| ← Exodus (30/40) → |
| 1. | Əbrişim ağacından buxur yandırmaq üçün qurbangah düzəlt. |
| 2. | Qoy uzunluğu bir qulac eni də bir qulac, hündürlüyü isə iki qulac olsun, buynuzları onunla bir hissədən olsun. |
| 3. | Onun üzərini, hər yanını və buynuzlarını xalis qızılla ört və ətrafına qızıl zolaq qoy. |
| 4. | Onun üçün iki qızıl halqa düzəlt; qarşı-qarşıya olan iki yanda, zolağın altında düzəlt. Bu onu aparan şüvüllərin keçdiyi yerlər olsun. |
| 5. | Şüvülləri əbrişim ağacından düzəlt və qızılla ört. |
| 6. | Bu qurbangahı Şəhadət sandığının qarşısında olan pərdənin önünə – Mənim səninlə görüşəcəyim yerə, kəffarə qapağının önünə qoy. |
| 7. | Harun qurbangahda ətirli buxur yandırsın. Həm səhər çıraqları hazırladığı zaman, |
| 8. | həm də axşamçağı çıraqları yandırdığı zaman onu yandırsın. Bu sizin üçün nəsildən-nəslə Rəbbin önündə daimi buxur təqdimidir. |
| 9. | Onun üstündə nə yad buxur, nə yandırma qurbanı, nə də taxıl təqdimi gətirin; içmə təqdimi də tökməyin. |
| 10. | İldə bir dəfə Harun günah üçün kəffarə qurbanının qanını qurbangahın buynuzlarına çəkərək qurbangah üçün kəffarə etsin. Nəsildən-nəslə, ildən-ilə bir dəfə belə etsin. Qurbangah Rəbb üçün ən müqəddəsdir». |
| 11. | Rəbb Musaya belə dedi: |
| 12. | «İsrail övladlarını siyahıya aldığın zaman sayılan hər bir adam öz həyatının əvəzini Rəbbə versin ki, sayıldıqlarına görə aralarında bəla olmasın. |
| 13. | Sayılmış adamlara daxil olan hər kəs yarım şekel gümüş versin. Bu, iyirmi geradan ibarət olan Müqəddəs yerdəki şekelə görə sayılsın. Bu yarım şekel Rəbbin payıdır. |
| 14. | İyirmi və ondan yuxarı yaşda sayılmış adamlar arasından hər bir kişi bu payı Rəbbə versin. |
| 15. | Həyatlarınızı kəffarə etmək üçün Rəbbin payını verəndə varlı yarım şekeldən çox, kasıb yarım şekeldən əskik verməsin. |
| 16. | Bu kəffarə pulunu İsrail övladlarından götürüb Hüzur çadırının ibadəti üçün təyin et. Bu, həyatlarınızı kəffarə etmək üçün Rəbbin önündə İsrail övladlarının xatirəsi olacaq». |
| 17. | Rəbb Musaya belə dedi: |
| 18. | «Yuyunmaq üçün bir tunc ləyən düzəlt. Qoy altlığı da tuncdan olsun. Onu Hüzur çadırı ilə qurbangahın arasına qoy, içini də su ilə doldur ki, |
| 19. | Harunla oğulları əl-ayaqlarını o su ilə yusunlar. |
| 20. | Onlar Hüzur çadırına daxil olduğu zaman su ilə yuyunsunlar, yoxsa öləcəklər. Xidmət etmək və Rəbb üçün yandırma təqdimi tüstülədib yandırmaq üçün qurbangaha yaxınlaşanda da |
| 21. | əl-ayaqlarını yusunlar, yoxsa öləcəklər. Bu, Harunla övladları üçün nəsildən-nəslə əbədi qayda olsun». |
| 22. | Rəbb Musaya dedi: |
| 23. | «Bu gözəl ətriyyatlardan götür: beş yüz şekel duru mirra, onun yarısı qədər iki yüz əlli şekel ətirli darçın, iki yüz əlli şekel ətirli qamış |
| 24. | və beş yüz şekel Çin darçını, hər şey Müqəddəs yerdəki şekelə görə sayılsın; həm də bir hin zeytun yağı. |
| 25. | Bunların hamısından müqəddəs məsh yağı hazırla; bu ətriyyatçının tərtib etdiyi ətriyyat, müqəddəs məsh yağı olacaq. |
| 26. | Həmin yağla bunları məsh et: Hüzur çadırını, Şəhadət sandığını, |
| 27. | masanı və onun bütün ləvazimatını, çıraqdanı və onun əşyalarını, buxur qurbangahını, |
| 28. | yandırma qurbanları üçün qurulan qurbangahı və onun bütün avadanlığını, tunc ləyəni və onun altlığını. |
| 29. | Beləcə bu şeyləri təqdis et ki, ən müqəddəs olsunlar; onlara toxunan hər şey müqəddəs olacaq. |
| 30. | Harunla oğullarını da məsh edərək təqdis et ki, Mənə kahinlik etsinlər. |
| 31. | İsrail övladlarına belə de: “Bu sizin üçün nəsildən-nəslə Mənə müqəddəs məsh yağı olacaq. |
| 32. | Bu yağ insan bədənlərinə tökülməsin. Tərkibinə görə ona bənzər heç nə hazırlamayın. Bu yağ müqəddəsdir, onu müqəddəs sayın. |
| 33. | Ona bənzərini düzəldən yaxud onu kənar şəxsin üzərinə tökən hər kəs xalqı arasından qovulsun”». |
| 34. | Sonra Rəbb Musaya dedi: «Bu ətirli maddələrdən götür: balzam, onika, ilan kölgəsi, xalis kündür; hər şey eyni miqdarda olsun. |
| 35. | Bunların hamısından buxur hazırla; ətriyyatçının düzəltdiyi bu qatışıq duzlanmış, təmiz və müqəddəs olsun. |
| 36. | Ondan bir qədərini narın döy və Mənim səninlə görüşəcəyim yer olan Hüzur çadırında Şəhadət sandığının önünə qoy. Bu sizin üçün ən müqəddəs olsun. |
| 37. | Hazırladığın buxurun tərkibinə görə özünüz üçün buxur hazırlamayın; bunu Rəbb üçün müqəddəs sayın. |
| 38. | Ona bənzər olan ətir vurmaq üçün hazırlayan hər kəs xalqın arasından qovulsun». |
| ← Exodus (30/40) → |