← Exodus (32/40) → |
1. | Xalq Musanın dağdan enmədiyini, gecikdiyini görəndə Harunun ətrafına toplaşıb ona dedi: «Qalx və bizim üçün allahlar düzəlt ki, qabağımızca getsinlər. Çünki bizi Misir torpağından çıxaran adamın – bu Musanın başına nə iş gəldiyini bilmirik!» |
2. | Harun onlara cavab verdi: «Arvadlarınızın, oğullarınızın, qızlarınızın qulaqlarından qızıl sırğaları çıxarıb mənim yanıma gətirin». |
3. | Bütün xalq qulaqlarında olan qızıl sırğaları çıxarıb Haruna gətirdi. |
4. | Harun onlardan qızıl götürdü, oyma aləti ilə surət verib dana şəklində tökmə büt düzəltdi. Xalq «Ey İsrail övladları, budur sizi Misir torpağından çıxaran allahlarınız!» dedi. |
5. | Harun bunu gördükdə dananın qabağında bir qurbangah düzəltdi və elan etdi: «Sabah Rəbb naminə bayram olacaq». |
6. | Ertəsi gün xalq səhər tezdən qalxıb yandırma qurbanları ilə ünsiyyət qurbanları kəsdi. Xalq oturub yeyib-içdi, sonra isə qalxıb oynaşdı. |
7. | Rəbb Musaya dedi: «Tez ol, düş aşağı, çünki Misirdən gətirdiyin xalqın öz əxlaqını pozdu və |
8. | Mən onlara əmr etdiyim yoldan yaman tez döndü. Özləri üçün tökmə dana düzəldib ona səcdə qıldılar, qurban kəsdilər və dedilər: “Ey İsrail övladları, budur sizi Misir torpağından çıxaran allahlarınız!”» |
9. | Rəbb Musaya sözünü davam etdi: «Görürəm ki, bu xalq dikbaş xalqdır. |
10. | Qoy Mən xalqa qarşı qəzəblənib onu yox edim, səndən isə böyük millət əmələ gətirim». |
11. | Musa Allahı Rəbbə yalvarıb dedi: «Ya Rəbb, nə üçün Öz xalqına qarşı qəzəbin alovlansın? Sən onları Misirdən böyük qüvvətinlə və qüdrətli əlinlə qurtarmadınmı? |
12. | Axı nə üçün Misirlilər “Onları pis niyyətlə, dağlarda öldürüb yer üzündən yox etmək üçün çıxartdı” desinlər? Yalvarıram, qəzəbini yatır və Öz xalqına bəla gətirmək niyyətindən dön. |
13. | Qulların İbrahimi, İshaqı, və İsraili xatırla və Özün naminə onlara and edərək “nəslinizi göydəki ulduzlar qədər çoxaldacağam, vəd etdiyim bu ölkənin hamısını nəslinizə verəcəyəm və onlar əbədilik oraya sahib olacaqlar” dedin». |
14. | Beləliklə, Rəbb Öz xalqına bəla gətirmək niyyətindən döndü. |
15. | Musa əlində iki şəhadət lövhəsi ilə dönüb dağdan endi. Lövhələrin iki tərəfi – bu üzü də, o üzü də yazılı idi. |
16. | Onlar Allahın işi idi; üzərindəki oyma yazılar Onun yazısı idi. |
17. | Yeşua xalqın səs-küyünü eşidərək Musaya dedi: «Düşərgədən müharibə səsi gəlir». |
18. | Musa cavab verdi: «Bu qələbə çalanların nidası deyil, Məğlubiyyətə uğrayanların da səsi deyil. Mən nəğmə səsi eşidirəm». |
19. | Musa düşərgəyə yaxınlaşıb dananı və onun ətrafındakı rəqsləri gördü. O qəzəbləndi və lövhələri əlindən atıb dağın ətəyində parça-parça etdi. |
20. | Xalqın düzəltdiyi dananı götürüb yandırdı, toza dönənə qədər əzdi və suyun üzünə səpələyib İsrail övladlarına içirtdi. |
21. | Musa Harundan soruşdu: «Bu xalq sənə nə etdi ki, onları belə böyük günaha batırdın?» |
22. | Harun cavab verdi: «Qoy ağam qəzəblənməsin. Sən bu xalqı tanıyırsan. Onun niyyəti pisdir. |
23. | Onlar mənə dedilər: “Bizim üçün allahlar düzəlt ki, qabağımızda getsinlər. Çünki bizi Misir torpağından çıxaran adamın – bu Musanın başına nə iş gəldiyini bilmirik!” |
24. | Mən isə onlara dedim: “Kimdə qızıl varsa, onu çıxarın”. Xalq da qızılı mənə verdi. Mən onu oda atdım və bu dana alındı». |
25. | Musa bildi ki, xalq nəzarətdən çıxıb. Harun nəzarəti o qədər zəiflətmişdi ki, düşmənlər onları lağa qoyurdular. |
26. | Musa düşərgənin girişində durub çağırdı: «Rəbbin tərəfində olanlar, mənim yanıma gəlin!» Bütün Levi övladları onun yanına toplaşdı. |
27. | Musa onlara dedi: «İsrailin Allahı Rəbb belə deyir: “Qoy hər biriniz qılıncını belinə qurşasın. Hər kəs düşərgədə qapı-qapı gəzərək öz qardaşını, dostunu və qonşusunu öldürsün”». |
28. | Levililər də Musa onlara etdiyi əmrə əməl etdilər. O gün üç minə yaxın adam həlak oldu. |
29. | Musa Levililərə dedi: «Bu gün sizin hər biriniz oğlunun və qardaşının canı bahasına xeyir-dua alıb Rəbb üçün vəzifəyə təyin olundunuz». |
30. | Ertəsi gün Musa xalqa dedi: «Siz böyük günaha batdınız. İndi isə Mən Rəbbin hüzuruna qalxacağam ki, bəlkə günahınızı kəffarə edə bilim». |
31. | Musa Rəbbin hüzuruna qayıdıb dedi: «Ah, bu xalq böyük günaha batıb, özünə qızıldan allahlar düzəltdi; |
32. | İndi yalvarıram, onların günahlarını bağışla. Əgər belə etməsən, adımı yazdığın kitabdan sil». |
33. | Rəbb Musaya dedi: «Mənə qarşı kim günah işlədibsə, onun adını kitabımdan siləcəyəm. |
34. | Lakin indi get, xalqı sənə dediyim yerə apar. Budur, Mələyim sənin qarşında gedəcək. Ancaq cəza günü gələndə onlara günahlarına görə cəza verəcəyəm». |
35. | Rəbb Harunun düzəltdiyi danaya və gördükləri işə görə İsrail xalqını bəlaya saldı. |
← Exodus (32/40) → |