| ← Exodus (28/40) → |
| 1. | Sən isə qardaşın Harunu və onun oğulları Nadavı, Avihunu, Eleazarı və İtamarı İsrail övladlarının arasından yanına gətir ki, onlar Mənə kahinlik etsin. |
| 2. | Qardaşın Haruna izzət və gözəllik üçün müqəddəs geyimlər hazırla. |
| 3. | Sən də hikmət ruhu ilə doldurduğum bütün məharətli ustalara Harunun təqdis olunması üçün ona geyimlərin hazırlamasını tapşır ki, o Mənə kahinlik etsin. |
| 4. | Onların hazırlayacağı geyimlər bunlardır: döşlük, efod, üst cübbə, dama-dama xirqə, çalma və qurşaq. Bu müqəddəs geyimləri qardaşın Haruna və oğullarına hazırlasınlar ki, Mənə kahinlik etsinlər. |
| 5. | Qoy geyimləri hazırlayanlar qızıl, bənövşəyi, tünd qırmızı, al rəngli iplik və incə kətan götürsünlər. |
| 6. | Efodu qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan naxışla düzəltsinlər. |
| 7. | Hər iki ucunu bir-birinə bağlayan iki çiyinlik olsun ki, o bərkidilsin. |
| 8. | Efodun üstündəki kəmər eyni hissədən olsun. O da qızıldan, bənövşəyi, tünd qırmızı və al rəngli iplik və nəfis toxunmuş incə kətandan olsun. |
| 9. | İki ədəd damarlı əqiq daşı götür və üstündə İsrailin oğullarının adlarını həkk et. |
| 10. | Onların doğulma sırası ilə bir daşın üstündə altı ad, o birisinin üstündə qalan altı adı, |
| 11. | həkkakın işi olan möhür oyması kimi iki daş üstündə İsrailin oğullarının adlarını həkk et. Bunları hörmə qızıl sağanaqlara salıb, |
| 12. | bu iki daşı efodun çiyinliklərinə tax. Bunlar İsrailin oğullarının xatirə daşlarıdır; Harun onların adlarını Rəbbin önündə iki çiynində xatirə kimi gəzdirəcək. |
| 13. | Hörmə qızıldan sağanaqlar düzəlt, |
| 14. | xalis qızıldan iki ipə bənzər burma zəncir düzəlt; burma zəncirləri sağanaqlara tax. |
| 15. | Hökm döşlüyünü efod kimi naxışlı düzəlt. Onu qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan düzəlt. |
| 16. | Döşlük ikiqat, dördbucaq şəklində olub uzunluğu bir qarış, eni də bir qarış olsun. |
| 17. | Üstündəki bir çərçivəyə dörd sıra daş tax. Birinci sıra yaqut, topaz, zümrüd |
| 18. | ikinci sıra firuzə, göy yaqut və almaz, |
| 19. | üçüncü sıra sirkon, əqiq və ametist, |
| 20. | dördüncü sıra sarı yaqut, damarlı əqiq və yəşəm daşı olsun. Bu daşlar hörmə qızıl sağanaqlara taxılsın. |
| 21. | Daşlar İsrailin oğullarının adlarına görə on iki dənə olsun; hər daş on iki qəbilədən birinin adının oyma möhürü olsun. |
| 22. | Döşlük üçün xalis qızıldan ipəbənzər burma zəncirlər qayır. |
| 23. | Döşlük üçün iki qızıl halqa düzəlt və onları döşlüyün iki ucuna tax. |
| 24. | İki qızıl ipi döşlüyün uclarındakı iki halqaya tax. |
| 25. | İplərin o biri uclarını iki hörmə sağanağa taxıb efodun çiyinliklərinin qabaq tərəfinə bağla. |
| 26. | Yenə də iki qızıl halqa düzəlt və onları döşlüyün iki ucuna, efodla yanaşı iç qatına tax. |
| 27. | Digər iki qızıl halqa düzəlt və onu efodun çiyinliklərinin qabaq tərəfinə, aşağıya, efodun kəməri ilə birləşmə üzərinə bərkit. |
| 28. | Döşlük halqaları ilə efodun halqalarına bənövşəyi qaytanla bağlanıb efodun kəmərinin üzərinə bərkidilsin ki, döşlük efoddan sallanmasın. |
| 29. | Harun Müqəddəs yerə daxil olduğu zaman Rəbbin önündə daima xatirə olaraq İsrailin oğullarının adlarını hökm döşlüyündə, ürəyinin üstündə daşıyacaq. |
| 30. | Urim və Tummimi də hökm döşlüyünə qoy ki, Rəbbin hüzuruna daxil olduğu zaman onlar da ürəyinin üstündə olsun. Beləcə Harun İsrail övladlarının hökmünü Rəbbin hüzurunda daima ürəyinin üstündə daşıyacaq. |
| 31. | Efodun cübbəsini büsbütün bənövşəyi iplikdən tik. |
| 32. | Ortasında baş keçirmək üçün yer olsun. Onun kənarında cırılmamaq üçün yaxa toxunsun. |
| 33. | Cübbənin ətəyinin ətrafına bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən narlar və zınqırovlar düz: |
| 34. | cübbənin ətəyi boyunca ətrafında qızıl zınqırov və nar sıra ilə düzülsün. |
| 35. | Qoy cübbə Harun xidmət etdiyi zaman əynində olsun. Verdiyi səs də onun Müqəddəs yerə – Rəbbin hüzuruna girib-çıxdığı zaman eşidilsin ki, o ölməsin. |
| 36. | Xalis qızıldan bir lövhəcik düzəlt və onun üzərində möhür oyması olaraq “Rəbbə həsr edilmiş” yazısını həkk et. |
| 37. | Onu bənövşəyi qaytanla çalmanın üstünə – qabaq tərəfinə tik. |
| 38. | Beləcə lövhəcik Harunun alnının üstündə olsun. İsrail övladlarının təqdis etdikləri bütün müqəddəs hədiyyələrin Rəbbin qarşısında məqbul olub-olmamasının məsuliyyətini Harun daşıyacaq. Buna görə də qoy lövhəcik həmişə Harunun alnında olsun. |
| 39. | Xirqəni incə kətandan dama-dama hör. Çalmanı da incə kətandan düzəlt. Qurşağın üzərinə naxış tikib düzəlt. |
| 40. | Harunun oğullarına izzət və gözəllik üçün xirqələr, qurşaqlar və papaqlar düzəlt. |
| 41. | Bunları qardaşın Harunla oğullarına geyindirib onları məsh et, vəzifəyə qoy və Mənə kahinlik etmək üçün təqdis et. |
| 42. | Beldən buda qədər lüt bədənlərini örtən kətan alt paltarları tik. |
| 43. | Bunları Harunla oğulları Müqəddəs yerdə xidmət etmək üçün Hüzur çadırına daxil olanda yaxud qurbangaha yaxınlaşanda cəza çəkib ölməmək üçün geyəcəklər. Bu, Harunla övladlarına əbədi qayda olsun. |
| ← Exodus (28/40) → |