← Exodus (26/40) → |
1. | Müqəddəs məskəni on pərdədən düzəlt. Pərdələri nəfis toxunmuş incə kətandan, bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən, üstünü isə keruvlar şəklində naxışla düzəlt. |
2. | Hər pərdənin uzunluğu iyirmi səkkiz qulac, eni isə dörd qulac olsun. Qoy bütün pərdələr bir ölçüdə olsun. |
3. | Pərdələrdən beşi bir-birinə birləşdirilsin, digər beşi də bir-birinə birləşdirilsin. |
4. | Bir birləşmənin ucunda olan pərdənin kənarında bənövşəyi ilgəklər düzəlt, o biri birləşmənin ucunda olan pərdənin kənarında da eyni şəkildə ilgəklər düzəlt. |
5. | Bir pərdəyə əlli ilgək, o biri birləşmədəki pərdənin kənarında onlara uyğun gələn əlli ilgək düzəlt. |
6. | Qızıldan əlli bənd düzəlt. Bəndlərlə pərdələri bərkit və çadırı birləşdir ki, məskən bütöv olsun. |
7. | Məskəni örtən çadır üçün keçi yunundan on bir ədəd pərdə düzəlt. |
8. | Hər pərdənin uzunluğu otuz qulac, eni isə dörd qulac olsun. On bir pərdə bir ölçüdə olsun. |
9. | Beş pərdəni ayrıca və altı pərdəni ayrıca birləşdir. Altıncı pərdəni isə çadırın qabaq tərəfindən qatla. |
10. | Bir birləşmənin qıraq pərdəsinin kənarında əlli ilgək, o biri birləşmənin qıraq pərdəsinin kənarında da əlli ilgək düzəlt. |
11. | Tuncdan əlli bənd düzəlt; bəndləri ilgəklərə tax və çadırı birləşdir ki, o bütöv olsun. |
12. | Çadırın pərdələrindən artıq qalan pərdənin yarısını məskənin arxa tərəfindən salla. |
13. | Çadırın pərdələrinin uzunluğunun hər iki ucunda artıq qalan bir qulac parça məskəni örtmək üçün onun hər iki tərəfindən sallansın. |
14. | Çadır üçün qırmızı boyanmış qoç dərilərindən bir pərdə və onun üstündə suiti dərilərindən bir pərdə düzəlt. |
15. | Müqəddəs məskən üçün əbrişim ağacından dik duran çərçivələr düzəlt. |
16. | Hər çərçivənin uzunluğu on qulac, eni isə qulac yarım olsun. |
17. | Hər çərçivənin üstündə iki bir-birinə bağlanan zivana olsun; məskənin bütün çərçivələrini belə düzəlt. |
18. | Məskənin cənub tərəfi üçün iyirmi çərçivə |
19. | və onların altına qoyulacaq qırx gümüş altlıq düzəlt; hər çərçivənin altında iki zivanası üçün iki altlıq olsun. |
20. | Məskənin şimal tərəfi üçün də iyirmi çərçivə |
21. | və qırx gümüş altlıq, hər çərçivənin altında iki altlıq olsun. |
22. | Məskənin qərbə doğru arxası üçün altı çərçivə düzəlt. |
23. | Məskənin arxa küncləri üçün isə iki çərçivə düzəlt ki, |
24. | bunlar aşağıda birləşib yuxarıda bir halqaya taxılsın; hər iki künc üçün elə iki çərçivə olsun. |
25. | Bu səkkiz çərçivə üçün on altı gümüş altlıq, hər çərçivənin altında iki altlıq olsun. |
26. | Əbrişim ağacından şüvüllər düzəlt: məskənin hər iki tərəfindəki çərçivələri üçün beş şüvül, |
27. | məskənin qərbə doğru arxa tərəfdəki çərçivələri üçün də beş şüvül olsun. |
28. | Orta şüvül çərçivələrin ortasından bir ucdan o biri uca qədər uzansın. |
29. | Çərçivələri qızılla ört; şüvüllərin keçdiyi halqaları qızıldan düzəlt; şüvülləri də qızılla ört. |
30. | Dağda sənə göstərilən layihəyə görə müqəddəs məskəni qur. |
31. | Pərdəni bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan, üstünü isə keruvlar şəklində naxışla düzəlt. |
32. | Onu dörd dirək üstündə as; hər dirək qızılla örtülmüş əbrişim ağacından olsun. Üstündə qızıl qarmaqları olsun və dörd gümüş altlıq üstündə dursun. |
33. | Pərdəni bəndlərdən as və Şəhadət sandığını oraya, pərdənin arxasına gətir. Bu pərdə Müqəddəs yerlə Ən Müqəddəs yeri ayırsın. |
34. | Ən Müqəddəs yerdə Şəhadət sandığının üstünə kəffarə qapağını tax. |
35. | Masanı pərdənin bayır tərəfinə, çıraqdanı masanın qarşısına – məskənin cənub tərəfinə, masanı isə şimal tərəfinə qoy. |
36. | Hüzur çadırının girişi üçün arakəsməni bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan, naxış tikməsi ilə düzəlt. |
37. | Bu arakəsmə üçün də əbrişim ağacından beş dirək düzəlt və üstünü qızılla ört; üstündə qızıl qarmaqlar olsun və onlar üçün tuncdan beş altlıq tök. |
← Exodus (26/40) → |