← Exodus (31/40) → |
1. | Rəbb Musaya dedi: |
2. | «Bax Yəhuda qəbiləsindən Xur oğlu Uri oğlu Besaleli adı ilə çağırıb, |
3. | onu Allahın Ruhu ilə hikmət, dərrakə, bilik və hər cür məharətlə doldurmuşam ki, |
4. | qızıl, gümüş və tuncla işləməyi bacarsın, |
5. | daş-qaş yonsun, ağac oysun, hər cür məharət göstərə bilsin. |
6. | Mən də Dan qəbiləsində olan Axisamak oğlu Oholiavı ona köməkçi təyin etmişəm. Hər müdrik adamın ürəyinə hikmət qoymuşam ki, Mən sənə necə əmr etmişəm, belə də etsinlər: |
7. | Hüzur çadırını, Şəhadət sandığını və üstündəki kəffarə qapağını, çadırın bütün avadanlığını, |
8. | masanı və onun ləvazimatını, xalis qızıldan çıraqdanı və onun bütün əşyalarını, buxur qurbangahını, |
9. | yandırma qurbanları üçün qurulan qurbangahı və onun bütün avadanlığını, ləyəni və onun altlığını, |
10. | toxunmuş geyimləri – kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik etmək üçün geyimlərini, |
11. | məsh yağını, Müqəddəs yer üçün ətirli buxuru Mən sənə necə əmr etmişəmsə, qoy o cür də düzəltsinlər». |
12. | Rəbb Musaya dedi: |
13. | «Sən İsrail övladlarına belə söylə: “Mənim Şənbə günlərimə riayət edin. Çünki bu Mənimlə sizin aranızda nəsildən-nəslə onu bilmək üçün bir əlamətdir ki, sizi təqdis edən Rəbb Mənəm. |
14. | Beləliklə, Şənbə gününə riayət edin, çünki o sizin üçün müqəddəsdir. Onu ləkələyən öldürülməlidir. O gün iş görən hər kəs xalqı arasından qovulsun. |
15. | Altı gün iş görülsün, yeddinci gün isə Rəbb üçün təqdis olunan Şənbə istirahət günü olsun. O gün iş görən hər kəs öldürülməlidir. |
16. | İsrail övladları nəsildən-nəslə əbədi əhd kimi Şənbə gününə riayət və əməl etsinlər. |
17. | Mənimlə İsrail övladları arasında əbədi bir əlamətdir ki, altı gün ərzində Rəbb göyləri və yeri yaratdı, yeddinci gün isə istirahət etdi və dincəldi”». |
18. | Sina dağında Allahın Musa ilə söhbəti qurtarandan sonra Allah Öz barmağı ilə yazılmış iki şəhadət daş lövhəsini Musaya verdi. |
← Exodus (31/40) → |