← Exodus (21/40) → |
1. | Sən onların qarşısına bu hökmləri qoymalısan: |
2. | Sizdən biri İbrani qul alarsa, o qul altı il qulluq edib yeddinci il pulu ödəmədən azad olunsun. |
3. | Əgər qulun tək gəlib, qoy tək də getsin; yox, əgər arvadı vardısa, qoy arvadı ilə getsin. |
4. | Əgər qul sahibi quluna arvad veribsə və qulun arvadı oğlan yaxud qız doğubsa, arvadla uşaqları ağası üçün qalsın. Qul isə tək getsin. |
5. | Lakin qul təkidlə: “Ağamı, arvadımla uşaqlarımı sevirəm və azad olmaq istəmirəm” desə, |
6. | onda qoy qulun ağası onu məbədə – Allahın hüzuruna gətirsin. Qulunu qapıya yaxud qapının yan taxtasına söykəyib qulağını bizlə deşsin. Bu qul ağasına ömürlük qulluq etsin. |
7. | Bir adam qızını qarabaş olaraq satarsa, qız kişi qullar kimi azad olmasın. |
8. | Əgər o qız onu özü üçün təyin edən ağasının gözündə pis görünərsə, ağası qızın ödənmə pulunu qəbul edib onu azad etsin; o ağanın qızı yadellilərə satmağa ixtiyarı yoxdur, çünki o qızla xaincəsinə rəftar etdi. |
9. | Əgər ağa onu oğlu üçün təyin edibsə, onunla adətə görə öz qızı kimi rəftar etməlidir. |
10. | Əgər o adam ikinci arvad alırsa, birinci arvadını yemək və paltar təminatından və arvadlıq hüququndan məhrum etməsin. |
11. | Əgər əri bu üç haqqı qadına vermirsə, qoy bu qadın heç nə ödəmədən azad edilsin. |
12. | Adam vurub öldürən şəxs öldürülməlidir. |
13. | Lakin o şəxs öldürmək qəsdində olmasa və ölüm Mənim iznimlə olsa, o zaman onun üçün bir yer təyin edərəm ki, oraya pənah gətirsin. |
14. | Bir adam başqa adamı qəsdən hiylə ilə öldürsə, o adamı hətta Mənim qurbangahımdan götür ki, öldürülsün. |
15. | Atasını yaxud anasını döyən adam öldürülməlidir. |
16. | İnsan oğurlayıb satan yaxud saxlayan adam öldürülməlidir. |
17. | Atasını yaxud anasını söyən adam öldürülməlidir. |
18. | Adamlar münaqişə edəndə başqa adamın daşla yaxud yumruqla vurduğu bir adam ölməyib yatağa düşərsə və |
19. | sonra yataqdan qalxıb əl ağacı ilə bayırda gəzərsə, onu vuran adam cəzasız qalsın və yatdığı müddətin əvəzini ödəsin, sağalana qədər ona qayğı göstərsin. |
20. | Bir adamın dəyənəklə vurduğu qulu yaxud qarabaşı zərbədən ölərsə, o adam cəzalandırılmalıdır. |
21. | Əgər qul yaxud qarabaş bir-iki gün ərzində ölməsə, ağa cəzalandırılmasın; çünki qul yaxud qarabaş ağanın əmlakıdır. |
22. | Adamlar dalaşanda bir hamilə qadın ona dəyən zərbədən uşaq salarsa və başqa ziyan ona dəyməsə, o qadının ərinin tələbi ilə təqsirkar adam hakimlərin təyin etdiyi məbləğdə cərimə ödəməlidir. |
23. | Əgər qadına ziyan dəyibsə, təqsirkar adam can əvəzinə can, |
24. | göz əvəzinə göz, diş əvəzinə diş, əl əvəzinə əl, ayaq əvəzinə ayaq, |
25. | yanıq əvəzinə yanıq, yara əvəzinə yara, zədə əvəzinə zədə ödəsin. |
26. | Ağa qulunun yaxud kənizinin gözünə vurub onu kor edərsə, gözün əvəzinə onu azad etsin. |
27. | Əgər ağa qulunun yaxud kənizinin dişini sındırsa, dişin əvəzinə qulunu azad etsin. |
28. | Mal-qaradan olan heyvan kişini yaxud qadını buynuzla vurub öldürərsə, heyvan daşqalaq edilsin; onun əti yeyilməsin, heyvan sahibi isə günahsız sayılsın. |
29. | Lakin əgər heyvan o vaxta qədər vurağan olub, sahibi isə bundan xəbərdar edilsə də, onun qarşısını almasa və nəticədə heyvan kişini yaxud qadını öldürərsə, heyvan daşqalaq edilsin, sahibi isə öldürülsün. |
30. | Əgər heyvanın sahibindən ödənmə pulu istənilirsə, o istənilən pulun məbləğini ödəyib canının əvəzini ödəyə bilər. |
31. | Oğlanı ya qızı buynuzlayan heyvana qarşı eyni hökm işlənsin. |
32. | Əgər heyvan qulu ya kənizi buynuzu ilə vursa, ağasına otuz şekel gümüş verilsin, heyvan isə daşqalaq olsun. |
33. | Bir adam quyunu açıb ya da qazdığı quyunun üstünü örtməsə və ora mal-qara yaxud eşşək düşsə, |
34. | quyunun sahibi zərəri ödəsin; heyvanın dəyərini sahibinə versin, ölən heyvan isə o adama qalsın. |
35. | Bir adamın mal-qarası başqasının mal-qarasını vurub öldürsə, sahiblər həm sağ qalan heyvanı satıb dəyərini yarı bölməli, həm də ölü heyvanı yarı bölməlidirlər. |
36. | Amma heyvanın o vaxta qədər vurağan olduğu məlum olanda onun qarşısını almayan sahibi heyvanın əvəzinə heyvan verib zərəri ödəsin; ölən heyvan isə ona qalmalıdır. |
← Exodus (21/40) → |