← Exodus (24/40) → |
1. | Rəbb Musaya dedi: «Sən, Harun, Nadav, Avihu və İsrail ağsaqqallarından yetmiş nəfər Rəbbin yanına çıxın. Uzaqdan səcdə edin. |
2. | Sonra yalnız sən, ey Musa, Rəbbin hüzuruna yaxınlaş, o biriləri yaxınlaşmasınlar. Xalq isə səninlə buraya çıxmasın». |
3. | Musa gəlib Rəbbin bütün sözlərini və hökmlərini xalqa nəql etdi. Bütün xalq bir səslə cavab verib dedi: «Rəbbin söylədiyi sözlərin hamısına əməl edəcəyik». |
4. | Musa Rəbbin bütün sözlərini yazdı. O, səhər erkən durub dağın ətəyində qurbangah və İsrailin on iki qəbiləsinə görə on iki sütun qurdu. |
5. | Sonra Musa İsrailin cavanlarına Rəbbin önündə yandırma qurbanları və ünsiyyət qurbanları olaraq buğalar kəsdirdi. |
6. | Musa heyvanların qanının yarısını götürüb ləyənlərə tökdü. Qanın o biri yarısını isə qurbangahın üstünə səpdi. |
7. | O, əhd kitabını əlinə alıb xalqa ucadan oxudu və onlar dedilər: «Rəbbin söylədiyi bütün sözlərə əməl edib qulaq asacağıq!» |
8. | Sonra Musa qanı götürüb xalqın üstünə səpərək dedi: «Budur bütün bu sözlərə görə Rəbbin sizinlə kəsdiyi əhdin qanı». |
9. | Bunu edib Musa Harun, Nadav, Avihu və İsrail ağsaqqallarından yetmiş nəfərlə birgə çıxıb, |
10. | İsrailin Allahını gördülər. Onun ayaqları altında göy yaqutdan döşəməyə bənzər, səmanın özü kimi aydın bir şey var idi. |
11. | Allah İsrailin başçılarına əl qaldırmadı; onlar Allahı gördülər və yeyib-içdilər. |
12. | Rəbb Musaya dedi: «Mənim yanıma dağa çıx və orada dur; xalqı öyrətmək üçün qanunu və əmrləri yazdığım daş lövhələri sənə verim». |
13. | Musa köməkçisi Yeşua ilə Allahın dağına çıxmaq üçün qalxdı. |
14. | Ağsaqqallara isə dedi: «Biz geri qayıdanadək burada gözləyin. Budur, Harun və Xur yanınızdadır; kimin nə çətin işi varsa, onların yanına gedə bilər». |
15. | Musa bunu deyəndən sonra dağa çıxdı. Bulud dağı bürüdü. |
16. | Rəbbin izzəti Sina dağının üstündə məskən saldı. Bulud onu altı gün bürüdü. Yeddinci gün Rəbb Musanı buludun içindən çağırdı. |
17. | Rəbbin izzəti İsrail övladlarının gözündə dağın başında yandırıb-yaxan alov kimi görünürdü. |
18. | Musa buludun içinə girib dağa çıxdı və qırx gün-qırx gecə dağda qaldı. |
← Exodus (24/40) → |