| ← Exodus (23/40) → |
| 1. | Boş xəbər gəzdirməyin. Yalançı şahid olmaq üçün haqsız adamla əlbir olmayın. |
| 2. | Şər iş görən izdihama qoşulmayın. Məhkəmədə çoxları ilə birləşərək ədaləti təhrif edib yalançı şahid olmayın. |
| 3. | Kasıba da məhkəmədə meylini salma. |
| 4. | Sən düşməninin azmış buğasına, inəyinə yaxud eşşəyinə rast gəlsən, sahibinə qaytarmalısan. |
| 5. | Sənə nifrət edən adamın eşşəyini yükü altında yıxılmış halda görəndə onu tərk etmə; ona kömək et ki, bu yükdən azad olsun. |
| 6. | Möhtac olan adamın məhkəmə işində ona qarşı ədaləti təhrif etmə. |
| 7. | Yalan işdən uzaq ol. Günahsıza və salehə ölüm hökmü vermə. Çünki Mən haqsıza bəraət qazandırmayacağam. |
| 8. | Rüşvət alma, çünki rüşvət gözüaçıqları kor edər, salehlərin sözlərini isə təhrif edər. |
| 9. | Qəribə zülm etmə. Siz də qəribliyi hiss etmisiniz, çünki özünüz də Misir ölkəsində qərib idiniz. |
| 10. | Altı il torpağınızı əkin və məhsulunu yığın. |
| 11. | Yeddinci il ona əl dəyməyin ki, xalqınızdan olan möhtaclar oradan yesin. Onlardan artıq qalanı isə çöl heyvanları yesin. Üzüm və zeytun bağlarınızda da belə hərəkət edin. |
| 12. | Altı gün işlərinizi görün, yeddinci gün isə istirahət edin ki, mal-qaranız və eşşəyiniz rahatlansın, evinizdə doğulan qullar və qəriblər də dincəlsin. |
| 13. | Mənim sizə söylədiyim hər şeyə riayət edin. Başqa allahların adını çəkməyin, qoy o adlar sizin ağzınızdan heç vaxt çıxmasın. |
| 14. | Mənə ildə üç dəfə bayram edin: |
| 15. | Mayasız Çörək bayramını qeyd edin. Mən sizə əmr etdiyim kimi Aviv ayında təyin olunmuş vaxt yeddi gün mayasız çörək yeyin. Çünki Misirdən o ayda çıxdınız. Heç kəs önümə əliboş gəlməsin. |
| 16. | Tarladakı əkinin nübarı ilə Biçin bayramını qeyd edin. İlin sonunda işinin bütün məhsulunu tarladan yığıb Yığım bayramını qeyd edin. |
| 17. | İldə üç dəfə sizin bütün kişiləriniz Sahibləri Rəbbin hüzuruna gəlsinlər. |
| 18. | Mənə gətirilən qurbanın qanını mayalı çörəklə təqdim etməyin. Bayram qurbanımın piyi səhərə qədər qalmasın. |
| 19. | Torpağın nübarının ilk hissəsini Allahınız Rəbbin məbədinə gətirin. Oğlağı anasının südündə bişirməyin. |
| 20. | Budur, Mən yolda sizi qorumaq və hazırladığım yerə gətirmək üçün qarşınızda bir Mələk göndərirəm. |
| 21. | Onun hüzurunda ehtiyatlı olun və səsinə qulaq asın. Ona qarşı üsyan qaldırmayın, O, itaətsizliyinizi bağışlamaz, çünki Mənim adım onun üzərindədir. |
| 22. | Əgər Onun səsinə qulaq asıb dediyimə əməl etsəniz, onda Mən sizin düşmənlərinizə düşmən, yağılarınıza isə yağı olacağam. |
| 23. | Mələyim qarşınızda gedəcək və sizi Emorluların, Xetlilərin, Perizlilərin, Kənanlıların, Xivlilərin və Yevusluların yanına gətirəcək; Mən onları silib atacağam. |
| 24. | Onların allahlarına səcdə etməyin, onlara ibadət etməyin və qaydalarına əməl etməyin. O allahları dağıdıb yox edin, onların daş sütunlarını parça-parça etməlisiniz. |
| 25. | Siz isə Allahınız Rəbbə xidmət edin, O da çörəyinizə və suyunuza bərəkət verəcək; sizin daxilinizdən xəstəliyi yox edəcəyəm. |
| 26. | Ölkənizdə nə uşaq salan, nə də sonsuz qadın olmayacaq. Ömrünüzü də uzun edəcəyəm. |
| 27. | Öz dəhşətimi qarşınızca göndərirəm. Sizin aralarına getdiyiniz bütün xalqlara qarışıqlıq salacağam və bütün düşmənlərinizin dönüb sizdən qaçmasına bais olacağam. |
| 28. | Eşşəkarısını da qarşınızca göndərəcəyəm, o da Xivliləri, Kənanlıları və Xetliləri önünüzdən qovacaq. |
| 29. | Lakin bir il ərzində onları önünüzdən qovmayacağam ki, ölkə viranə qalmasın və çöl heyvanları çoxalıb sizin üstünüzə daraşmasın. |
| 30. | Yavaş-yavaş onları önünüzdən o vaxtacan qovacağam ki, siz törəyib çoxalaraq ölkənin sahibi olacaqsınız. |
| 31. | Qırmızı dənizdən Filişt dənizinə qədər, səhradan Fərat çayına qədər sərhədlərinizi çəkəcəyəm. Ölkənin sakinlərini sizə təslim edəcəyəm, siz isə onları yanınızdan qovarsınız. |
| 32. | Nə onlarla, nə də allahları ilə əhd kəsin. |
| 33. | Qoymayın ki, onlar ölkənizdə yaşasınlar və sizin Mənə qarşı günah edərək onların allahlarına ibadət etməyinizə bais olsunlar. Bu sizə tələ olacaq». |
| ← Exodus (23/40) → |