çıxdığı vaxt bütün xalq durardı. Hər kəs çadırının girişində gözləyib, Musa çadıra girənə qədər ardınca baxardı. |
9. | Musa Hüzur çadırına girəndə bulud dirəyi düşüb çadırın girişində durardı; Rəbb Musa ilə danışardı. |
10. | Bütün xalq Hüzur çadırının girişində duran bulud dirəyini görər, hamı qalxıb öz çadırının girişində səcdə qılardı. |
11. | Rəbb Musa ilə üz-üzə, dostu ilə söhbət etdiyi kimi danışardı. Sonra Musa düşərgəyə qayıdardı. Lakin onun gənc köməkçisi Nun oğlu Yeşua çadırı tərk etməzdi. |
12. | Musa Rəbbə dedi: «Bax Sən mənə “bu xalqı çıxart” deyirsən, amma mənimlə birgə kimi göndərəcəyini mənə bildirmirsən. Halbuki Sən dedin: “Səni adınla tanıyıram və gözümdə lütf tapmısan”. |
13. | Əgər mən, doğrudan da, Sənin gözündə lütf tapmışamsa, yalvarıram, öz yolunu mənə agah elə ki, Səni tanıyım və gözündə lütf tapım. Bax bu camaat sənin xalqındır». |
14. | O isə Musaya cavab verdi: «Mənim hüzurum səninlə gedəcək. Özüm sənə rahatlıq verəcəyəm». |
15. | Musa Rəbbə cavab verdi: «Əgər Sənin hüzurun bizimlə getməsə, bizi buradan göndərmə. |
16. | Xalqımın mənimlə birlikdə Sənin gözündə lütf tapması indi nə ilə bilinəcək? Sənin bizimlə getməyindən deyilmi? Biz yer üzündə olan digər xalqlardan nə ilə fərqlənək?» |
17. | Rəbb Musaya cavab verdi: «Sən Məndən dilədiyin bu şeyi edəcəyəm. Çünki gözümdə lütf tapdın və səni adınla tanıyıram». |
18. | Musa dedi: «İzzətini mənə göstər». |
19. | Rəbb dedi: «Mən bütün xeyirxahlığımı Sənin qarşından keçirəcəyəm və Rəbb olan adımı qarşında bəyan edəcəyəm. Kimə istəsəm, lütf göstərərəm, kimə istəsəm, rəhm edərəm». |
20. | Sonra O davam etdi: «Üzümü isə görə bilməzsən, çünki Məni görən adam sağ qalmaz». |
21. | Sonra Rəbb dedi: «Budur, Mənim yanımda yer var, elə burada, bu qayanın üstündə dur. |
22. | İzzətim keçəndə səni qayadakı bir yarığa qoyacağam; Mən keçənə qədər səni əlimlə örtəcəyəm. |
23. | Sonra əlimi səndən çəkəcəyəm və sən Məni arxadan görəcəksən, amma üzümü görməyəcəksən». |
← Exodus (33/40) → |