← Exodus (22/40) → |
1. | Bir adam mal-qara yaxud qoyun-keçidən oğurlayıb kəsər yaxud satarsa, qoy o adam mal-qara əvəzinə beş heyvan, qoyun-keçi əvəzinə dörd heyvan verib zərəri ödəsin. |
2. | Əgər gecə oğru birinin evinə girərkən yaxalanıb öldürülsə, qoy qanı batsın. |
3. | Əgər hadisə gün doğandan sonra baş versə, qan tökən müqəssir sayılsın. Oğru zərəri ev yiyəsinə ödəməlidir. Əgər oğrunun zərəri ödəməyə gücü çatmırsa, qoy oğurluğuna görə özü satılsın. |
4. | Əgər oğurlanan mal-qara, eşşəklər ya qoyun-keçi oğrunun əlində diri tapılsa, qoy oğru zərəri ikiqat ödəsin. |
5. | Bir adam öz tarlasında yaxud üzüm bağında otardığı heyvanları başqa adamın tarlasına otlamağa buraxarsa, o adam öz tarlasının yaxud üzüm bağının ən yaxşı barından zərəri ödəsin. |
6. | Alışan od kollara düşüb dərz, əkin yaxud tarlanı məhv edərsə, yanğını yandıran adam zərəri ödəməlidir. |
7. | Bir adama saxlamağa verilən gümüş yaxud əşya onun evindən oğurlanarsa və oğru tapılarsa, zərəri ikiqat ödəsin. |
8. | Əgər oğru tapılmasa, evin sahibi Allahın hüzuruna yaxınlaşıb and içsin ki, başqa adamın əmanətinə xəyanət etməyib. |
9. | Hər hansı itmiş bir əşya – mal-qara, eşşək, qoyun-keçi, paltar barədə “bu mənimdir” deyən iki tərəfin mübahisəli işi Allahın hüzuruna gətirilməlidir; Allahın haqsız çıxardığı adam o birisinə zərəri ikiqat ödəməlidir. |
10. | Bir adama saxlamağa verilən başqa adamın eşşəyi, mal-qarası, qoyun-keçisi yaxud başqa bir heyvanı heç kəs görmədən ölər, yaralanar yaxud aparılarsa |
11. | bu adamlar arasında Rəbbin adına içilən and olsun ki, biri o birisinin əmanətinə xəyanət etməyib. Qoy heyvanın sahibi bunu qəbul etsin, ona zərəri ödəməsin. |
12. | Əgər heyvan həmin adamdan oğurlanıbsa, onu saxlayan adam zərəri sahibinə ödəsin. |
13. | Əgər heyvanı vəhşi heyvan parçalayıbsa, onu saxlayan adam parçalanan heyvanı sübut kimi sahibinə gətirsin, zərərini isə ödəməsin. |
14. | Bir adamın borc aldığı heyvan sahibinin yanında olmayanda yaralanar yaxud ölərsə, o adam zərəri ödəməlidir. |
15. | Əgər heyvanın sahibi yanındadırsa, zərər ödənməməlidir. Əgər heyvan muzdla tutulubsa, zərər muzd haqqına daxil edilir. |
16. | Bir adam nişanlı olmayan bakirə qızı tovlayıb onunla yaxınlıq edərsə, qıza görə başlıq verib onu özünə arvad etməlidir. |
17. | Əgər qızın atası onu o adama ərə verməyə qəti razı deyilsə, o adam bakirə qızların başlığına müvafiq məbləğdə pul ödəsin. |
18. | Cadugər qadın sağ qalmasın. |
19. | Heyvanlarla cinsi əlaqəyə girən hər kəs öldürülməlidir. |
20. | Rəbdən başqa digər allahlara qurban gətirən adam tamamilə məhv olunsun. |
21. | Qərib adama nə haqsızlıq, nə də zülm edin, çünki siz özünüz də Misir ölkəsində qərib idiniz. |
22. | Heç bir dul qadına və yetimə əziyyət verməyin. |
23. | Əgər bunlardan birinə əziyyət versəniz və o Mənə fəryad etsə, Mən hökmən fəryadını eşidəcəyəm. |
24. | Qəzəblənib sizi qılıncdan keçirəcəyəm. Arvadlarınız dul, uşaqlarınız isə yetim qalacaq. |
25. | Xalqıma, yanında yaşayan kasıba pul borc versəniz, onunla sələmçi kimi rəftar etməyin, üstünə sələm qoymayın. |
26. | Əgər başqasının paltarını girov alırsınızsa, gün batandan əvvəl ona girovu qaytarın. |
27. | Çünki bu paltar onun yeganə örtüyü və əyninin geyimidir. Bəs o adam yatanda nə ilə üstünü örtsün? O Mənə fəryad edəndə səsini eşidəcəyəm, çünki Mən lütfkaram. |
28. | Allaha küfr etmə və xalqın başçısına lənət etmə. |
29. | Öz məhsulunu və şirə təqdimlərini Mənə gətirməyini gecikdirmə. İlk oğullarını Mənə həsr et. |
30. | Mal-qaranın və qoyun-keçinin ilk balaları ilə də belə et: yeddi gün onları anaları ilə qoyub, səkkizinci gün Mənə həsr et. |
31. | Mənim üçün müqəddəs xalq olun. Məhz buna görə də vəhşi heyvanın çöldə parçaladığı heyvanın ətini yeməyin, onu itlərə atın. |
← Exodus (22/40) → |