← Exodus (25/40) → |
1. | Rəbb Musaya dedi: |
2. | «Mənə ianələr gətirmək barədə İsrail övladlarına belə söylə: könlü istəyən hər bir adamdan ianəni qəbul edin. |
3. | Onlardan qəbul edəcəyiniz ianələr budur: qızıl, gümüş, tunc, |
4. | bənövşəyi, tünd qırmızı və al rəngli iplik, incə kətan, keçi yunu, |
5. | qırmızı boyanmış qoç dəriləri, suiti dəriləri, əbrişim ağacı, |
6. | çıraq üçün zeytun yağı, məsh yağı və ətirli buxur üçün ətriyyatlar, |
7. | efodla döşlüyün üstünə taxılan damarlı əqiq və sağanaq daşları. |
8. | Mənim üçün Müqəddəs məkan düzəltsinlər ki, aralarında məskunlaşım. |
9. | Mənim məskənimi və onun bütün avadanlığını göstərdiyim nümunələrə görə düzəldin. |
10. | Qoy əbrişim ağacından sandıq düzəltsinlər: uzunluğu iki qulac yarım, eni qulac yarım, hündürlüyü qulac yarım olsun. |
11. | Onu içəridən və bayırdan xalis qızılla ört, ətrafına qızıl zolaq qoy. |
12. | Sandıq üçün dörd tökmə qızıl halqa düzəlt və onları onun dörd ayağına, iki halqanı bir yanına, iki halqanı isə o biri yanına bərkit. |
13. | Əbrişim ağacından şüvüllər düzəlt və üzərini qızılla ört. |
14. | Sandığı daşımaq üçün şüvülləri sandığın yanlarındakı halqalara keçir. |
15. | Şüvüllər sandığın halqalarında qalıb oradan ayrılmasın. |
16. | Sənə verəcəyim şəhadət lövhələrini sandığın içinə qoy. |
17. | Xalis qızıldan kəffarə qapağını düzəlt. Qoy uzunluğu iki qulac yarım, eni isə qulac yarım olsun. |
18. | Kəffarə qapağının hər iki ucu üçün yastılanmış qızıldan iki keruv düzəlt. |
19. | Bir keruv qapağın bir ucunda, o birisi isə o biri ucunda olaraq qapağın iki ucunda olan keruvlar düzəlt ki, onunla bir hissədən olsun. |
20. | Keruvlar yuxarıya açılmış qanadları ilə kəffarə qapağını örtsünlər. Keruvların üzləri bir-birinə qarşı qapağa doğru olsun. |
21. | Kəffarə qapağını sandığın üstünə qoy; sənə verəcəyim şəhadət lövhələrini isə sandığın içinə qoy. |
22. | Orada kəffarə qapağının üzərində, Şəhadət sandığının üstündəki iki keruv arasında səninlə görüşəcəyəm və İsrail övladları üçün sənə əmr edəcəyim hər şeyi söyləyəcəyəm. |
23. | Əbrişim ağacından bir masa düzəlt: uzunluğu iki qulac, eni bir qulac, hündürlüyü isə qulac yarım olsun. |
24. | Onu xalis qızılla ört. Ətrafına qızıl zolaq qoy. |
25. | Ətrafında eni bir ovuc olan yan lövhələri düzəlt. Yan lövhələrin ətrafına da qızıl zolaq qoy. |
26. | Masa üçün dörd qızıl halqa düzəlt, halqaları onun dörd küncünə, dörd ayağına bərkit. |
27. | Halqalar yan lövhələrə yaxın olaraq masanı aparan şüvüllərin keçdiyi yerlər olsun. |
28. | Şüvülləri əbrişim ağacından düzəlt və onları qızılla ört; masa onların vasitəsi ilə aparılsın. |
29. | Masa üçün xalis qızıldan sinilər və nimçələr, içmə təqdimlərini tökmək üçün dolçalar və piyalələr düzəlt. |
30. | Daima Mənim hüzurumda masanın üstünə təqdis çörəkləri qoy. |
31. | Xalis qızıldan bir çıraqdan düzəlt. Bu çıraqdan yastılanmış qızıldan olmalıdır. Altlığı, gövdəsi, kasacıqları, qönçələri və gülləri onunla bir hissədən olsun. |
32. | Çıraqdanın yanlarından altı budaq – onun bir yanından üç budaq, o biri yanından da üç budaq çıxsın. |
33. | Hər bir budağında badam çiçəyinə bənzər üç kasacıq, qönçə və gül olsun. |
34. | Çıraqdanın gövdəsində isə badam çiçəyinə bənzər dörd kasacıq, qönçə və gül olsun. |
35. | Çıraqdanın gövdəsindən çıxan altı budağın bir cütünün altında bir qönçə, o biri cütünün altında bir qönçə, o birinin də altında bir qönçə olsun. |
36. | Qönçələr və budaqlar onunla bir hissədən ibarət olsun; hamısı eyni hissədən, yastılanmış xalis qızıldan olsun. |
37. | Onun üçün yeddi çıraq düzəlt və çıraqları onun üstünə qoy ki, qabaq tərəfinə işıq salsın. |
38. | Maşaları və xəkəndazları da xalis qızıldan olsun. |
39. | Çıraqdan və onun bütün avadanlığı bir talant xalis qızıldan düzəldilsin. |
40. | Dağda sənə göstərilən nümunəyə görə bunların hamısını ehtiyatla düzəlt. |
← Exodus (25/40) → |