← Exodus (29/40) → |
1. | Mənə kahinlik etmək üçün onları bu qaydada təqdis et. Qüsursuz bir buğa və iki qoç götür. |
2. | Mayasız çörəkləri, zeytun yağı ilə yoğrulmuş mayasız kökələri və üstünə zeytun yağı sürtülmüş mayasız qoğalları narın buğda unundan hazırla. |
3. | Onları bir səbətin içinə qoy, buğa və iki qoçla birgə təqdim et. |
4. | Sonra Harunla oğullarını Hüzur çadırının girişinə gətir və onları su ilə yuyundur. |
5. | Geyimlərini götürüb Harunun əyninə xirqəni, efod cübbəsini, efodu və döşlüyü geyindir və efodun kəmərini belinə bağla. |
6. | Onun başına çalmanı, çalmaya da müqəddəslik tacını qoy. |
7. | Məsh yağını götürüb Harunun başına tök və onu məsh et. |
8. | Sonra oğullarını gətir və onlara xirqələr geyindir. |
9. | Haruna və onun oğullarının belinə qurşaq bağla və başlarına papaq qoy. Əbədi qaydaya görə kahinlik onların olsun. Beləcə Harunla oğullarını vəzifəyə qoy. |
10. | Sonra Hüzur çadırının önünə buğanı gətir. Qoy Harunla oğulları əllərini buğanın başına qoysunlar. |
11. | Buğanı Rəbbin önündə, Hüzur çadırının girişində kəs. |
12. | Buğanın qanından götür və barmağınla qurbangahın buynuzlarına çək. Qanın qalan hissəsini isə qurbangahın altlığına tök. |
13. | Heyvanın içalatını örtən bütün piyi, qaraciyərin quyruğa bənzər hissəsini, hər iki böyrəyini və üstündəki piyi qurbangahda tüstülədib yandır. |
14. | Buğanın ətini, dərisini və bağırsağını düşərgənin kənarında yandır. Bu, günah qurbanıdır. |
15. | Bir qoç da götür; qoy Harunla oğulları əllərini qoçun başına qoysunlar. |
16. | Sonra qoçu kəs, qanını götür və onu qurbangahın hər tərəfinə səp. |
17. | Qoçu parça-parça doğra, içalatını və budlarını yuyub, başının və tikələrinin üstünə qoy. |
18. | Bütün qoçu qurbangahda tüstülədib yandır. Bu, Rəbb üçün yandırma qurbanı, Onun xoşuna gələn ətir – yandırma təqdimidir. |
19. | Sən o biri qoçu da götür, Harunla oğulları əllərini onun başına qoysunlar. |
20. | Sonra qoçu kəs; qanından bir az götürüb Harunun sağ qulağının mərcəyinə, oğullarının sağ qulaq mərcəklərinə, onların sağ əllərinin və sağ ayaqlarının baş barmaqlarına çək. Qoçun qanını qurbangahın hər tərəfinə səp. |
21. | Qurbangahdakı qandan və məsh yağından götürüb Haruna və onun geyimlərinə, oğullarına və onların geyimlərinə çilə. Beləcə Harun və onun geyimləri, oğulları və onların geyimləri təqdis olunsun. |
22. | Sonra qoçun piyini, quyruğunu, içalatını örtən piyi, qaraciyərinin quyruğa bənzər hissəsini, hər iki böyrəyini, üstündəki piyi və sağ budunu götür. Çünki bu təqdis qoçudur. |
23. | Rəbbin önündə olan mayasız çörəklər səbətindən bir yastı çörək kökəsi, bir zeytun yağı ilə yoğrulmuş çörək kökəsi və bir qoğal götür. |
24. | Bunların hamısını Rəbbin hüzurunda yellədərək təqdim etmək üçün Harunun və onun oğullarının əllərinə qoy. |
25. | Sonra bu şeyləri əllərindən alıb qurbangahda yandırma qurbanı ilə tüstülədib yandır. Bu, Rəbbin hüzurunda Onun xoşuna gələn ətir – yandırma təqdimidir. |
26. | Harunun təqdis qurbanı olan qoçdan döş ətini götürüb Rəbbin hüzurunda yellədərək təqdim et. Bu sənin payındır. |
27. | Harunla oğullarının təqdis qurbanı olan qoçdan yellədilən döş ətini və qaldırılan budu təqdis et. |
28. | Bu qaldırılan pay Harunla övladlarının İsraillilərdən gələn əbədi pay olsun. Bu da İsrail övladlarının ünsiyyət qurbanlarından Rəbbə qaldırılan pay olsun. |
29. | Harunun müqəddəs geyimləri özündən sonra oğullarına qalsın ki, onları geyərək məsh olunub vəzifəyə qoyulsunlar. |
30. | Onun yerinə kahin olub Müqəddəs yerdə xidmət etmək üçün Hüzur çadırına daxil olan oğlu yeddi gün o geyimləri geysin. |
31. | Təqdis qurbanı olan qoçun ətini götür və müqəddəs bir yerdə qaynat. |
32. | Harunla oğulları o qoçun ətini və səbətdə olan çörəyi Hüzur çadırının girişində yesinlər. |
33. | Özlərini vəzifəyə qoyub təqdis edəndə günahlarının kəffarə olması üçün istifadə edilən bu şeyləri onlar yesin; amma yad adamlar bunları yeməsin, çünki bu şeylər müqəddəsdir. |
34. | Əgər təqdis qurbanının ətindən və çörəkdən səhərə qədər qalarsa, qalığını yandır; bu şeylər yeyilməz, çünki müqəddəsdir. |
35. | Mən sənə necə əmr etmişəmsə, o cür də Harunla oğulları üçün et. Onların vəzifəyə keçmə vaxtını yeddi gün davam etdir. |
36. | Hər gün kəffarə üçün günah qurbanı olaraq bir buğa gətir. Qurbangah üçün kəffarə edərək onu pak et və təqdis etmək üçün məsh et. |
37. | Yeddi gün ərzində qurbangah üçün kəffarə edərək onu təqdis et. Sonra qurbangah ən müqəddəs sayılacaq və ona toxunan hər şey müqəddəs olacaq. |
38. | Daimi olaraq hər gün qurbangah üzərində birillik iki toğlu gətir. |
39. | Toğlunun birini səhər, digərini isə axşam təqdim et. |
40. | Birinci toğlu ilə birlikdə dörddə bir hin zeytun yağı ilə yoğrulmuş onda bir efa narın un və içmə təqdimi olaraq dörddə bir hin şərab gətir. |
41. | Axşamçağı təqdim etdiyin o biri toğlu ilə səhərki kimi taxıl təqdimi və içmə təqdimi gətir. Bu, Rəbbin xoşuna gələn ətirli təqdimdir. |
42. | Bu sizin üçün nəsildən-nəslə Hüzur çadırının girişində, Rəbbin önündə daimi yandırma qurbanı olacaq. Mən orada sizinlə görüşüb, səninlə danışacağam. |
43. | Orada Mən İsrail övladları ilə görüşəcəyəm; Hüzur çadırı Mənim izzətimlə təqdis olunacaq. |
44. | Mən Hüzur çadırını və qurbangahı təqdis edəcəyəm; Harunla oğullarını da təqdis edəcəyəm ki, Mənə kahinlik etsinlər. |
45. | İsrail övladları arasında məskunlaşacağam və onların Allahı olacağam. |
46. | Onlar da biləcəklər ki, aralarında məskunlaşmaq üçün onları Misir torpağından çıxaran Allahı Rəbb Mənəm, onların Allahı Rəbb Mənəm. |
← Exodus (29/40) → |