← Exodus (20/40) → |
1. | Allah bütün bu sözləri belə söylədi: |
2. | «Səni Misir torpağından, köləlik diyarından çıxaran Allahın Rəbb Mənəm. |
3. | Məndən başqa allahların olmasın. |
4. | Özün üçün heç bir oyma büt, nə yuxarıda – səmada və ya aşağıda – yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə. |
5. | Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən, sənin Allahın Rəbb, qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm. |
6. | Məni sevib əmrlərimə əməl edənlərin isə minlərlə nəslinə məhəbbət göstərərəm. |
7. | Allahın Rəbbin adını boş yerə dilinə gətirmə, çünki Rəbb Öz adını boş yerə dilinə gətirəni cəzasız qoymaz. |
8. | Şənbə gününü yadda saxlayıb təqdis et. |
9. | Altı gün çalışıb bütün işlərini gör. |
10. | Lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qarabaşın, heyvanların, yanında qalan yadelli də heç bir iş görməsin. |
11. | Çünki altı gün ərzində Rəbb göyləri və yeri, dənizi və kainatdakı hər şeyi yaratdı, yeddinci gün isə istirahət etdi. Bunun üçün Rəbb Şənbə gününə bərəkət verib onu müqəddəs saydı. |
12. | Ata-anana hörmət et ki, Allahın Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun. |
13. | Qətl etmə. |
14. | Zina etmə. |
15. | Oğurluq etmə. |
16. | Heç kimə qarşı yalandan şahidlik etmə. |
17. | Heç kimin evinə tamah salma. Heç kimin arvadına, quluna, qarabaşına, öküzünə, eşşəyinə – heç bir şeyinə tamah salma». |
18. | Bütün xalq göy gurultusunu, şimşəkləri, şeypur səsini, dağın tüstülənməsini eşidib görəndə qorxub sarsıldı və uzaqda durdu. |
19. | Musaya dedilər: «Sən bizimlə danış, biz də eşidək. Qoy Allah bizimlə danışmasın, yoxsa ölərik». |
20. | Musa xalqa dedi: «Qorxmayın, Allah ona görə gəlib ki, sizi sınağa çəksin və siz günah etməmək üçün Onun qorxusu qarşınızda olsun». |
21. | Xalq uzaqda duranda Musa orada Allahın olduğu qatı qaranlığa yaxınlaşdı. |
22. | Rəbb Musaya dedi: «İsrail övladlarına belə de: “Siz gördünüz ki, Mən sizinlə göylərdən danışdım. |
23. | Özünüz üçün nə qızıldan, nə də gümüşdən Mənə şərik olan allahlar düzəltməyin. |
24. | Mənim üçün torpaqdan qurbangah düzəldib yandırma və ünsiyyət qurbanları olaraq öz qoyun-keçi və mal-qaranı onun üstündə qurban gətir. Adım çəkilən hər yerdə yanına gəlib sənə bərəkət verəcəyəm. |
25. | Əgər mənim üçün daşdan qurbangah düzəltsən, yonma daşdan tikmə, çünki onun üzərində alətlə işləsən, onu murdar edərsən. |
26. | Ayıbın açılmamaq üçün Mənim qurbangahıma pilləkənlə çıxma”. |
← Exodus (20/40) → |