← Exodus (3/40) → |
1. | Musa qayınatası Midyan kahini Yetronun sürüsünü otarırdı. Bir dəfə o, sürünü səhranın o biri tərəfinə aparıb Allahın dağı Xorevə gəldi. |
2. | Birdən Rəbbin mələyi ona bir kol arasından od-alov içərisində göründü; od içində kolun sönmədən yanmasını görüb |
3. | Musa öz-özünə dedi: «Gedim, bu qəribə mənzərəyə baxım, görüm nə üçün bu kol yanıb qurtarmır». |
4. | Rəbb Musanın baxmağa gəldiyini görəndə Allah kolun ortasından onu çağırıb dedi: «Musa, Musa!» O da «mən buradayam» dedi. |
5. | Allah dedi: «Buraya yaxınlaşma. Ayaqlarından çarıqlarını çıxart, çünki durduğun yer müqəddəs torpaqdır». |
6. | Sonra dedi: «Mən atanın Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam». Musa üzünü örtdü, çünki Allaha baxmağa qorxurdu. |
7. | Rəbb dedi: «Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini gördüm, nəzarətçilərin əlindən etdikləri fəryadlarını eşitdim və dərdlərinə nəzər saldım. |
8. | Mən ona görə gəldim ki, onları Misirlilərin əlindən qurtarıb bu ölkədən çıxarım və geniş, nemətli bir diyara, süd və bal axan torpağa – Kənanlıların, Xetlilərin, Emorluların, Perizlilərin, Xivlilərin və Yevusluların ölkəsinə aparım. |
9. | İndi isə İsrail övladlarının fəryadı Mənə çatdı, Misirlilərin onlara etdikləri zülmü görürəm. |
10. | Buna görə də get. Səni fironun yanına göndərirəm ki, xalqım İsrail övladlarını Misirdən çıxarasan». |
11. | Musa Allaha dedi: «Axı mən kiməm ki, fironun yanına gedib İsrail övladlarını Misirdən çıxarım?» |
12. | Allah dedi: «Mən səninləyəm. Mənim səni göndərdiyimə əlamət bu olacaq: sən xalqı Misirdən çıxaranda bu dağda Mənə ibadət edəcəksiniz». |
13. | Musa Allaha dedi: «İsrail övladlarının yanına gedib “məni sizin yanınıza atalarınızın Allahı göndərib” deyəndə onlar məndən soruşa bilərlər: “Bəs Onun adı nədir?” Onda mən nə deyim?» |
14. | Allah Musaya dedi: «Var Olan Mənəm». Sonra dedi: «İsrail övladlarına belə söylə: “‹Mənəm› deyən sizin yanınıza məni göndərdi”». |
15. | O, Musaya belə dedi: «İsrail övladlarına söylə: “Atalarınızın Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı Rəbb məni sizin yanınıza göndərdi”. Adım əbədi olaraq budur. Qoy Məni nəsildən-nəslə belə xatırlasınlar. |
16. | Get, İsrail ağsaqqallarını topla və onlara belə söylə: “Atalarınızın Allahı, İbrahimin, İshaqın və Yaqubun Allahı Rəbb mənə görünərək bunları dedi: ‹Siz və Misirdə başınıza gətirilənlərin hamısı nəzərimdədir. |
17. | Söz verdim ki, sizi Misirdəki əziyyətdən qurtarıb Kənanlıların, Xetlilərin, Emorluların, Perizlilərin, Xivlilərin və Yevusluların ölkəsinə – süd və bal axan torpağa aparacağam›”. |
18. | İsrail ağsaqqalları sənin sözünə qulaq asacaqlar. Sən onlarla birgə Misir padşahının yanına gedib de: “İbranilərin Allahı Rəbb bizə göründü. İndi bizə izin ver ki, çöldə birlikdə üç günlük yol gedək və orada Allahımız Rəbbə qurban gətirək”. |
19. | Amma bilirəm ki, Misir padşahı qüdrətli əl vasitəsilə məcbur olmasa, sizin getməyinizə izin verməyəcək. |
20. | Mən də əlimi uzadıb orada hər cür möcüzələr edərək Misiri vuracağam; bundan sonra Misir padşahı sizi buraxacaq. |
21. | Bu xalqa qarşı Misirlilərin gözündə lütf qazandıracağam ki, yola düşdüyünüz zaman əliboş getməyəsiniz. |
22. | Hər qadın öz qonşusundan, yaxınlıqda qalan qadından qızıl-gümüş əşya və paltar istəsin. Bunlarla oğul və qızlarınızı bəzəyəcəksiniz, beləcə Misirliləri soyacaqsınız». |
← Exodus (3/40) → |